21 Noyabr 2024 - 21
Məhərrəm ayına daxil olmuşuq. Bu ayın zirvəsi - Aşura günüdür. Nədir Aşura?
Bu, bir əbədi, bir susmaz həyəcan təbilidir. Qiyamət gününədək insan vicdanına yönələn bir həyəcan təbili. Bu təbil insana onun yüksək və şərəfli bir vəzifəsini xatırladır. AZAD İNSAN OLMAQ vəzifəsini.
Gerçəkdə Aşura bir tam, harmonik vəhdətdir… Burada Xeyir və Şərin əbədi vücudi qarşıdurması, bəzən Xeyirlə Şəri ayıran tük qədər nazik sərhəd tam surətdə təzahürünü tapmışdır. Bir sərhəd ki, yalnız ixlas, Allaha həqiqi bəndəlik sayəsində qorunur…
Kərbəla…
Bir məkan ki, bəşər mövcudiyyatının ən alçaq və ən yüksək xislətləri burada kəsişmişlər. Və bu mübarizənin ən böyük qiyməti - Allah yolunda şəhadətdir…
Bir tərəfdə cahillik, xəyanət, riyakarlıq, hərislik, qəlbi qaralıq, rəzalət - əlqərəz, insana xas olması mümkün olan və olmayan bütün mənfiliklər cəm olmuşdur. Digər tərəfdə isə məhəbbət, quruculuq, həqiqətpərəstlik, şücaət, mərdlik, şəfqət, şəxsiyyət və ləyaqət, yüksək əxlaq və mənəviyyat, həqiqi dəyərlərə sadiqlik, ruhun ən yüksək pərvazını görürük.
İlqar İbrahimoğlu