23 Noyabr 2024 - 23
“And olsun ki onların qissələrində ağıl sahibləri üçün ibrət vardır.” (Yusuf surəsi,111)
“Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.” (Zuxruf surəsi, 56)
Aylardan Məhərrəm, günlərdən Aşurə, yer Kərbəla. Tarixdə keçən bu acı hadisəni anmağa deyil, anlamağa, birilərinə təriflər yağdırıb, birlərinə lənətlər düzməyə deyil, yaşanan o acı hadisələrdən dərs çıxarmağa çalışaq. Tarix ibrət və örnək nəzəri ilə oxunmalı. Qur’an bizə bunu öyrədir. Tarixi bu şüurla oxumadığımıza görə tarix müsəlmanları parçalayan bir vasitə halına gəlmişdir.
Tarix, birilərini öymək yada söymək vasitəsi deyildir.
Tarix, gözəl mənzərələri ilə örnək, yanlış tabloları ilə bir ibrətdir.
Tarix, gizlətməyin, xor görməyin və ya müqəddəsləşdirməyin deyil, anlayıb, qavramağın fayda verəcəyi bir təcrübə irsidir.
Tarix, ataların etdiyi gözəllikləri sadəcə söz ilə təkrarlayıb, onlarla öyünüb və o gözəlliklərdən istifadə etməklə bitirməkdən ibarət deyil, əksinə o gözəlliklərdən ilham alıb yeni gözəlliklər istehsal edilməsi lazım olan bir sahədir.
Tarix, atalarının etdikləri ilə uşaqlarının, uşaqlarının etdikləri ilə atalarının məsul tutula bilinmədiyi, ancaq zehniyyətlərin sorğulanacağı bir irsdir.
Tarix, məzardakıların etdiklərinə görə peşman olduqları şeyləri, müzakirə edib baş qatmaq deyil; “Niyə? Necə? Nə üçün?” suallarına cavab tapıb eyni xətalara düşməmək vəsiləsidir.
Tarix, təkrarı hər an mümkün ola bilən bir sahə olduğunu unutmadan, davamlı yadda saxlanılması lazım olan əhəmiyyətli bir sərmayədir.
Məşhur tarixçi, sosioloq və dövlət xadimi İbn Xaldun demişdir:
“Keçmiş hadisələr, gələcək olanlara, suyun suya bənzəməsindən daha çox bənzəyir”.
Bu gözlə Məhərrəm ayının ən acı hadisəsi olan Kərbəlaya baxsaq, 1368 il əvvəl olan bu hadisəni daha doğru anlayar, hadisənin ən böyük qəhrəmanı olan İmam Hüseynin (Allah ondan razı olsun) nə adına mübarizə etdiyini dərk edərik.
Dövrünün yezidi, peyğəmbər nəvəsi Hüseyni qətl edəndə kim hansı safda dayanmışdı? Niyə o safda, niyə o əqidədə idi? Bu sualın cavabını bilməyənlər yaşadıqları dövrün yezidlərinin safında dayanar, toplumlarının "Hüseynlərini" qətl edər, sonra da gedib ildə bir dəfə Peyğəmbər nəvəsinin ölümünə ağlayarlar.
Məqsədimiz İmam Hüseyni və mübarizəsini təkcə anmaq deyil, anlamaq olarsa, dərhal zehin dünyamız bir çox sualla qarşılaşar. “Nə üçün bu hadisə oldu? Nə üçün hələ Peyğəmbərimizin qəbrinin üzərindəki sular qurumamış İslam cəmiyyəti bu hala gəldi? İnsanlar necə Peyğəmbər nəvəsini qətlə yetirəcək qədər caniləşdi? Nə üçün Hüseyn sonunda ölüm olduğunu çox yaxşı bildiyi bu yolçuluğa çıxdı? Bir halda ki, İmam Hüseyn şəhid olacağını bilirdi, o halda xanımlarını və uşaqlarını ta İraq torpaqlarına qədər niyə apardı?
Tarixi yazan insanlardır. Tarixə Kərbəla hadisəsini yazan iki tərəf var. Haqq və batil, müsbət və mənfi tərəflər.
Haqq/müsbət tərəfdə: Mübarizənin misilsiz qəhrəmanı Hüseyn bin Əli (Allah onlardan razı olsun)
Batil/mənfi tərəfdə: Asabiyyətin ən böyük qurbanı Yəzid bin Muaviyə
Mənfi/batil tərəfdə olan 5 ad:
1. Asabiyyətin ən böyük qurbanı – Yəzid bin Muaviyə
2. Dünyəvi hesabların ən pis örnəyi – Ubeydullah bin Ziyad
3. Qənimət sevdasının ən şeytani misalı – Şimr bin Zilcəvşən
4. Məqam-mövqe düşkünlüyünün ən ağır halı – Ömər bin Sad
5. Mənfəətpərəstliyin ən aşağı vəziyyəti – Havli bin Yəzid
Müsbət/haqq tərəfdə olan 5 ad:
1. Xətadan dönməyin gözəl bir örnəyi – Hür bin Yəzid
2. Şəhadəti sevdası edən igid – Züheyr bin Kayn
3. Şahidlər karvanın mənsubu – Əli bin Hüseyn
4. İzzətin abidəvi adı – Zeynəb binti Əli
5. Mübarizənin misilsiz qəhrəmanı Hüseyn bin Əli
Allah onların hər birindən razı qalsın.