21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Aşura: həyat, eşq, sədaqət, yoxsa “cahillik”?
10.06.2019

“Aşura: ölüm, qan, zəncir...”.
“Aşura: məzhəb hadisəsi”.
“Aşura: “On gün” anlam”.
“Aşura: Adəmin (ə) Allahdan istədiyi bağışlanma diləyinin qəbulu”.
“Aşura: Nuh Peyğəmbərin (ə) insanlığı xilası...”.
“Aşura...”.

Hər il Məhərrəm ayı daxil olanda bəzi insanlar özlərində vəzifə bilirlər ki, Aşura haqqında danışsınlar. Aşura haqqında geniş bilgiyə sahib olmadan danışarkən, ən çox yuxarıda qeyd olunan tezislər əsasında danışırlar. Bir çox hallarda pafoslu çıxışları ilə cəmiyyəti savadsızlıqda, kor-koranəlikdə ittiham edirlər. Əslində belə demək olar ki, həmin insanların özləri Aşura haqqında geniş və tutarlı bilgiyə sahib deyilər.

O zaman nədir Aşura? Nədir insanların içindəki bu sevgi, bu atəş, bu hüzn? Nədir əsrlər boyu yaşadılan və yaşadılacaq bu gün? Sadəcə “On gün” anlamı? Sadəcə yuxarıda qeyd olunan tezislərmi? Yox! Əsla Yox! O zaman nədir Aşura?

Aşura - Eşqdir, Sevgidir, Məhəbbətdir, Şücaətdir, İzzətdir. Aşura - bəşəriyyətin kamilik təcəssümüdür. Aşura - bəndəliliyin yüksək zirvəsidir. Aşura - müqəddəs amallar uğrunda hər şeydən keçmək deməkdir. Aşura - müqəddəs amallar uğrunda hər şeyə çatmaq deməkdir.

Aşura - necə qeyrətli yaşamaq deməkdir. Müqəddəs amallar uğrunda hər bir bəla qarşısında səbir edərək, bu bəlalarda, çətinliklərdə, itkilərdə gözəllikdən başqa bir şey görməmək deməkdir Aşura...

Təqribən 10 il bundan öncə radiolardan birində, səhv etmirəmsə, gənclərin durumu ilə əlaqədar bir verilişə müəllimimlə birlikdə dəvət edilmişdik. Verilişin aparıcısı qarşılaşdığı hadisələrdən birini danışdı. Dedi ki, ötən həftə qohumlarımdan birinə qonaq getmişdim. Ev sahibin qızı evdən çıxarkən anası ona dedi ki, bu paltarla getmə! Get paltarını dəyiş. Qız isə anasına dedi ki, anacan, mənim bu paltarımda nə var ki, sənin tələbə olarkən çəkdirdiyin şəkillər baxanda görünür ki, sən də elə o vaxtlar belə geyinibsən. Burada qeyri-adi heç nə yoxdur axı. Anası qızına dedi ki, qızım o vaxtlar insanlar, gənclər basqa cür idilər, indi isə başqa cürdürlər. Aparıcı sonra mənə belə bir sual verdi ki, sizcə Sovetlərdəki gənclər ilə indiki gənclərin əxlaqı durum baxımınadan nə fərqləndirir?

Niyə o xanım gəncləri belə fərqləndirdi? Veriliş Məhərrəm ayına təsadüf edirdi. Həmin ərəfələrdə də ateist təfəkkürlü bəzi məmurlar çıxış edərək bildirdilər ki, Aşura günü şagirdlərin, gənclərin məscidlərə gedilməsini imkan daxilində məhdudlaşdırmaq lazımıdır. Aparıcının bu sualı haqqında düşünərkən, müəllimim bu suala cavab verdi. Özü də 2-3 cümlə ilə tam ətraflı cavab verdi. Müəllimim dedi ki, Sovetlər dövrünün gəncliyi Aşurası ilə fəxr edirdi. Aşurasından utanmırdı. Aşurasını ona acıq-aşkar pisləyə bilmirdilər. Ateist rejim nə qədər istədisə, bu xalqdan Aşurasını ala bilmədi. Məhz indiki gəncliklə Sovetlərdəki gəncliyin fərqi bundan ibarətdir ki, indiki gəncliyi “sapı özümüzdən olan baltalar” Aşuradan uzaq salmaq istəyirlər.

Aşura - bu xalqın kimliyidir. Aşura - bu xalqın muğamıdır. Bu xalqın folklorunun xəmiri Aşura ilə yoğurulub.

Aşura ataya-anaya, bacı-qardaşa, həyat yoldaşına, övladlara sədaqətdir.

Aşurada əza saxlamaq isə kimliliyini, eşqini, dürüstlüyünü, qeyrətini, sevgini, şücaətini qoruyub saxlamaqdır. Aşurada əza saxlamaq hər şeydən qırılaraq, yalnız və yalnız Allah itaət etməkdir. Aşura itirilmiş torpaqların, Qarabağın geri qaytarılması deməkdir. Aşurada əza saxlamaq Cıdır düzünü yağlardan azad etmək deməkdir

Yazımı dəyərli bir insanın sözü ilə yekunlaşdırmaq istəyirəm. Həmin şəxs deyib ki, “Şəhadət mənə azadlıq verdi, mən bu azadlığı heç nəyə dəyişmərəm”.

Aşura insana azadlıq verir...


Zəki Ələmdar