21 Noyabr 2024 - 21
Həzrət Əli Əkbər… İlk olaraq düşmənin üzərinə gedən, ömrünün baharı Allah düşmənləri tərəfindən xəzanlığa çevrilən Əli Əkbər… Para-para olmuş vücudu əbasına qoyulub atasının yanına göndərilən Əli Əkbər (ə)… Həzrət Peyğəmbərə (ə) çox oxşayırdı nəticəsi Əli Əkbər… Peyğəmbərin (ə) əmmaməsi ilə getdi düşmən ordusuna qarşı ki, bəlkə ayılsınlar, tutduqları iblis yolundan dönsünlər. Amma heyhat! Susamışdı Peyğəmbər (s) övladlarının qanına düşmən… Şəhid etdi Əli Əkbəri (ə) düşmən… Övlad dağı vermək istədi İmam Hüseynə… Amma Allah bəndəsi nədi, imtahan nə?! Əli Əkbər kimi balasını itirən Hüseyn (ə) sarsıldımı, zəiflədimi? Əsla! Əsl məhəbbət kitabəsi yazılır burada…
Həbib ibn Məzahir, Müslüm ibn Övsəcə və Kərbəlanın digər ağsaqqalları. Zəmanələrinin arifləri, elm və təqva təcəssümləri. Düşmənin təslim olmaq təklifinə hiddətlə reaksiya verən ağsaqqallar. Rəzil düşmən rəhm etmədi nə onların yaşına, nə də məqamına. Boyadı ağ saqqallarını qanlarına, amma döndərə bilmədi məsləklərindən…
Hürr… Adı "azadlıq" mənasını verən sərkərdə. Öncə Yezid (lən) ordusunun minbaşısı idi bu Kərbəla qəhrəmanı. Həqiqət Günəşi onun üçün parlayan kimi, qəti qərarını verdi, keçdi İmam Hüseynin düşərgəsinə. Təsəvvür edək: 30 minlik qoşunun komandirlərindən biri, həqiqətin nə olduğunu anlayan kimi seçimini edir - keçir bir ovuc azadxahın tərəfinə və qanına qəltan edilənədək bir an da olsun tərəddüd etmir…
İmam Həsənin oğlu Qasim, Abdullah ibn Ümeyr və Kərbəlanın onlarla digər cavanları. Həyatlarının ən şirin çağlarını yaşayan, bütün ömürləri hələ irəlidə olan insanlar. Allah məhəbbəti gənc qəlblərini dolduran bir durumda onları üzük qaşı kimi əhatə edən düşmənin üzərinə getdilər və bir an da olsun seçimlərində tərəddüd etmədilər. Qorxunu, acizliyi, zülmə baş əyməni qəbul etmədi onların dəmir iradəsi… Sonadək İlahi vəzifələrində dönməz oldular və çöhrələrində təbəssümlə əbədiyyətə qovuşdular…
İlqar İbrahimoğlu