21 Noyabr 2024 - 21
Biz bilirik ki, Yezid öz həyatı dövründə, xəlifəliyi dövründə atasından sonra təxminən 3 il 6 aya yaxın hökumətdə olmuşdur. O hicrətin 64-cü ilində ölüb. Bilirik ki, Kərbəla vaqiəsi də hicrətin 61-ci ilində baş verib. Ümumiyyətlə Yezidin barəsində tarixdə müxtəlif yanaşmalar var. Bəzi tarixçilər var ki, onun məqamını qaldırmaq, doğrudan da müsəlmanların xəlifəsi kimi təqdim etmək istəyiblər. Və biz də bilirik ki, İmam Hüseynin zamanında yeni hakimiyyətə keçmiş Yezid həmən 3 illik hakimiyyəti dövründə tarixdə ən böyük cinayətləri işləmişdir. Onun barəsində ən gözəl kəlmələrdən birini İmam Hüseyn (ə) buyurub: "Yezid açıq günahlarda məşhur olan biridir"
İmam burada onun kimliyini açıq-aşkar ortaya qoymuşdur. Və doğrudan da tarix yazır ki, Mədinə əhalisinin ona qarşı çıxmağının səbəbi o oldu ki, onlar Mədinə valisindən Yezidə şikayət etmək üçün gedərkən onun meymunla oynamağını, itinin üzərindəki qızılı bəzəkləri, şərab içdiyini və bu kimi açıq günahlar etdiyini gördülər. Və həmən insanlar öz beyətlərini Yezidən götürmüşlər.
Yezid 3 illik xilafəti dövründə birici İmam Hüseyni şəhid etdi. İkinci Mədinə şəhərinə hücum edib talan etdi və orada olan hər şeyi, hər kəsi əsgərlərinə 3 günlük halal etdi. Hətta tarixdə vardır ki, 1 ildən sonra minə yaxın qadın atası bilinməyən övlad dünyaya gətirmişdi.
Üçüncü isə Məkkə şəhərinə hücum etməsi və mancanaqlarla məkkəni yandırıb, dağıtma cinayəti oldu. Və şəxsi ideologiyasına əsasən, Məkkənin onun üçün müqəddəs bir anlama gəlmədiyini göstərir.
İlham Abbasov