03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Kərbəla hadisəsinin qəhrəman müdafiəçisi - İmam Səccad (ə)
11.04.2019

İmam Zeynəlabidinin dualarında gözə çarpan ilk mövzu cəmiyyətin rəhbərliyində Əhli-Beytin imamət və haqqaniyyətidir.

İmam Səccad atası İmam Hüseynin şəhadətindən sonra müsəlmanların imamət və vilayətini öhdəsinə götürdü.

İmam Baqirdən nəql edilir: “Atam namaza zəif bir kəndir kimi böyük Allah qarşısında dayanardı. Bədəninin üzvləri Allah qorxusundan titrəyərdi. Sanki axırıncı namazını qılan insan kimi namaz qılardı”.

Məsum imamlar sözün əsl mənasında bizim üçün Qiyamət gününə qədər nümunə və ülgüdürlər. Biz müsəlmanların üzərinə düşən odur ki, onların rəftar və əxlaqına əməl etməklə öz vəzifəmizə riayət edə bilək.

O zaman Kufə şəhəri Əhli-Beyt davamçılarının toplaşdıqları şəhər idi, ona görə də onları məhv etmək əsas hədəf idi. İmam Hüseynin həqiqi şiələri Kərbəlada şəhid oldular. Sağ qalanlar isə İbni Ziyadın yaratdığı ağır şəraitdə özlərini göstərə bilmirdilər. Onlar Kərbəla hadisəsindən sonra ağır ruhi və fikri bir dönəmdə idilər. Düşmənlər belə xəyal edirdilər ki, Aşura hadisəsindən sonra daha heç bir Əhli-Beyt davamçısı və onların rəhbərləri qüdrət əldə edə bilməyəcəklər. Ancaq bu batil bir xəyal idi, İmam Səccad çoxlu səylər nəticəsində Əhli-Beyt davamçılarına yeni həyat bəxş etdi. İmam Baqirin və İmam Sadiqin zamanında həqiqi həyat üçün zəminə hazırladı.

İmam Səccad 34 il ərzində müsəlmanlara rəhbərlik etdi və onları ağır şəraitlərdən qurtara bildi. Bu dövrlərdə çox sayda fitnələr, təhriflər, batil qiyamlar baş vermiş və çox sayda Əhli-Beyt davamçısı qətlə yetirilmişdi.

İmam Səccad Mədinə şəhərinə daxil olanda gördü ki, Kərbəla hadisəsi insanlara çox pis təsir etmişdir. Belə ki, bəziləri güman edirdilər ki, Əhli-Beyt davamçıları bir daha elm iddiasında ola bilməyəcəklər və onların işi sona çatmışdır. Ya da ən azı idarə məsələlərində və siyasi aləmdə bir iş görə bilməyəcəklər.

Əlbəttə, bu, düz idi ki, müsəlman cəmiyyətinin Kərbəla hadisəsindən sonra Əməvilər ilə vuruşmağa kifayət qədər gücü yox idi. Ancaq onlar başa düşdülər ki, Əməvilər öz dünya istəklərinə çatmaq və müsəlmanlara rəhbərlik etmək üçün heç bir cinayəti törətməkdən çəkinmirdilər. Ona görə də dördüncü imam müsəlmanların mənəvi və ruhi tərbiyəsi ilə məşğul olmuşdu.

İmam Səccadın dövründə bir neçə qiyam baş vermişdi. Əhli-Beyt davamçıları məsum imamların məzlumiyyətini müdafiə etmişdilər.
Bu qiyamlardan biri də Təvvabinlərin qiyamıdır. Kufə camaatı Süleyman ibni Xəzayinin rəhbərliyi altında bir neçə min döyüşçü ilə bu qiyamda iştirak etmişdi. Deyilənə görə onlar məsum imamın vilayətini qəbul edirdilər, ancaq qələbə çalsaydılar, görəsən rəhbərliyi İmam Səccada verəcəkdilərmi?

Bu qiyam Kərbəla hadisəsindən sonra gizli şəkildə başladılmışdı. Ancaq 64 və 65-ci illərdə öz pik nöqtəsinə çatdı. İbni Ziyad üçün təhlükəli idi. Onlar deyirdilər ki, biz İmam Hüseyni öldürməyimizə görə çox peşmanıq. Öz qana batmış ətəklərini paklamaq üçün qılınca əl atırdılar. Onlar vicdan əzabı çəkirdilər. Vicdanlarını sakitləşdirmək üçün vuruşmaq istəyirdilər. Onlar fəryad çəkirdilər ki, biz bu dünyadakı həyatımızdan bezarıq. Onlar Əməvilərlə vuruşda məğlub oldular və şəhid edildilər.

Təvvabinlərdən sonra Kufədə Muxtar ibni Səqəfi qiyama başlayır. Hədəf daha çox siyasi olsa da, ancaq Əməvi rejimini məhv etmək üçün mühüm rola malik idi. O, fikirləşirdi ki, əgər qələbə çalarsa, hakimiyyəti Əli ibni Hüseynə versin. Ona görə də dördüncü imama məktub yazaraq icazə istəyir, ancaq o, imtina edir. İmam Səccad ölkədəki şəraiti buna hazır görmürdü. Muxtar Muhəmməd ibni Hənəfiyə məktub yazır, ancaq o, mənfi cavab vermir. Muxtar qiyama hazırlaşır. O, əvvəl qoşun toplayır, ilk olaraq İbni Ziyadı və Ömər Sədi qətlə yetirir, onların başını İmam Səccadın yanına göndərir və imam da şükür səcdəsi edərək buyurur: “Allah Muxtara xeyirli əcr versin”.

Ancaq onun qiyamı az bir müddət davam gətirə bildi və 67-ci ildə Zubeyrin oğlu tərəfindən məhv edildi.

Muxtar Əhli-Beyt davamçıları üçün xidmət göstərdi, ancaq insanları əsl düşməndən qafil etmişdi. Buna görə də imamlar onu məzəmmət etmişdilər.

Abdullah ibni Hənzəlinin başçılığı ilə də kiçik bir qiyam baş vermişdi. Ancaq imam bitərəfliyini bildirmiş və Mədinədən xaric olmuşdu. Qan tökülməsin deyə bir neçəsinə pənah yeri də vermişdi.

İmam görürdü ki, insanlar qiyama qalxan zaman qətlə yetirilirlər. Bu da dinin əsasının aradan getməsinə gətirib çıxarırdı. Peyğəmbər (s) nəslindən tək qalan məsum olduğu üçün bu işdən çəkinirdi. Onu İslamın xeyrinə görmürdü. Onun əsas hədəfi fədakar və agah, İslam maarifini və dini əhkamları bilən insanların tərbiyə edilməsi idi. Çünki belə insanların hesabına İslami dəyərlər yaşaya bilərdi.

/Abna/