23 Noyabr 2024 - 23
Abdullah Cəfərin övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşistandan qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alnını öpüb buyurdu: “Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?”
Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi. Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Allah Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, behiştdə onlarla pərvaz etsin.” Buna görə də ona Cəfəri Təyyar (uçan) deyiblər. Abdullah Həbəşistanda dünyaya göz açdı. Bu o zaman baş verdi ki, Cəfər öz həyat yoldaşı və bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində, peyğəmbərin təklifi ilə Həbəşistana hicrət etmişdilər. Abdullahın atası Cəfərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləliklə sanki Abdullaha və başqa balalara təsəlli verərdi. Peyğəmbərdən sonra Abdullah həzrət Əlinin (ə) yanında rəşadət və fədakarlıqlar göstərmiş, Siffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.
Məhəmməd İştihardi