22 Noyabr 2024 - 22
Onları şəhid etdilər… Heç kimə rəhm etmədilər… İmamın 6 aylıq balası Əli Əsğərin də başını bədənindən ayırdılar, körpə uşaqlardan, müdafiəsiz xanımlardan ibarət əsir karvanını - Peyğəmbərin (s) nəvə-nəticəsindən ibarət bu əsir karvanını şəhər-şəhər gəzdirib, olmazın məşəqqətlərə məruz qoydular…
Amma, hürlük və azadlıq bayrağını endirə bilmədilər! İmam Hüseyn və məsləkdaşları ləyaqət və izzət yolunda, İlahi dəyərləri yaşatmaq yolunda ən qiymətlilərini qurban verdilər, amma məsləklərindən dönmədilər. Onlar Kərbəla çölündə bir yenilməz fədakarlıq abidəsi ucaltdılar. Və İmamın "Şərəfli ölüm, zillətli həyatdan yaxşıdır!" çağırışı əsrlərdən bəri bütün azadxah insanları yüksək amallar yolunda fədakarlığa ruhlandıran bir mübarək dəvət olaraq qalır.
İlahi dəyərlərin, haqqın, ədalətin, doğruluğun, mərdliyin - hər bir kamalın ölməzliyini təmin edən bir dəvət…
Nə qədər nümunələr var burada! Düşmən sarsılmışdı bu qəhrəmanlıqdan! Bu yenilməzlik və qəhrəmanlıqlar sanki daha da azğınlaşdırmışdı düşməni. Çünki daha da güclü hiss edirdi, daha da çox duyurdu öz rəzilliyini, acizliyini, gücsüzlüyünü bu qurbanlar, fədakarlıqlar fonunda, bu eşq, bu məhəbbət fonunda zəlil olmuş düşmən…
Necə yazıldı bu qəhrəmanlıq eposu və kimlər yazdılar onu? Şəhidlər yazdı, sonra əsirlər yazdı bu məktəbin şanlı səhifələrini.