21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Abdullah ibn Həsən – Qardaş yadigarı!
27.08.2020

Abdullah, İmam Həsənin (ə) ən kiçik övladı idi, təqribən, on bir yaşı var idi və xeymələrdə qadınlarla birlikdə qalırdı. O, əmisinin qətlgahda düşmən tərəfindən mühasirə olunduğunu müşahidə etdikdə, İmama (ə) tərəf qaçdı. Bir an belə xeymələr və orada baş verənlərdən qafil olmayan İmam Hüseyn (ə) məsələni belə gördükdə, bacısına dedi:

إحْبِسيهِ يا أُخْتي

"Bacı can, onu saxla!"

Xanım Zeynəb (s.ə.) nə qədər təlaş göstərsə də, Abdullahı geri qaytara bilmədi. Abdullah güclə özünü əmisinə çatdırıb dedi:

وَاللهِ لا أُفارِقُ عَمِّي

“Allaha and olsun! Mən əmimdən ayrılmayacağam!” ("İrşad", Şeyx Müfid, səh.465 və "Biharul-ənvar", c.45, səh.53.)

Gözlənilmədən Əbcər ibn Kəb qılıncla İmama (ə) həmlə etdi. Abdullah əllərini əmisinin başı üstündə sipər etdiyi halda, fəryad etdi:

يَابْنَ الْخَبيثَة! أتَقْتُلُ عَمِّي

“Ey napak qadının oğlu! Mənim əmimi öldürmək istəyirsən?”

Qılınc onun əllərini kəsdi, əlləri dərisindən asılı vəziyyətdə qaldı.

İmam Hüseyn (ə) onu qucağına alıb buyurdu:

يابن أخي، إصْبِر عَلى ما نَزَلَ بِكَ، وَاحْتَسِبْ في ذلِكَ الخَيْرَ، فَإِنَّ اللهَ يُلْحِقُكَ بِآبائِكَ الصّالِحينَ

“Ey qardaşımın oğlu! Sənə yetişənlərə görə səbirli ol və onunla (Allahın mükafatına) göz dik, çünki o, səni saleh ata-babalarına qovuşduracaq.” ("İrşad", Şeyx Müfid, səh.465 və "Biharul-ənvar", c.45, səh.54-55.)

Bu zaman Hərmələ Abdullaha tərəf bir ox atdı və onu əmisinin qucağında şəhadətə yetirdi. İmam (ə) səmaya tərəf əllərini qaldırıb dedi:

أَللّهُمَّ أَمْسِكْ عَنْهُمْ قِطَرَ السَّماءِ وَامْنَعْهُمْ بَرَكاتِ الاَرْضِ، أللّهُمَّ فإنْ مَتَّعْتَهُمْ إلى حين فَفَرِّقْهُمْ فِرَقاً وَاجْعَلْهُمْ طرائِقَ قِدَداً، وَلا تُرْضِ عَنهُمُ الْوُلاةَ أبَداً فَإنَّهُمْ دَعُونا لِيَنصُرُونا فَعَدَوْا عَلَيْنا فَقَتَلُونا

“İlahi! Yağış damlalarını onlardan əsirgə və yerin bərəkətlərini onlardan çək! İlahi, əgər onlara ölənə qədər möhlət vermisənsə, onların arasına təfriqə sal, onları pərakəndə et və hakimləri onlardan razı salma, ona görə ki, onlar bizi bizə yardım etmək üçün çağırdıqları halda, bizimlə düşmənçilik etdilər və bizi öldürdülər.” ("Əl-kamil", İbn Əsir, c.4, səh.77; "Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.853-855.)

Maide.az