21 Noyabr 2024 - 21
Həyatım boyu mübarizəmdə özümə örnək Kərbəla şəhidlərini seçmişəm. İmam Hüseyn (ə) və silahdaşları da “kef” edə bilərdilər. Yezidə tabe olsaydı, ona və silahdaşlarına hər cür şərait yaradacaqdılar. Amma imam şəhidliyi seçdi. İmam şərəfsizliyi seçmədi. İmam nəfsi seçmədi. Çünki onun üçün bir düz xətt var idi: Olum və Ölüm. Ölümə qədər yolu sınmaqla, əyilməklə də getmək olardı. İmam bu yolu seçsəydi İmam Hüseyn (ə) ola bilməzdi. Bu gün də yaşaya bilməzdi. İnsan olumdan ölümə doğru gedir. Xoşbəxt o insandır ki, bu yolu düz gedir... Milləti də, Vətəni də bu insanlar xoşbəxt edə bilər. Bunu tarix sübut edibdir.
Kərbəlada İmam Hüseynlə (ə) birlikdə olanların Aşura günü rəşadəti və əzəməti inkar olunmaz bir həqiqətdir. Onlar həmin gün şəhid oldular. Onların heç birində qorxudan, zəiflikdən, acizlikdən əsər yox idi. Bu insanlar uşaqdan böyüyədək əzəmətli bir ruhiyyəyə malik idilər. Onlar şəhid oldular ki, insanlar şərəfli ölümün şərəfsiz yaşamdan nə qədər ucada durduğunu öyrənsinlər. Onlar şəhid oldular ki, insanların və insanlığın Allaha, dinə sevgisi, düşmənə nifrəti ölməsin. Onlar şəhid oldular ki, kişilik ölməsin, mərdlik ölməsin, qeyrət ölməsin. Onlar şəhid oldular ki, bizə əqidə yolunda şəhid olmağı öyrətsinlər. Vətən yolunda şəhid olmağı öyrətsinlər. Torpaq uğrunda şəhid olmağı öyrətsinlər, xalq yolunda, millət yolunda şəhid olmağı öyrətsinlər.
Dilavər Əzimli - Tarix üzrə fəlsəfə doktoru.