21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Məsumlar da İmam Hüseynə əza saxlayıb – “Allaha şükür bu bizə də nəsib olub”
24.09.2019

Təəssüflər olsun ki, hər il məhərrəm ayınınn başlaması və Aşura hadisəninin ildönümü ərəfəsində bəzi məzhəblər tərəfindən, o cümlədən ibn Teymiyyə ardıcılları əzadarlıq etməyin bidət olduğunu və belə bir mərasimin İslam dini ilə uyğun olmadığı iddiaları irəli sürülür. Əvvəla bunu qeyd edək ki, biz öz din və şəriətimizi peyğəmbərdən (s) ən azı bir və bir neçə əsr sonra yaşayan ibn Teymiyyə və onun fikrində olan şəxslərdən öyrənmirik. Yəni onların iradları bizim peyğəmbər (s) ailəsinə olan münasibətimizə qəti təsir etməməlidir.

Əlbəttə bunu qısa şəkildə qeyd edək ki, onlar tərəfindən ünvanlanan sual və şübhələr qərəz və nadanlıqdan qaynaqlanır. Çünki əzadarlıq mövzusu hədis kitablarında o qədər nəql olunmuşdur ki, rahatlıqla deyə bilərik ki, mənəvi təvatür həddində, hətta bu həddən də üstün şəkildə yayılmışdır. Əgər hədis təvatürlə (geniş yayılma) isbat olunarsa, artıq sənəd araşdırmasına ehtiyac qalmaz. Bildiyimiz kimi İmam Hüseyn ağlamaq və əza saxlamaq barədə Əhli-Beytdən (ə) kifayət qədər hədis nəql olunmuşdur. Hədislərə nəzər salsaq, görərik ki, onlar İmam Hüseynin şəhadətindən öncə və sonra davamlı şəkildə əza məclisləri qeyd etmişlər. Bu, məsələnin Əhli-Beyt (ə) yanında sabit olmasıyla yanaşı, əza mərasimlərinin olduqca əhəmiyyətli və mühüm olmasını göstərir.

İmam Sadiq buyurur:

Peyğəmbər (s) Ümmi Sələmənin evində idi. Buyurdu ki, heç kim onun yanına gəlməsin. İmam Huseyn kiçik yaşlarında idi. Qaçaraq gəlib Peyğəmbərin (s) yanına daxil oldu. Ümmü Sələmə onu saxlaya bilmədi. Hüseyn (ə) peyğəmbərin (s) sinəsi üstə çıxıb oturdu. Peyğəmbər ağlayırdı və əlində bir şey tutub saxlamışdı. Sonra əlindəkini Ümmü Sələməyə verib belə buyurdu: “Cəbrail Mənə xəbər verdi ki, Hüseyn (ə) öldürüləcək. Bu torpaq onun öldürüləcəyi torpaqdır. Bunu özündə saxla. Nə vaxt ki, qan oldu, bil ki, Hüseyn artıq öldürülmüşdür.” Ümmü Sələmə ərz etdi: “Ya Rəsulullah! Allahdan istə ki, bu işi ondan uzaq etsin.” Həzrət buyurdu: “İstədim. Ancaq Rəbbim belə buyurdu: Ona elə bir dərəcə verəcəyəm ki, məxluqatdan heç biri o dərəcəyə çatmamışdır. Onun elə şiələri olacaq ki, şəfaət edəcəklər və şəfaətləri qəbul olunacaq. Həqiqətən Mehdi (ə) onun övladlarındandır. Xoş o şəxsin halına ki, Hüseyni (ə) sevənlərdəndir və onun şiələri qiyamət günündə az tapılacaq.” (Şeyx Səduq, Əmali c.1, səh.329)

Həzrət Rəsuli-Əkrəmin (s) İmam Hüseyn üçün ağlaması Ümmi Sələmənin dilindən belə nəql olunur: Bir gün Allahın Rəsulu (s) oturmuşdu və Hüseyn (ə) də onun qucağında əyləşmişdi. Həzrətin gözlərindən yaşlar axmağa başladı. Bu vaxt mən dedim: “Ya Rəsulullah (s) sənə fəda olum niyə ağlayırsan?” Buyurdu: “Cəbrail (ə.s) yanıma gəldi və övladım Hüseyn (ə) üçün mənə başsağlığı verdi. Mənə xəbər verdi ki, ümmətimdən bir dəstə insan onu öldürəcək. Allah şəfaətimi onlara nəsib etməsin.” (Şeyx Tusi, İrşad, c.2 səh.130)

İmam Sadiq buyurur: Aşura hadisəsindən İbn Ziyadın ölümünə qədər bəni Haşimin bacasından tüstü qalxmadı (bu o zaman yemək bişirmək mənasında idi), heç bir qadın gözünə sürmə çəkmədi və qaranı əyinlərindən çıxarmadılar. Onlar Aşura hadisəsindən sonra davamlı olaraq ağlayırdılar.

İmam Səccadın Aşura hadisəsindən sonra əzadarlıq etməsi, davamlı göz yaşı tökməsi tarixdə xüsusi yer almışdır. O həzrət, bütün hallarda Kərbəlanı xatırlayır və göz yaşı tökürdü. Ona yemək təklif olunanada süfrəyə baxar və deyərdi: “mən necə ondan yeyim ki, bacım xarabada acından öldü, mən necə o sudan içim ki, qardaşım Əli Əsğərə bir qurtum su vermədilər, atam Hüseynin başını susuz kəsdilər?!”. İmam belə etməklə həm özünün daim əza halında olmasını çatdırar, həm də Kərbəlada baş verənlər barədə insanlar üçün təsəvvür yaradardı.

Həmçinin bütün imamların dövründə Aşura yaxınlaşdıqda onlar qara geyinər, əza məclisləri qurar, şairlər dəvət edər və insanları həm yas saxlamağa təşviq edər, həm də onları bu barədə maarifləndirərdilər. Allaha şükrlər olsun ki, bu məsələ ilahi qanun olaraq bizim bu günümüzə də gəlib çıxmış və belə bir məclislərdən bəhrələnmək bizim xalqımıza da nəsib olmuşdur. Bunun üçün şükr edərək Allaha həmd səna deməliyik. Biz əza saxlamaqla tarixi xatırlayıb, gələcək nəslə ötürüb, həm də zülmün və zalımın mənfur sifətlərini bir daha qəflətdə olanlara çatdırmalıyıq. Çatdırmalıyıq ki, insanlar nə zülmdən, nə zalımdan qafil olmasınlıar. Bilsinlər ki, Allahın azad yaratdığı insan məzlum olmağa məhkum deyil. Allahın təbiət aləmində insanlar üçün yaratdığı bütün sərvətlər xüsusi insanların deyil, hamının haqıdır.

Emil Rahiloğlu