21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Həzrət Zeynəbin iki oğlu Aşurada necə şəhid oldu?
08.10.2019

Xanım Zeynəbin (ə) həyat yoldaşı Abdullah, İmam Əlinin qardaşı Cəfər Təyyarın oğlu idi.

Abdullah ibni Cəfərin iki oğlu bu qanlı hadisədə şəhid olmuşdur ki, birinin adı Muhəmməd və o birini adı Ovn idi.

Muhəmməd ibni Abdullah ibni Cəfər.

Muhəmməd, Abdullah ibni Cəfərin övladlarından biridir ki, Kərbəla hadisəsində şəhid olmuşdur. Tarixçilərin nəql etdiyinə görə Muhəmmədinanası Xəvsa olmuşdur. Ona görə də bəzi mənbələrin onu Zeynəbin (ə) oğlu adlandırması səhih deyildir.

Muhəmmədin adı “Nahiyə” ziyarətindəçəkilmişdir. Belə ki, oxuyuruq: “Salam olsun Muhəmməd ibni Abdullah ibni Cəfərə! Atasının məqamının şahidi, qardaşının davamçısı və onu hifz edən olmuşdur. Allah onun qatili Amir ibni Nəhşələ lənət etsin!”.

İbni Şəhri Aşub nəql edir: “Sonra Muhəmməd ibni Abdullah meydana qədəm basdı və bu cür oxudu: “Bizə edilən zülmə görə Allaha şikayətedirəm, bu kor və alçaq dəstənin işinə görə”. Sonra düşmənin 10 nəfərini öldürdü və Amir ibni Nəhşələ onu şəhid etdi”.

Ovn ibni Abdullah ibn Cəfər.

Ovn, Cəfər Təyyarın başqa bir övladıdır ki, Kərbəla hadisəsində şəhid olmuşdur. Deyilənə görə, Abdullahın Ovn adında iki oğlu vardı. Ona görədə onların birini Ovn Əkbər və o birisini Ovn Əsgər adlandırırdılar.

Onların birinin anası həzrət Zeynəb olmuşdur. O birisinin anası isə Cumanə idi. Onların hansının şəhid olması barəsində nəzər ayrılığıvardır.

“Ziyarəti-Nahiyə”də onun da adına işarə edilmişdir: “Salam olsun Ovna, Abdullahın oğluna, behiştdə pərvaz edən Cəfərin oğluna (nəvəsinə)! O,böyüklərlə yoldaş, Mehriban (Allah) üçün muxlis idi. Quran və ayələrinin davamçısı idi. Allah onun qatili Abdullah ibni Qutəbəyə lənət etsin!”.

Xarzəmi nəql edir: “Muhəmməd ibni Abdullahdan sonra Ovn ibni Abdullah meydana gəldi. O, belə oxuyurdu: “Əgər məni tanımırsınızsa, mən həqiqi şəhid olan Cəfərin oğluyam. Behiştdə iki yaşıl qanadları ilə uçanın. Bu, insanların arasında şərafətli olmaq üçün kifayətdir”.

Bu zaman vuruşur və Abdullah ibni Qutəbə onu şəhid edir.

Təbəri, Hişamdan nəql edir: “Ovn ibni Abdullah ibni Cəfər ibni Əbitalib ki, anası Cumanə idi, Abdullah ibni Qutəbənin əli ilə qətl edilir”.

“Məqatili-talibiyyin”də oxuyuruq: “Ovn Əkbərin anası həzrət Zeynəb idi. Əli ibni Əbitalib (ə) ilə həzrət Fatimənin qızı”.

Təbəri, Əbu Kənud Əbdurrəhmandan nəql edir: “O zaman ki, Abdullah ibni Cəfər iki övladının İmam Hüseynlə birlikdə şəhid olmaq xəbərini eşidir, insanlar başsağlığı vermək üçün yanına gəlirlər.

Qohumlarından biri düşünmədən deyir: “Gördüyümüz bu müsibət bizə Hüseyn (ə) tərəfindən çatmışdır”.

Abdullah onu ayaqqabısı ilə vurur və deyir: “Ey pis iy verən qadının oğlu! Hüseynə (ə) belə deyirsən? Allaha and olsun ki, əgər kənarında olsaydım, istəyərdim ki, ondan ayrı olmayım və onunla birlikdə öldürülüm.

Allaha and olsun ki, qəlbimi iki oğlumun fəda olmasına görə yüngül edən şey odur ki, qardaşım və əmim oğlu (Hüseyn (ə)) yolunda özündən keçmək və onun yanında qalmaq üçün öldürülmüşdülər”.

Sonra üzünü insanlara çevirib deyir: “... Əgər Hüseynə (ə) əllərimlə yardım edə bilməsəm də, iki oğlum ona yardım etdilər”.

Deyerler.org