21 Noyabr 2024 - 21
Qəsri Bəni-Məqatil mənzili və tükənməyən ibrətlər…
Həzrət İmam Hüseyn (ə) Neynəva yaxınlığında Qəsri Bəni-Məqatil adlanan yerə çatanda Kufə hadisələrindən uzaq qalmaq üçün Fərat yaxınlığında düşərgə qurmuş Übeydullah ibn Hürr Cöfinin çadırına adam göndərib hüzuruna gəlməsini istədi.
Kufənin savadlı və şüacətli böyüklərindən biri sayılan, vaxtı ilə Osmanın qanını İmam Əlidən (ə) tələb edərək Siffeyində Müaviyə üçün vuruşan bu adam İmamın (ə) elçisinə Kufədən çıxma səbəbini izah edərək geri qaytardı və imamın (ə) hüzuruna getmədi və "mən bilirəm ki, Hüseyni (ə) Kufədə öldürəcəklər, mən də ona kömək etmək gücündə deyiləm, buna görə də onun məni görməsini və mənim də onu görməyimi istəmirəm" - dedi.
İmam (ə) özü qalxıb Übeydullah ibn Hürrün çadırına gəldi və onu öz inqilabi hərəkatına qoşulmağa dəvət etdi.
İmam (ə) ona dedi: "Ey Hürrün oğlu, sizin şəhərin əhalisi mənə məktub yazıb əhd bağladılar, mənə kömək edəcəklərini dedilər və məndən şəhərinizə gəlməyimi istədilər. Amma həqiqətin iddia olunanın əksinə olduğunu gördüm. Sən keçən ömründə çoxlu günahlar edibsən. Tövbə eləmək və günahlarını paklamaq istəmirsən?!
İbn Hürr dedi: Necə?
İmam (ə) buyurdu: Peyğəmbərinin (s) qızının oğluna kömək et və onun üçün döyüş".
İbn Hürr bir sıra bəhanələr gətirərək dedi: "Allaha and olsun, bilirəm ki, sənin ardınca gələn axirətdə əbədi xoşbəxt olacaq. Amma mənim köməyimin sənə faydası olmayacaq. Çünki Kufədə sizə kömək edəcək kimsə qalmayıb. Məni bu işdən məzur qıl. Mənim nəfsim ölməyimə razı deyil, mən ölümdən qaçaqam. Bu məşhur atımı sənə verirəm, götür. Bu atla qovduğum hər düşməni tutmuşam və əlindən qaçdığım hər düşməndən xilas olmuşam. Qılıncımı da al götür. Bu qılıncla vurduğum hər kəsə ölümü daddırmışam".
İmam (ə) onun axmaqcasına və ölçülməmiş sözlərinin cavabında buyurdu: "Canını bizdən əsirgəyirsənsə, sənin atına və qılıncına da ehtiyacımız yoxdur. Çünki biz azğınlardan özümüzə kömək almırıq (Kəhf, 51). Mənə öyüd verdiyin kimi mən də sənə nəsihət edirəm: Bacardığın qədər buradan uzaqlaş.
فوالله، لا یسمع (ما سمع) واعتینا شخص (احد) ثم لا (و لم) ینصرنا الا هلک (اکبه الله علی وجهه یوم القیامة).
And olsun Allaha, hər kəs bizim səsimizi (həl min nasirin yənsurini) eşidə və bizə kömək etməyə Allah onu üzü üstə cəhənnəmə atacaqdır". (əl-Fütuh, c5, s.74, Beyrut, Darul-Əzva, 1-ci çap).
İbn Hürr sonradan peşiman oldu. Deyirlər Kərbəlaya özünü ilk çatdıranlardan və şəhidlərə növhə oxuyub ağlayanlardan və şayəd birincisidir. Bu şeir də onundur:
فیالک حسرة ما دمت حیا - تردد بین صدری و التراقی
حسین حین یطلب بذل نصری - علی اهل الضلالة والنفاق
ولو انی اواسیه بنفسی - لنلت کرامة یوم التلاق
"Ah, o həsrətə ki, həyatda ikən boğazım və sinə arasında cərəyanda olacaq.
O vaxt ki, Hüseyn (ə) nifaq və azğınlıq əhlininə qarşı məndən kömək istədi,
Əgər o gün canımı ona kömək etmək üçün versəydim, Qiyamət günü böyük məqama və hörmətə sahib olardım"
Bir müddət sonra İbn Ziyad eşitdi ki, İbn Hürr peşiman olub və İmam Hüseynə (ə) kömək etmədiyi üçün özünü danlayır və Kərbəla faciəsini hər yerdə danışır. Bunu görə onu həbs etmək istədi. İbn Hürr vaxtında xəbər tutub qaçdı. Özünü Kərbəlaya yetirib şəhidlərin məzarları önündə dayanıb məşhur 14 beytlik şerini oxudu. :
یقول امیر قادر و ابن غادر - الا کنت قاتلت الحسین بن فاطمه
و نفسی علی خذلانه واعتزاله - و بیعة هذا الناکث العهد لائمه
فیا ندمی ان لا اکون نصرته - الاکل نفس لاتسدد نادمه
و انی لانی لم اکن من حماته - لذو حسرة ما ان تفارق لازمه
Übeydullah ibn Hürr bir müddət fərari yaşadıqdan sonra Muxtarın qiyamı zamanı üzə çıxdı. Muxtarın səsinə səs verib Mədainə getdi. Amma daha sonra Muxtara xəyanət edərək Müsəb ibn Zübeyrə qoşuldu və Muxtara qarşı vuruşdu. Bir müddət sonra Müsəb ona qarşı bədgüman oldu və onu həbsə saldı. Həbsdən çıxdıqdan sonra isə Əbdülməlik Mərvana qoşuldu. Kufəyə qayıtdıqda isə hakimiyyətin İbn Zübeyrin adamlarının əlində olduğunu görüb qaçdı. Yaralı halda gəmi ilə Fərat çayını keçərkən əsir düşməmək üçün özünü çaya atıb həlak etdi. Bəzi tarixçilərin dediyinə görə, Müsəb ibn Zübeyr onun cənazəsini 68-ci hicri-qəməri ilində Kufənin darvazasından asdı.
(Təbəri, 5, 105-135; əl-Kamil, c.4, s.50-51 və 288-289; Ənsabul-Əşraf, 5, s.295; Vəqətut-Təff, s.277; Cavad Şübbər, "Ədəbut-Təff", c.1, s.93-100; Müfid, əl-İrşad, c.2, s.81-82; Xarəzmi, Məqtəl, c.1, s.26; Müqərrəm, Məqtəl, s.189; Xəzanətul-Ədəb, c.2,s.158; əl-Əxbarut-Tival, s.250; Cəmhərətul-Ənsabul-Ərəb, c.385; İbn Əsakir, Tarixu Dəməşq, c.37, s.420; Əllamə Məclisi, Biharul-Ənvar, c.44, s.315).
P.S: Bəli, dünya sevgisi, bəsirətsizlik, hadisələri düzgün analiz edə bilməmək, vaxtında doğru qərarı verməkdə tərəddüd etmək və ən önəmlisi zamanın məsum və ilahi rəhbəri və imamını tanımamaq İbn Hürr kimi şair, ədib, şücaəti ilə tanınan bir "şəxsiyyət"i bədbəxtlərin sıyahısına yazdı. Hətta Kərbəla hadisəsindən sonra peşiman olması, hamıdan tez gəlib səhrada düşən cəsədlərə növhə oxuması və Kərbəla şəhidlərinə ilk şeir deməsi də onu qurtarmayacaq... Buna görə də gecə və gündüzümüzü imamət və vilayəti öyrənməyə sərf etməli, İmam Zamanımızla (ə.f) mənəvi rabitə yaratmalıyıq. Yoxsa, hətta sən imamı deyil, imam səni görməyə gəlsə belə, bəsirət və mərifət olmasa, nicat tapa bilməyəcəksən.
Mirməhəmməd Bəşirov