21 Noyabr 2024 - 21
Həzrət Zeynəbdən (s.ə.) belə nəql olunur: “Aşura gecəsi öz xeyməmdən çıxdım ki, qardaşım Hüseynin (ə) və dostlarının halından xəbər tutum. Gördüm ki, İmam (ə) öz xeyməsində tənha əyləşib, Rəbbi ilə raz-niyaz edir, Quran oxuyur. Öz-özümə dedim ki, qardaşımı belə bir gecədə tənha qoymaq doğrudurmu? Allaha and olsun, gedib buna görə qardaşlarımı, əmioğullarımı danlayacam. Sonra Abbasın (ə) xeyməsinə tərəf getdim, xeymənin arxasında dayandım, içəri nəzər saldım və gördüm ki, əmioğullarım, qardaşlarım, qardaşoğullarım Abbasın (ə) ətrafına yığılıb və o da xütbə oxuyur. Ondan Allaha həmd-səna, Peyğəmbərinə (s) salavat ilə başlayaraq elə bir xütbə eşitdim ki, bunu İmam Hüseyndən (ə) başqasından eşitməmişdim.”
Abbas (ə) axırda belə dedi: “Bu səhabələrin İmamla (ə) qohumluğu yoxdur. Sübh açılanda döyüş meydanına tələsən birinci şəxslər sizlər olmalısınız. Biz onlardan əvvəl ölməliyik ki, camaat “Öz səhabələrini qabağa atdılar və onlar öldükdən sonra özləri qılıncları ilə ölümü anbaan gecikdirdilər!” – deməsin.
Bəni-Haşim yerindən qalxıb qılınclarını sıyırıb dedilər: “Biz hamımız sənin əmrindəyik!”
Həzrət Zeynəb (s.ə.) sözlərinə davam edir: “Onların bu vəhdətini, sarsılmaz iradələrini, ürəkdən olan qərarlarını görəndə ürəyim sakitləşdi, sevincdən göz yaşlarım süzüldü. İstədim ki, qardaşım Hüseynin (ə) yanına gedib olanları xəbər verim. Bu zaman Həbib ibn Məzahirin xeyməsindən də səs eşitdim, xeymənin arxasında dayanıb içəri nəzər salanda gördüm ki, səhabələr də Həbib ibn Məzahirin ətrafına yığılıb və o da belə deyir: “Sübh açılanda mübarizə meydanına ilk qədəm qoyan siz olmalısınız. Biz meydana Bəni-Haşimdən öncə gedəcəyik. Nə qədər ki, damarlarımızda qan axır, hətta onlardan bir nəfərin belə ölməsinə icazə verməməliyik. Məbadə, camaat “Onlar öz ağalarını qabağa atdılar, canlarını onlardan əsirgədilər” – desin!”
Daha sonra hamı qılıncları sıyırıb bir ağızdan dedi: “Bizim hamımız səninlə eyni əqidədəyik və sənin fərmanına tabeyik.”
Mən onların möhkəm iradələrini görüb sevindim və göz yaşlarım axmağa başladı. Ağlayan halda qayıdırdım, birdən qardaşım Hüseynlə (ə) qarşılaşdım. Özümü ələ aldım və onun üzünə baxıb təbəssüm etdim. İmam Hüseyn (ə) buyurdu: “Bacı can! Mədinədən hərəkət etdiyimizdən bəri səni gülərkən görməmişəm. İndi nə olub ki, dodaqlarına təbəssüm qonub?”
Dedim: “Canım qardaşım! Təbəssümüm Bəni-Haşim və səhabələrdən gördüklərimə görədir.”
İmam (ə) buyurdu: “Bacı can! Bil ki, bunlar “Zər” aləmindən mənim dostlarım, köməkçilərimdir. Cəddim Rəsulullah (s) mənə onlar haqqında müjdə verib. Onların dönməzliyini, möhkəmliyini müşahidə etmək istəyirsən?” Dedim: “Bəli!” Buyurdu: “Xeymənin arxasına get!”
Həzrət Zeynəb (s.ə.) deyir: “Mən xeymənin arxasına getdim və qardaşım Hüseyn (ə) hamını bir yerə yığdıqdan sonra belə buyurdu: “Dostlarım! Bilin ki, bunların mən və mənimlə bir yerdə olanları şəhid etməkdən başqa hədəfləri yoxdur və mən sizin öldürülməyinizdən qorxuram. İndi sizdən beyətimi götürdüm. Kim qayıtmaq istəyirsə, gecənin bu qaranlığında qayıtsın!”
Bu zaman Bəni-Haşim və sahəbələr ayağa qalxıb öz dönməzliklərini bildirdilər.
İmam (ə) belə olduğunu gördükdə buyurdu: “İndi ki, belədir, başınızı qaldırın və Cənnətdəki yerinizə baxın!”
İmamın (ə) bu sözləri ilə onların gözləri qarşısından pərdələr götürüldü və Cənnətdəki yerlərini gördülər. Hamılıqla ayağa qalxaraq, qılınclarını siyirib dedilər: “Ey Əba-Əbdillah (ə)! Bizə icazə ver ki, bunların üzərinə gedək, döyüşək və Allah da bizə və onlara verdiyi vədəni gerçəkləşdirsin.”
İmam (ə) buyurdu: “Əyləşin! Allahın rəhməti sizin üzərinizə olsun, Allah sizə xeyirli mükafat versin! Kimin xanımı (həyat yoldaşı) yanındadırsa, onu Bəni-Əsəd qəbiləsinə tapşırsın!”
İmamın (ə) (dostlarından biri olan) Əli ibn Məzahir ayağa qalxıb dedi: “Mənim ağam, nə üçün?”
İmam (ə) buyurdu: “Mənim şəhadətimdən sonra qadınlarımız əsir düşəcək. Mən sizin qadınlarınızın əsir düşməsindən qorxuram!”
Əli ibn Məzahir xeyməsinə qayıdıb həyat yoldaşını İmamın (ə) bu sözündın xəbərdar etdikdə və onu Bəni-Əsəd qəbiləsinin yanında qoymağını bildirdikdə, qadın dedi: “Sən razısan ki, Rəsulullahın (s) qızları əsir düşsün, amma mən amanda qalım?! Zeynəbin başından çadırı açsınlar, amma mən örtülü qalım?! Qəbul edirsənmi ki, sən Allah Rəsulunun (s) yanında üzüağ olasan, amma mən Həzrət Fatimənin (s.ə.) yanında üzüqara?! Allaha and olsun, siz kişilərə, biz də qadınlara kömək edəcəyik.”
Əli ibn Məzahir ağlaya-ağlaya İmamın (ə) yanına qayıtdı. İmam (ə) ona dedi: “Niyə ağlayırsan?” O dedi: “Mənim ağam! Həyat yoldaşım sizə köməkdən başqa heç nəyi qəbul etmir.”
İmam (ə) ağlayaraq buyurdu: “Allah sizə bizim tərəfimizdən xeyir versin!” (“Məalis-sibteyn”, c.1, səh.340-342.)
Dünya tarixi belə bir fədakarlıq xatırlayırmı? Hansı cəmiyyətdə öz rəhbərinə qarşı belə bir ixlas, fədakarlıq, mənəviyyat və imanla qarışmış şücaət görünüb? Təkcə qohumlar deyil, hətta dostlar, silahdaşlar, hamısı vahid məktəbin yetirməsi, vahid müəllimin şagirdləridir. Yalnız kişilər deyil, qadınlar da fədakarlıq ruhiyyəsinə malikdir, sanki hamısı eyni mənbədən qidalanıb. Əli ibn Məzahirin həyat yoldaşının ona dediyi – “Qəbul edirsənmi ki, sən Allah Rəsulunun (s) yanında üzüağ olasan, amma mən həzrət Fatimənin (s.ə.) yanında üzüqara?!” – sözləri nə qədər də gözəl və əzəmətlidir?!
Bəli, budur fədakarlığın ən maraqlı səhnəsi. (Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi, Ayətullah Məkarim Şirazi, səh.641-650.)
Maide.az