23 Noyabr 2024 - 23
Məhərrəm ayının on ikinci günü üçün çox önəmli olan bir hadisə - Kərbəla əsirlərinin Kufəyə daxil olmasıdır. Hicri təqvimiylə 61-ci il Məhərrəm ayının 12-də sübh vaxtı Əhli-beyt əsirləri Kufəyə daxil olurlar. Şəhidlərin müqəddəs başlarını onların qarşısında tərpədib hərəkət etdirirlər. O karvanı şəhərin bütün küçə və bazarlarında dolandırırlar. Rəvayətçi bu hadisənin bir bölümünü belə nəql edir: “Gördüm ki, Kufə camaatı ac halda oturan uşaqlara çörək və xurma verirdi".
O zaman həzrət Ummi Gülsüm bu mənzərəni müşahidə etdikdə fəryad çəkir: “Ey Kufə camaatı! Bizim sülaləyə sədəqə haramdır!”. Çörək və xurmanı uşaqların əlindən alıb qaytarır. Kişi və qadınların səsləri ucalanda Həzrət Ummi Gülsüm yenə də buyurur: “Ey Kufə camaatı! Kişiləriniz bizi öldürür, qadınlarınız isə bizə ağlayır. Allah Qiyamət günü bizimlə sizin aranızda hökm edəcək!”. Bu zaman artıq Həzrət Zeynəb, Həzrət Ummi Gülsüm və İmam Zeynəlabidinin hər biri ayrıca çıxışlarla onlara xitab edirlər. Bu çıxışlarda Əhli-beytin fəzilətlərindən əlavə olaraq, İmam Hüseynin (ə) və onun əshabının məzlumluğunu, kufəlilərin vəfasızlığını və beyəti sındırmaqlarını xatırladırlar. Yezidin (l) bu zülmünü və zülmani hökumətini ifşa edirlər.
İlqar İbrahimoğlu