21 Noyabr 2024 - 21
Həccar ibn Əbcər İcli Ömər ibn Xəttabın vaxtında atası ilə birlikdə Mədinəyə gəlir. Xristian olan Həccar İslam dinini qəbul edir. Amma ailəsi elə xristian olaraq qalır. Həccar müsəlmanlar arasında o qədər hörmətə sahib olmuşdu ki, atası dünyasını dəyişəndə həm müsəlmanlar həm də xristianlar atasının dəfnində iştirak etmişdilər. Xristianlar atasının xristian, müsəlmanlar isə Həccarın atası olduğuna görə.
Hz.Əmirəlmöminin (ə) tərəfdarlarından olan Həccar Hz.Əli (ə) şəhadətə çatdıqda çox narahat olmuşdu. Daha sonra İmam Həsənə (ə) beyət edən və onun ordu başçılarından olan Həccar Müaviyənin pul və sərvət vədlərini qəbul edərək, İmam Həsənin ordusunu tərk edir. Müaviyə zamanı Kufədə xeyli sərvətə sahib olmuş Həccar artıq Kufədə elə bir hörmətə sahib idi ki, onun bir sözü və ya imzası höccət hesab olunurdu. Müaviyə vəfat etdikdən sonra İmam Hüseynə (ə) məktub yazaraq, onu Kufəyə dəvət edənlərin arasında Həccar da var idi. O, məktubunda "Tez gəl. Gözümüz sənin intizarındadır. Bizim öz fikrimiz yoxdur. Hamımız sənin əmrinə tabeyik", - deyə İmam Hüseynə müraciət etmişdi. Amma elə ki, ibn Ziyad Kufəyə daxil oldu və İmam Hüseynin tərəfdarlarını hədələdi, Həccar indiyə kimi qazandıqlarını və öz canını xətərdə görüb Müslüm ibn Əqillə (ə) bağladığı beyəti sındırdı. Hətta Müslümün tapılması və camaatın onun ətrafından parçalanması üçün xeyli çalışdı. İmam Hüseynlə döyüşmək üçün ordu toplananda ibn Ziyad Həccarı da yanına çağırdı və onu 1000 nəfər döyüşçünün başında Kərbəlaya yolladı. Həccarın Kərbəlada nə etdiyi tarixdə yazılmayıb. Bəlkə də heç qılıncını qınından çıxartmayıb. Amma tarixdə Kərbəlada onun bir dəfə səsinin eşidildiyi qeyd olunub. İmam Hüseyn Ömər ibn Sədin ordusuna xitabən filankəs, filankəs və Həccarın adını çəkərək, məgər mənə məktub yazıb Kufəyə tez gəlməyimi xahiş edən siz deyildiniz deyə səsləyəndə, Həccar uca səslə İmam Hüseynin dediklərini təkzib edərək, İmam Hüseynin üzünə yalan söylədi.
Həccar Kərbəladan sonra Muxtar qiyam edən zaman Abdullah ibn Zübeyrin ordusunda ona qarşı döyüşdü. Muxtarın qətlə yetirilməsindən sonra Abdullah ibn Zübeyrlə Əbdüləməlik ibn Mərvanın arasında olan müharibədə İsfahanın bir hissəsinin müqabilində ikincinin ordusuna qoşuldu.