21 Noyabr 2024 - 21
Tarix yazır ki, həzrət ətrafı yoxladıqdan sonra xeymələrə tərəf qayıdıb bacısının xeyməsinə girir. Nafe deyir: “Mən xeymənin çölündə durmuşdum. Eşitdim ki, Zeynəb imama belə deyirdi: "Qardaşım dostlarını sınamısanmı? Olmaya çətinlikdə səni tək qoyalar? Həzrət, Xanım Zeynəbin cavabında belə buyurdu: "Allaha and olsun, onları sınadım, onlar hamısı şücaətli, dilavər və möhkəmdirlər. Onların mənim yolumda ölümə olan həvəsləri südəmər uşağın öz anasının sinəsinə olan həvəsi kimidir".
Nafe deyir: Bu söhbəti eşitdim və ağlamaq boğazımı tutdu. Həbib ibni Məzahirin yanına gəlib eşitdiyimi ona söylədim.
Həbib dedi: And olsun Allaha, əgər imamın hücum fərmanını gözləməsəydik elə bu gecə düşmənə hücum edərdik.
Nafe deyir: Həbibə təklif etdim ki, indi imam bacısı Zeynəbin xeyməsindədir. Bəlkə qadın və uşaqlar da oradadırlar. Yaxşı olar ki, sən bir az adam götürüb onların xeyməsinə get və öz vəfadarlığınızı bildir ki, onlar da rahat və arxayın olsunlar.
Həbib uca səslə imamın dostlarını səslədi. Hamısı xeymələrdən çıxdılar. Həbib Bəni-haşimdən olanları xeymələrə qaytarıb, əhvalatı danışdı. Bütün səhabələr öz hazırlıqlarını elan etdilər. Həbib dedi: Gəlin, xanımların xeyməsinə gedib, onları arxayın edək. Xeymələrə çatanda isə, Həbib Bəni-haşim qadınlarına xitabən dedi: "Ey Peyğəmbər qızları və ey Allah Rəsulunun hərəmi! Bunlar sizin fədakar cavanlarınız, bu da onların parıldayan qılınclarıdır. Hamısı and içiblər ki, bu qılınclar sizin düşmənlərinizin boynundan başqa qına salmasınlar. Bu iti və uca nizələr də sizin qullarınızın ixtiyarındadır. Onlar da and içiblər ki, onları sizin düşmənlərinizdən başqa bir yerə sancmasınlar".
Bu vaxt hərəm xanımlarından biri onlara cavab verdi: “Ey pak və mərd insanlar! Peyğəmbər qızlarını və Əmirəl-möminin ailəsinin qadınlarını müdafiə edin".
Bu söz səhabələrin qulağına dəyən kimi hamısı uca səslə ağlayıb, hərəsi öz xeymələrinə qayıtdılar. Zeynəb imam Hüseynin (ə) dostları barəsində ona verdiyi arxayınlığı Aşura günü müşahidə etdi. Zeynəb gördü ki, onlar öz imamlarının qarşısında şəhid olmaq üçün birbirindən qabağa düşmək üçün çalışırdılar. Gördü nə qədər ki, onların bir nəfəri belə sağdı, qardaşına heç bir zərər dəymir və gördü ki, yarım gün ərzində Əhli-beyt və şiə məzlumiyyəti tarixinin əsla unudulmayacaq qanlı səhifəsi yaşandı.
Məhəmməd İştihardi