21 Noyabr 2024 - 21
Kərbəla səhnəsi… Nə qədər qəhrəmanlıqlar olubdur burada. Neçə-neçə salnamələr yazılmış burada… Necə insanlar qurban getdi ki, bəşəriyyət xeyrin nə, şərin nə olduğunu bilsin.
Əbülfəzl Abbas (ə)… İmam Hüseynin ələmdarı - bayraqdarı. Minlərlə yazılı və şifahi əsərlərin qəhrəmanı. "Babül-həvaic" - "Hacətlər qapısı"dır həzrət Əbəlfəzl. Bəs nə etmiş həzrət Abbas ki, Allah Təala bu böyüklükdə məqamı bəxş etmiş ona? Bəs nə etmiş nurlu çöhrəsinə düşmənlərin baxmağa belə cürətləri çatmadığı bu misilsiz cəngavər? Hər an İlahi vəzifəsini yerinə yetirdi. Hər zaman İNSAN olaraq yüksəldi, Allah bəndəsi olaraq yüksəldi… Qızmar səhrada susuz qalan körpələrə su gətirmək üçün düşmən cərgələrini yara-yara Fərata çatdı Həzrət Abbas. Amma sudan içmədi. İçə bilmədi. "Körpələr susuz olduğu halda, mən necə bu sudan içə bilərəm?!" deyərək, ciyəri qovrula-qovrula dolabı su ilə doldurub geri döndü. Düşmən ona yanaşmağa cürət etmədi. Uzaqdan ox atdı, nizə atdı. Yalnız "Əhli-beytin (ə) cəngavəri" qan itirməkdən zəiflədikdə, yezidin törtöküntüləri ona yaxınlaşmağa ürək etdilər. Təslim olmaq təklifinə lənət və rədd eşitdi düşmən. Dolabı tutan mübarək qolunu kəsdilər həzrət Abbasın. O biri əli ilə götürdü dolabı - onu da kəsdilər. İmam Hüseynin bu əziz ələmdarını şəhid etdilər, amma təslim edə bilmədilər. Sonadək İlahi vəzifəsini yerinə yetirdi, yolundan dönmədi. Gerçəkdə qanı ilə əsrlərə yönəlik fədakarlıq salnaməsini yazdı həzrət Abbas…