23 Noyabr 2024 - 23
Aşurada nənəm bizi Bakının Göy Məscidə aparardı. Məscidin qabağında partiya nəzarəti, komsomol nəzarəti, milis, dtk, azyaşlı uşaqlarla iş üzrə rayon komissiyası və sonra “aktivistlər”- könüllü köməkçilər iki-iki, üç-üç dayanırdılar, bəzən gələnlərin fotoşəklini çəkirdilər, videoyazılar aparırdılar. O zaman milli ənənələrimizdən biri kimi qəbul etdiyimiz (və bu əslində də beləymiş) Aşura əzadarlığına görə təqiblər bizdə daxili etiraz oyadırdı. Buna görə komsomol olarkən də Aşurada məscidlərə gedirdik. Kommunist Aşurada məscidə getsəydi, Mərkəzi Komitəyə siqnal gedirdi, “Kommunist “Məmmədov” dünən filan məsciddə Aşurada olub. Tədbir alın, məruzə edin”. Qəzetdə verirdilər ki, “filan rayon partiya təşkilatında kommunistlərlə ideoloji işlər zəif aparılır. Rayon təşkilat üzvlərində keçmişin qalıqları ilə mübarizədə hələ tam qələbə qazanılmayıb.
Kommunist …” və tənqidlər. Daha ciddi təzyiqlər dövrü də olmuşdu. Bir müddət Aşuranın keçirilməsini qadağan etmişdilər. Qadağa dövründə cənub rayonlardan birində bir inanclı kişinin oğlu rəhmətə getmişdi. Kişi əllərini göyə qaldırıb ki, “Şükür, bir qoçumu apardın, amma Aşuraya yığışmağa bir bəhanə verdin.” Məhərrəmlik ayında hətta içki içən, qumar oynayan günahı günah bilib, içki içməz, qumar oynamazdılar.
Beləliklə, kommunist basqısı altında, Bakının yarısının rus, erməni, yəhudi olduğu şəraitdə Aşura və Məhərrəmlik saxlanıldı, yaşandı, azad dövrümüzə çatdırıldı.
Yeni milli özünüdərketmə prosesi dövründə bir çox dəyərlərimiz kimi Aşura adətimiz də yenidən reviziya olunmaqdadı. Bu gün bu iş özbaşına buraxıldığından, proses kortəbii gedir və bir çox hallarda daxili və xarici məqsədli mənfi təsirlərə uğrayır.
Bəziləri Kərbəlaya məzhəbçilik gözü ilə baxırlar. Halbuki, İmam Hüseynin Qiyamı və Şəhadəti müsəlmanların ortaq dəyəridi. Kərbəla hadisəsi zamanı məzhəblər hələ yaranmamışdı. Məzhəblər bir neçə yüz il sonra yaranmağa başladılar. Ona görə Kərbəladan müsəlmanlararası ayrıcılıq və məzhəb qarşıdurması üçün istifadə etmək nonsensdi.
Bəziləri Kərbəla hadisəsinin özünə, mahiyyətinə varmadan, milli kodlarımızda tutduğu yeri anlamadan (yaxud anlayaraq, ancaq qəsdən), Kərbəla matəminin ərəb- fars əzadarlığı şəklində keçirilməsini əsas gətirərək, “inqlabi” ruhla Aşuranı milli dəyərlərimizə zidd elan edir və rədd edirlər. Hadisəni matəm kimi qeyd edənlərin fars əzadarlığına təqlidinə gəlincə, İslamı qəbul etmiş xalqların islamdanqabaqkı mədəniyyətləri və inancları islama da təsir etdi. Bu təsir həm zahirdə- ənənələrdə, həm daxildə- islam dünyagörüşündə öz izini qoydu, yerli islamı şəkilləndirmədə müəyyən rol oynadı. Bu da təbiidi. Azərbaycanın da öz islamdanqabaqkı matəm mədəniyəti və ənənələri olub və biz kimsəyə təqlid etmək zorunda deyilik.
Lakin məsələnin zahirini əsas götürən və Kərbəlanın bizə lazımsız olduğunu, xarici siyasi təsir potensialına görə ehtiyatlanıb, Kərbəlanı milli yaddaşdan silə biləcəklərinə inananların diqqətinə çatdırmaq istəyirəm ki, sosiologiyanın banisi G. Lebon elmi əsərlərində əsaslandırıb ki, bir dəyərin milli ruhda kök salması, millətin xasiyyətində və dünyagörüşündə sabit yer alması üçün xalq, toplum 1000-1300 il bir istiqamətdə iradəli hərəkət etməlidi. Kərbəla müsibəti millətimizin mədəniyyətində, ədəbiyyatında, əxlaqında və dünyagörüşündə dərin kök salıb və onu kodlardan çıxarmaq istəyən bilməlidi ki, bunun əksinə bir o qədər də zaman davamlı, ardıcıl hərəkət etməli olacaq. Yəni xalqımızın Aşura adəti ilə düşmənçilik bizə təfriqədən, bölücülükdən, milli mədəniyyət və köklərimizdən ayrılmaqdan başqa heçnə verməyəcək. Aşuradan imtina ilə yaranmış boşluğu bəlli və naməlum ideologiyalar və ideyalar dolduracaq. Necə ki, gözümüzün qarşısında vəhhabilik Çeçenistanda ənənəvi teyp(tayfa) quruluşuna uyğunlaşmış sünniliyin şafei məzhəbinə qarşı çıxdı, yerinə qan və iztirab gətirdi, ancaq xalqın tamam əksəriyyəti ənənəvi inancında qaldı. Xalqın inancları üzərindən eksperimentlər aparmaqdansa, daha doğru olmazmı ki, Kərbəla hadisəsinin əsl, ümumbəşəri mahiyyətini açaq və milli-dini dünyagörüşümüzü və ənənələrimizi xurafatdan təmizləyək, xarici siyasi təsirlərə qarşı imunitet yaradaq?
Kərbəla qətliamı millətə 18-ci ilin, 92-ci ilin qətliamlarını unutdurmur, onların səbəblərini daha dərindən anlamağa yardım edir. Kərbəla şəhidləri üçün matəm edib, Xocalı qurbanlarını ildə bir gün yad etməyimiz də, gözümüzün qarşısında qazilərimizin özünə od vurub yandırmalarına biganə qalmamız da, Kərbəlanı bilmədiyimizdən, onu ruhsuz ayinə döndərməyimizdəndi.
Aşuranın tarixi Kərbəladan başlamır. Tövratda, İncildə və Quranda peyğəmbərlərin və xalqların həyatı üzərindən Allah insan və bəşəriyatın inkişafında mühüm əhəmiyətli, ortaq simvolik hadisələr haqqında bildirir. Bunlar, Adəmin (ə) tövbəsi və bağışlanması, Nuhun (ə) Tufanı və dağa-torpağa düşməsi, İbrahimin (ə) oda atılması, Musa(a)-ın rəhbərliyi ilə İsrail oğularanın firon zülmündən xilası və bu kimi hadisələrdi. Yəhudilərin və müsəlmanların inancına görə bu, xüsusi əhəməyitli hadisələrdən bir sırası məhz Məhərrəm ayının ilk ongünlüyündə(aşurasında, dekadasında) baş verib. Yəhudilər Aşuranın müəyyən iki günündə, müsəlmanlar isə üç gün oruc tuturlar, ehsanlarda bulunurlar. Kərbəla hadisəsi də 7-10 Məhərrəm hicri 61-ci ildə baş vermişdi.
Hadisənin faktiki konteksti iki aşkar yolun- haqqın və zülmün- əzəli və əbədi mübarizəsinin kulminasiyasıdı.
Müaviyə həyatını başa vurarkən hakimiyyəti oğlu Yezidə ötürür. Ötürərkən, ona deyir ki, “sən bütün İslam coğrafiyasından beyət ala bilərsən, dörd nəfərdən başqa. Bunlar Əbu-Bəkrin oğlu Əbdürrəhman, Osmanın oğlu Abdullah, Zubeyrin oğlu Abdullah və Əli ibn Talibin oğlu Hüseyndi”.
Müaviyə öləndən sonra Yezid bu dörd nəfərdən özünə beyət istəyir. Bu məsələ cərəyan edən zaman Əbdürrəhman ibn Əbu-Bəkr dünyasını dəyişir. O, 4 nəfərdən ən yaşlısı olur. Abdullah ibn Ömər evinə çəkilir. Yezid ona dəymir çünki yaxın qəbilələrdən idilər. Abdullah ibn Zubeyr gedir Məkkəyə. Hz. Hüseyn də beyətdən imtina edərək və gedir Məkkəyə, Kəbəni ziyarət etməyə. Lakin ziyarətini yarımçıq qoyur, çünki ona xəbər gəlir ki, Yezid muzdlu qatillər göndərib. Beytullahda qan tökülməsin deyə, İmam Məkkəni tərk edir və Küfəyə, qiyama başçılıq etməyə yola düşür.
Küfədə gözlənilən qiyamın qarşısını almaq üçün Yezidin təyin etdiyi Küfə valisi İbn Ziyad qiyam təşkilatçılarını həbs edir və qətlə yetirir, qiyamı başlamamış boğur. Təşkilatçılarsız qalmış Küfə qiyamı baş tutmur. Küfə qiyamçılarının həbsi xəbəri İmam Hüseynə, karvanı artıq Kərbəla deyilən yerdə olarkən çatmışdı. Yezid ordusu tərəfindən mühasirəyə alınmış Hz. Hüseynə bir daha beyət tələbini göndərir. İmam Hüseyn Yezidin göndərdiyi ibn Sədə cavab verir ki, Yezidə de: "Mənim kimilər onun kimilərə heç vaxt beyət etməyəcək”.
İmam Hüseynlə olan Əhli-beyt mənsubları, o cümlədən körpə uşaqlar, səhabələr və İmamın tərəfinə keçmiş, onu mühasirəyə alan ordu komandanı Açura günü şəhid olurlar. Sonda meydanda tək döyüşərək, İmam Hüseyn (57 yaşında) şəhid olur.
Kərbəlanın bir neçə daim aktual məqamı var. İki yolun, nur və qaranlıq yollarının əzəli və əbədi mübarizəsi. Bu yollar Adəmdən və təkəbbürünə görə şeytan olmuş İblisdən başlayır, hz. Adəmin (ə) oğlanları Habil və Qabillə davam edən yollardır. İnsan mövqeyinə görə daim bu yolların ya birində yer alır.
İkinci mühüm məqam, əks tərəflərin əqidəsi, əxlaqı və davranışlarıdır. Üçüncü, xalq kütlələrinin mövqeyi və davranışları. Dördüncü, zülmə baş əyilməməsi dərsi. Beşinci, zəmanənin yezidlərini və hüseynlərini tanımaq, yezidə beyət etməmək, ona rəğbət bəsləməməkdi.
Həyatımızdakı zülm və ədalətsizlikləri Kərbəla üzərindən oxuyanda, hansı yolda, mövqedə olduğunu insan daha doğru və dəqiq anlayır. Nəhayət, Kərbəla hadisəsində şəhadətin izzəti və İmam Hüseynin İslamın mübariz ruhunu yaşadan böyük missiyası var.
Kərbəla hadisəsində Yeziddə gördüyümüz hakimiyyətpərəstlik, Ömər ibn Səddə və ibn Ziyadda vəzifə və mənafepərəstlik, xalqda gördüyümüz zillət, gücə boyun əymə (Küfəyə yola çıxarkən Hz. Hüseyni yolda görmüş bir ərəb şairi deyir, “Ya Hüseyn getmə Küfəyə! Vallahi, küfəlilərin ürəyi səninlə, lakin qılıncları Yezidlədi”), zahirdə gücün tərəfində mövqe tutma, o biri tərəfdə isə məzlumun çarəsizliyi, doğru əqidə uğrunda mücadilə bu gün yoxdurmu?
Haqqpərəstlik hər insanda fitrətən(potensial olaraq) var. Bu baxımdan haqq və insani ləyaqət məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda zülmə baş əyməmək, hər gün, harada olsaq haqqın tərəfində mövqe tutmaq və mübarizə aparmaq, çünki zaman elə o zamandı, Yezid elə həmin Yeziddi, onlar İmam Hüseynin adını, onun məktəbini unutdurmaq istədikcə biz gərək bu məktəbi yaşadıb, qoruyub saxlayaq, çünkü İmam Hüseyn tərəfdarları heç vaxt zalıma beyət etməyəcək, onun adı və məktəbi yaşadıqca!
Nazim Bayram