23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Sülhdən Kərbəlaya imamət məktəbi
06.05.2019

Bizim, tarixi yazılarda İmam Həsənin (ə) sülhünün və İmam Hüseynin (ə) qiyamının səbəbləri haqqında söylənilən müxtəlif nəzərlər haqqında az da olsa xəbərmiz var. O, yazılarda qeyd olunduğu kimi tarixdə sülhə səbəb olan ən başlıca amillərdən biri olaraq Müaviyə, Əmr As, bunların birgə yürütdükləri çirkin siyasət, İmam Həsənin (ə) qoşununda olan ayri seçkilik, bəzi sərkərdələrin satılması, xəyanəti, o zamanda İslam dünyasını təhdid edən problemlər nəzərdə tutulmuş olur. Eyni zamanda İmam Hüseyn (ə) qiyamında buna oxşar amillərdən Yezidin siyası ictimai siması, İbn Ziyad, Küfəlilər, İmam Hüseynin (ə) zaman təhlilini nümunə əsas amillər kimi vurğulanmaqdadır. Yuxarıda adı çəkilən amilləri Sülhdən Kərbalaya uzanan yol adlı ssenarinin səhnədə görünən tərəfləri kimi qiymətləndirmək olar. Bəli bu amillər o zamanda olduğu kimi dövrümüzdə də danılmaz bir həqiqətdir. Ancaq bu iki önəmli hadisə haqqında azca da olsa fikirləşən zaman yuxarıda qeyd olunan amillərin yetərsizliyi ilə üz-üzə qaldığını görürsən. Buna görə də sülh və Kərbala qiyamı bizlərdən bir daha bu iki önəmli hadisəyə müxtəlif prizmalardan baxmağı tələb edir. Daha da dolğun desək, söylənilən amillərin yetərsizliyi bizləri bu iki mühüm hadisə haqqinda dərindən düşünməyə və dəqiq araşdırmağmızı vadar edir. Fikirləşirsən, düşünürsən, məlum olan detalları yan-yana qoyursan amma yenədə bəzi detalların çatışmamazlığını gördüyün zaman insanı düşündürən suallarla üz-üzə qalırıq.

Görəsən bu iki önəmli ssnarinin pərdəarxası amilləri vardırmı, əgər varsa hansılardır?

Amil və ya önəmli səbəblər dedikdə bu məqalədə nəzərdə tutulan iki hadisə haqqında fərqləndirici əsas iki amilə toxunulacaq. Bu səbəblərə görə həm ərəbləri bir ərəb olaraq və eyni zamanda müsəlman olaraq görmək məcburiyyətindəyik.

Düzünü desək ərəblər Səqifə hadisəsi ilə bir daha sübut etdilər ki, milli maraq və mənafelərinə uyğun olmayan hər hansı qanunlaşmanın altına girməyəcəklər. Yüz illər boyunca Mülükt-tavaif (xırda yerli idarə etmə sistemi - qəbilə sistemi) sistemi ilə idarə olunan bir yarımadada mərkəzləşmiş bir dövlətin uzun yaşaması ciddi sual doğuran məsələ idi. Buna görə də İslam Peyğəmbərinin (s) ruhu bədənindən ayrılan kimi, ərəblər öz peyğəmbərlərinin (s) evinə yox Səqifəyə tələsdilər. Mümkündü bu hadisənin tarixdə bir səhv olmasını düşünənlər tapılsın. Amma, əgər ərəb və onun fərdi düşüncə tərzini nəzərə alsaq, Səqifəni danılmaz və qaçılması mümkün olmayan acı bir həqiqət kimi qəbul etməliyik. Çünki buna oxşar hadisələr tarix boyu dəfələrlə müsəlmanlar tərəfindən təkrarlandı və artıq müsəlmanlar tərəfindən İslami etiqad bir dəyər kimi qiymətləndirildi. Əgər belə olmasaydı Müaviyə xəlifə kimi tanınmazdı və eyni zamanda Yezidə də müsəlmanların gələcək xəlifəsi kimi beyət olunmazdı. Ərəblərin bu cür düşüncə tərzi demək olar Müaviyənin ölümü və Yezidin taxta oturaraq İmam Hüseyndən (ə) beyət alınana qədər davam etdi.

Hətta bu düşüncə sahibləri o yerə çatdılar ki, öz rəhbərləri olan İmam Həsəni (ə) əli bağlı Müaviyəyə təhvil verməyə belə hazır idilər. Bu da İmamın (ə) sülhə razılıq verməyinə səbəb olan başlıca proseslərdən biri idi.

İkinci amil, yenə də ərəblərin Müaviyə tərəfdən məhvə doğru sürüklənmələrindən xəbərsiz olmamaları idi. İmam Həsənin (ə) dövründə yaşayan müsəlmanların əksəriyyəti elə düşünürdü ki, Müaviyənin varlığı fərdi bir təhdiddir. Yəni bir gələr onunda xilafətinin sonu çatar və ərəb ya müsəlmanların öz gələcəkləri haqqında düşünməyə imkan yaranar. Amma həqiqəti az bir insan anlamışdır ki, onlarıda demək olar Müaviyə öz terror maşını ilə məhv etməyi bacarmışdır. Müaviyənin varlığı təkcə müsəlmanları (mənəvi) yox bəlkə ərəb (millətçi ərəblər) hakimyəti düşünənləridə məhvə sürükləyir. Bunu başa düşənlərin sayı az olduğundan ciddi bir nəticələr əldə edə bilmədilər və qeyd olunduğu kimi Müaviyənin xəyanət oxuna tuş gəlib şəhid oldular.

Bu iki amil İmam Həsənin (ə) sülhünün pərdə arxası önəmli və başlıca amillərindən saymaq olar. İmamda (ə) bir ilahi rəhbər kimi dəqiq addım ataraq həm barmaq sayında olan əsl dostlarını qorudu və həm də İslam dünyasının məhvə sürüklənməsinin qarşısını aldı.

İndi isə keçək İmam Hüseynin (ə) qiyamının iki ən önəmli və başlıca olan amillərinə.
Əvvəldə də qeyd olundu ki, bu iki əsas tarixi hadisəni dəqiq təhlil etmək üçün ərəblərin düşüncə tərzinə toxunmaq lazımdır. İnsanı düşündürən bir sual ortaya çıxır, Müaviyənin ölümü ilə ərəblərin İmama (ə) on iki min imzalı məktubun gəlməsi nəyə bağlı idi? Bir nəçə ayın içində ərəblərin Bəni-Üməyyə xanidanına qarşı bəsirət gözlərimi açılmışdı? Görəsən başlıca və önəmli amil nə idi?

Əvvala onu qeyd etmək lazımdır ki, İmam Həsənin (ə) sülhü ilə İmam Hüseynin (ə) inqilabının arasında təqribən iyrimi illik zaman fasiləsi mövcutdur. Bu fasilə nəyi dəyişdi?

Birinci səbəb bundan ibarətdir ki, artıq müsəlmanlar Bəni-Üməyyə xanədanının insanlıq, müsəlman və hətta ərəb aləmi üçün real bir təhlükə olduğunu dərk etməyə başlamışdılar. Bunu da qeyd etmək lazımdır ki, Küfəlilərin məktubu sırf İslami bir qiyamdan xəbər vermir. Bu məktublarda xilafət süfrəsindən qovulanlar və uzaq düşənlər də vardı. Buna görə də əksəriyyət Yezid xanədanı ilə həmişəlik vidalaşmaq istəyirdi. İki cəbhəni (müsəlman və ərəb düşüncəli) birləşdırən əsas amil Yezidin xəlifə kimi taxta oturmasıyla təhlükə ilə üz-üzə qalmaları idi.

İkinci amil kimi isə, nisbətən həqiqətin ortaya çıxmasından sonra doğrudan da müsəlmanların, (əlbəttə az bir qisminin) Peyğəmbər (ə) ailəsinə ehtiyac duymasıdır. Ərəblər artıq həm mənəvi və həm də bir millət olaraq məhv olduqlarını açıq-aşkar görməkdə idilər. Həqiqi müsəlmanların İmam Hüseynə (ə) mənəvi bir rəhbər kimi və ərəblərin də karizmatik lider kimi ehtiyacları vardı. Yalnız ərəb hakimiyyəti haqqında düşünən ərəbləri qorxudan ən təhlükəli məsələ uzun müddətdir davam edən şimal və cənub ərəbləri konflikdi idi. Şimal deyəndə, şamlılar, cənub deyəndə isə geridə qalan islam dünyası yada düşürdü. Özlərini bu fəlakətdən qurtarmaq üçün gecə-gündüz İmamla əlaqə yaradaraq onu Küfəyə dəvət etdilər. Nəticə isə bu günə kimi, gün kimi hamıya aydındır./İslammektebi.org/

Fariz İsmayılov