21 Noyabr 2024 - 21
Xərçəng idi, sol ayağını kəsmişdilər, amma buna rəğmən təhsilini yarıda qoymadı. Bahçeşehir Universitetində Psixologiya üzrə oxuyurdu, eyni zamanda sosial şəbəkələrdə çox məşhur olmuşdu. Türkiyəli Nesilcan Taydan danışıram sizə. Xəstəliyinə 3 dəfə qalib gələn 21 yaşlı sısqa bir qızdan. Bəs onu (eyni xəstəlikdən əziyyət çəkən) digərlərindən fərqləndirən nə idi? Əlbəttə ki Ruhiyyəsi!!! Heç ağlamazdı - yazırlar, ağlayarkən çirkin oluram, deyərdi. Bir də üzünü xəstəliyinə tutub danışması vardı: "bu qədər irəli gedə bilməzsən, iki addım atan kimi nəfəsimi kəsməyə haqqın yoxdu, öləsən də səni yenəcəm!" Nəhayət, xanım Tay eyni xəstəliyə dördüncü dəfə yoluxandan sonra, keçən il, İstanbulda dünyasını dəyişdi, amma bu tarixi sözü onu tanıyan hər kəsin yaddaşına həkk oldu:
"Savaşarak kayb edeceyim!"
Sizcə, təslimçi ruhiyyə hardan yaranır? Məncə, quru riyaziyyatçı düşüncədən! Tutalım, fors-major bir hal yaranır və adam dərhal beynində hesablamağa başlayır: mən canımdakı güc, əlimdəki resurslarla bu hala qalib gələ bilərəm? Xeyr! Onda niyə çabalayım ki! Halbuki çabalamağın özünün yaratdığı yeni fürsətlər, imkanlar var. ("İki qurbağa" pritçasını oxuyun).
Ana Kitab belə soyuq düşüncəni pisləyir: "nə çox olur ki, azlıq çoxluğa qalib gəlir" deyir, ikinin üstünə iki gələndə həmişə dörd etmir, bu, "Allaha təvəkkül" konsepsiyası ilə daban dabana ziddir. Tutalım, quru riyazi düşüncə haqlı olaraq bildirir ki, qələbə çoxluğun olmalıdır, lakin reallıqda tez-tez bunun əksini sübut edən şəxsiyyətlər, hərəkatlar tapılır: bəli, bu ola bilsin ki, çox vaxt belədir, amma həmişə belə deyil, olmamalıdır!
Müsəlmanı (onun bir xeyli müasir ziyalı-maarifçisini) bu vəziyyətə qoyan ən ciddi səbəblərdən biri də budur, məsələn, Qərbin indiki zahiri qüdrətini görüb, (oxu: ikinin üstünə iki gəlib), yenilgini bəri başdan qəbul ediblər. Bu tərz-təfəkkürə qalsa, əzizim, Fələstin gərək çoxdan İsrailə ağ bayraq qaldıra, Türkiyə, İran çoxdan məhv olub gedə və daha bir sürü şey olaydı.
Hansısa lider durub "onların zahiri gücü varsa, bizim də Allahımız var" deyəndə onlar bunu dərhal gülünc hədəfinə çevirirlər, nədən ki, müsəlman dünyasında "Allaha təvəkkül" konsepsiyasının ayaqlanmasından qorxurlar. İmam Hüseyn o gün həm də belə ehtiyatlı-riyazı təfəkkürə qarşı çıxırdı, var deyirdi, məsələn, şücaətin, vəhdətin, Allaha arxalanmağın gücünüzə qatdığı əlavə güc var, bu nədir, bəri başdan təslimçilik bayrağını qaldırıb oturmusunuz! Bizsə əsla təslim olmayacağıq, döyüşəcəyik, vuruşacağıq, (Nesilcan Tay demiş), birdən məğlub olsaq da kişi kimi, savaşa-savaşa olacağıq!
Çe Gevaranın bu sözünü çox sevirəm: döyüşənin məğlub olma ehtimalı var, (bu sadəcə bir ehtimaldır), təslim olansa, bəri başdan, yüz faiz məğlubdur.
İlqar Kamil