21 Noyabr 2024 - 21
BİSMİLLƏHİR-RAHMƏNİR-RAHİM!
Səbir və iffət mövzusunda yazmaq istədikdə üzümü qərbə çevirdim orada Xanım Zeynəbi (ə) gördüm, şərqə çevirdim, orada da Xanım Zeynəbi (ə) gördüm. Üzümü hansi tərəfə çevirdimsə, hər yerdə Xanım Zeynəbi gördüm. Mövzu səbir və iffət olduqda onu görməmək mümkün deyil. Onu görməyən gözlər demək nöqsanlı gözlərdir. Xanımın səbirli olmasını göstərən çox səbəblər var. Lakin ən əsası - Kərbəla hadisələrini göstərmək olar. Belə ki, xanım orada olan əzablara və müsibətlərə, Peyğəmbər (s) nəvəsinə edilən zülmlərə baxmayaraq, mərdcəsinə dözüb çətinliklərə səbirlə sinə gəldi. Hətta bu barədə qardaşı İmam Hüseynə (ə) buyurdu: “Qardaş, sən arxayın ol, mən o qədər səbir edəcəm ki, hətta səbir özü mənim yanımda aciz qalacaq”.
Xanım Zeynəbin (ə) həyatını 3 hissəyə bölmək olar.
1) Kərbəladan öncə;
2) Kərbəla vaqiəsi zamanı;
3) Kərbəladan sonra.
Bu 3 hissəli həyatına nəzər saldıqda, görərik ki, Kərbəladan öncə İmamın (ə) harayına yetişən İslam ümməti kimi dəstəyə qoşuldu. Kərbəla vaqiəsi zamanı öz övladlarını xeymələrə yığıb onlara öyrədirdi ki, sabah artıq döyüş zamanıdır, sabah İmamınızı (ə) qoruyacağınız bir gündür.
Xanımın İmamına nə dərəcədə sadiq olduğu döyüş zamanı da görsəndi. Belə ki, insanın övladı şəhid olanda hər şeyi unudub balasına tərəf qaçar. Amma Xanım Zeynəb isə övladlari şəhadətə yetişəndə belə, yenə gözləri onları deyil, Hüseyni (ə) axtarırdı...
Kərbəladan sonra isə bir nümunəvi möminə xanım kimi çıxış elədi. Orada baş verən hadisələri, Kərbəla həqiqətlərini ümmətə, millətə, dünyaya çatdırdı. Burada da xanım səbirli davrandı. Aclığa, susuzluğa, yorğunluğa baxmadan elə hey insanlara Allahın dinini çatdırmaqla məşğul idi. O, qardaşının, qardaşı balalarının, öz övladlarının, əzizlərinin başlarına gələnləri deyil, İmamının və onun səhabələrinin başlarına gələnləri qabartmağa çalışdı.
Aşura günü xanımın səbirinə dəlalət edən bir hadisəni də görməmək mümkün deyildi: xeymələrdən səhralığa, yaxud gördükləri dəhşətlərdən özlərini itirib o tərəf-bu tərəfə qaçışan uşaqları, böyükləri bir yerə yığıb, onlara bu hadisəni, bu inqilabı başa salırdı və bildirirdi ki, bu hadisələrdə Allahin istəyi olub. Allahın bəyəndiyi bir fədakarlıqdır imamın etdiyi bu hərakat. Düzdür, orada olanlar hadisələrin səbəbindən xəbərdar idilər, çünki təqva əhli idilər. Sadəcə olaraq, Xanım Zeynəb İmamın tapşırdığı kimi, səbirli olub, qalanlara təşkilatçılıq edirdi.
Səbirlə bərabər, həm də şücaətli, iffətli və ismətli qadın idi xanım Zeynəb. Qanının, canının, həyatının bahasına belə, öz ismətini və hicabini qorudu. Nəinki özünün, hətta karvandakı xanımların da hicabını qoruya bildi. Yezid öz sarayında Kərbalada törətdiyi vəhşilikləri yenidən xatırladırdı ki, Xanımın (ə) qəlbini parçalasın, ona əziyyət çəkdirsin. Xanım Zeynəb isə bunun tam əksini edərək: “MƏN (KƏRBALADA) GÖZƏLLİKDƏN BAŞQA BİR ŞEY GÖRMƏDİM” deməklə xanımlara məxsus olan iffət və ismətin alınmaz qalasının təməlini qoydu.
Xanımın (ə) belə keyfiyyətlərə malik olmasının mütləq səbəbi də onun Əli (ə) və Zəhranın (ə) qızı olmasıdır. Çünki həzrət Zəhra balasının, Əli (ə) qızının belə olması təbiidir, başqa cür olması insanda təəccüb doğurardı. Sonda bütün möminlərə xanım Zeynəbin (ə) səbrini, iffətini, şücaətini, Xanımın (ə) bu dünyada ziyarətini, axirətdə də şəfaətini Allahdan diləyirəm. /deyerler/
Günel Quliyeva