23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Xeyirlə şərin qarşıdurmasının kulminasiyası
25.09.2019

Vəcdə gəlmiş sanki bütün varlıq aləmi bü gün…

Aşura günündə, Kərbəla çölündə İmam Hüseyn və 72 əziz silahdaşı İlahi Həqiqətin əsl daşıyıcıları kimi çıxış edirdilər. Lənətlik Yezidin 30 minlik ordusu isə - məlun iblisin mənfur xidmətçiləri vəzifəsini üzərlərinə götürmüşdür. Və Aşura günü baş verən bu qeyri-bərabər döyüş, əslində Xeyirlə Şərin sadəcə növbəti toqquşması deyildi. Həqiqətdə burada ziddiyyətlərin qarşıdurmasının bir kulminasiyası, zirvə nöqtəsi sezilir. Qəsbkar, zülmkar, müstəbid lənətlik Yezid hər bir mənfilik və geriliyi özündə cəm edirsə, İmam Hüseyn (ə) bütün kamalların, Allah tərəfindən bəndə üçün müəyyən edilmiş ən gözəl keyfiyyətlərin ən nəcib bir rəmzi kimi çıxış edir.

Mədinədən Məkkəyə, oradan Kərbəlaya qədər uzanan bu 6 aylıq eşq karvanının hər bir mərhələsində İmam Hüseyn bir əsas nöqtəni vurğulayır: zülm qəbuledilməzdir, İlahi dəyərlər ölməzdir…

Qəsbkar lənətlik Yezid Mədinədəki valisi vasitəsilə İmam Hüseyndən beyət - hakimiyyəti tanımağı tələb etdikdə və əks təqdirdə ölümlə hədələdikdə, İmamın cavabı bir olur: "Mən heç zaman zilləti, alçaqlığı qəbul etmərəm! Yezidin hakimiyyətini tanımaq - İslamın sonudur!".

İnsanlara öz mövqeyini çatdırmaq üçün Məkkəyə gedərkən, Mədinədə qalan qardaşı Məhəmməd Hənəfiyyəyə bir məktub qoyur İmam. Bu, bütün nəsillərə ünvanlanmış bir İlahi vəsiyyətdir, insanlığın cövhəridir, yaşam fəlsəfəsidir. İmam Hüseyn buyurur ki, "Mən nə hakimiyyət, nə də var-dövlət üçün qiyam etmədim. Fəqət insanları yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmək, Allahın elçisi həzrət Məhəmmədin (s) pak və xalis dinini yaşatmaq üçün hərəkata başladım.

Nə qədər ibrət var bu hərəkatda! Qeyri-zorakı müqavimətin ölməz dərsi burada verilir.

Və yol boyu İmam insanlara hərakatının qayəsini çatdırır: "Mən hakimiyyət üçün hərəkata başlamamışam. Mənim istəyim yalnız İlahi həqiqətləri ölməyə qoymamaqdır".

Düşmən dəfələrlə beyət təklif edir. İstənilən qiyməti ödəməyə hazırdır bu beyət üçün lənətlik Yezid… Amma, İmam Hüseyn - babası Həzrət Məhəmmədin (s), valideynləri Həzrət Fatimə (ə) və həzrət Əlinin tərbiyəsini, qardaşı İmam Həsənin son nəfəsədək fədakarlıq və həqiqətpərəstlik yolundan dönməyən və şəhadətlə sonuclanan həyat yolunu görən İmam Hüseyn məsləkindən dönə bilməz…