21 Noyabr 2024 - 21
Digər aylardakı xətalarının səbəbi şeytanda idisə, bu aydakı xətalarının əsl səbəbini təyin etmek lazımdır. Ramazan ayı ac və susuzluqla səni şəhvani və ya maddi aləmdən qoparıb mənəvi aləmə bağlayan bir aydır. Aclıq və susuzluq zahiri hisslərin ölməsini, batini hissin və ya şuhudi hissin dirilməsinə səbəb olur. İrfani halın tapmasına və ya mənəvi seyrə bu yolla çıxmaq mümkündür. Burada dua və ibadətlərin ixlaslı olması da şərtdir. Ramazan ayı Allahla rabitənin, səmimi istiğfar (bağışlanma) yolu ilə qurulduğu bir aydır. Fitr bayramı isə “biçin” ayinidır. Ramazanda əkdiklərinin, çəkdiyin zəhmətinin bəhrəsini yiğdığın bir aydır.
Şeytana daş atmaq vacibi həcc ziyarətinin son ayinlərindən biridir ki, zəvvarlar mənəvi ayinləri icra etdikdən sonra insanlığın və ya mənəviyyatın düşməninə daş atmaqla şeytanın və şeytan sifətli insanların hakimiyyətinin insanın üzərində olmadığını, insan yalnız Xaliqin qulu olduğuna işarə edirlər. Xaliqin necə qulu olacağına isə Qurban bayramı günü qurbanlıq kəsməklə zəvvarlar son ayini yerinə yetirirlər.
Qurbanlıq, yəni nəfsin qurban verildiyi bir ay. Necə ki, İbrahim peyğəmbər canından olan bir canı, canan yolunda qurban verdi, səndən də canından əziz olan bir canın canan yolunda qurban verməyin tələb olunur. Bu qurbangahda, insanı maddi aləmə bağlayan, mənəvi aləmlə rabitəsini qıran ünsürlər nəzərdə tutulur. Nəfsin qurbangaha apardığın zaman, həqiqi ilahi qurbangah olduğunun əminliyini Qədir Xum bayramı təyin edir. Səni lazım olan hədəfə çatdıran bələdçinin təyin olunduğu gündür. Qədir Xum günü şeytanı və şeytan sifətli insanların nalələrinin ucaldığı, iman əhlinə isə sevinc bəxş edilən bir gündür. O günün şahidi Allah, mələklər, cinlər və insanlardır. Bu bələdçinin kimliklərini təyin edən gün isə mübahilə günüdür. O günki Nəcran keşişləri İslam peyğəmbəriylə (s) birlikdə özündən olan özlərin gəldiyini gördükdə qorxub həyacan keçirdilər. İslam peyğəmbərin yanına qaçıb yalvarmağa başladılar ki bu səndən olan sənlər əgər əllərini duaya qaldırıb bizim üçün bəla diləsələr, biz məhv olarıq. Mübahilə gününün qəhrəmanları, İslam peyğəmbərindən olan özlər İmam Əli, Hz. Fatimə, İmam Həsən və Kərbəla qəhrəmanı İmam Hüseyndir.
Aşura imanların aşikar olduğu bir gündür. Aşura biçın günündəki (yəni fitr bayramında) biçdiklərindən bəhrələnən gündür. Aşura şeytanın və ya şeytan sifətli insanların sənə hakim olub olmadığlarının bəlli olduğu bir gündür.
Aşura, Qədir Xum günü bağladıqları əhdə sadiq qalanların bəlli edildiyi gündür.
Aşura vicdanların diri qalmasını təmin edən bir gündür. Aşura, sənin əsl kimliyini aşikar edən bir gündür. Aşura, sənin kimliyini təqdim etdikdən sonra, kim olacağına qərar verdiyin bir gündür.
Elnur Əli oğlu