21 Noyabr 2024 - 21
İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım Zeynəb (ə) yüksək əxlaqa, səbrə, əzəmətə, elmə və natiqliyə sahib bir xanım idi. Xanım Zeynəb, təkcə qadınlar arasında deyil, kişilər arasında da nümunəsi az-az tapılan qadın idi.
İlahi göstərişlə qoyulan ad - Zeynəb
Xanım Fatimə (s.ə) Zeynəbi (s.ə) dünyaya gətirəndə Peyğəmbər (s) Mədinədə yox idi. Ona görə də Xanım Fatimə Həzrət Əlidən (ə) uşağa ad qoymasını istədi. Əli (ə) isə bildirdi ki, Allahın Peyğəmbərinin (s) səfərdən dönməsini gözləsinlər və o, hansı adı məsləhət bilsə, o adı da qoyacaqlar. 3 gündən sonra Peyğəmbər (s) səfərdən döndü. İmam Əli (ə) mətləbi ona çatdırdı. Və ondan uşağa ad qoymasını istədi. Peyğəmbər (s) bildirdi ki, Fatimənin övladları mənim övladlarım olsa da, onlar barəsində qərar vermək yalnız Allaha məxsusdur. Ona görə də mən ilahi vəhyi gözləməliyəm. Bundan sonra Cəbrail (ə) nazil olaraq bildirdi: "Ya Peyğəmbər, Allah buyurur ki, bu qızın adını Zeynəb qoyasan. Çünki bu adı Lövhi-Məhfuzda bu cür yazmışam". Bunu eşidən Peyğəmbər (s) təzə doğulan körpəni onun yanına gətirilməsini istədi. Uşağı qucağına alan Peyğəmbər (s), onu öpərək buyurdu: "Ümmətin hal-hazırda mövcud olanlarına və gələcək nəsillərə vəsiyyət edirəm ki, bu qızın qədrini bilsinlər, ona hörmət etsinlər. Çünki o, Xədicəyi-Kubra kimidir".
Bir qəlb, iki məhəbbət
Xanım Zeynəb (ə) hələ uşaq yaşlarından yüksək mərifətə sahib idi. Bir gün o, atası Əlidən (ə) soruşur: "Atacan, məni çox istəyirsən?". Əli (ə) cavab verir ki, bəli, qızım, çox sevirəm. Bu cavabdan sonra Xanım Zeynəb (s.ə) buyurur: "İki məhəbbət- Allaha və övladlara qarşı duyulan məhəbbət bir qəlbə sığa bilməz. Ona görə də, əslində, xalis və həqiqi məhəbbət Allaha məxsusdur. Şəfqət, ürəyi yanma və rəğbət isə övladlara məxsusdur. Və övladlara qarşı duyulan məhəbbət özü də Allaha xatir olur".
"Müsibətlər anası"
Heç şübhəsiz ki, Xanımın (s.ə) həyatının ən çətin və ən dəyərli anları Kərbəla müsibətində - qardaşı İmam Hüseynin (ə) qafiləsində olmasıdır. Buna görə də Xanımı "müsibətlər anası" adlandırırlar. Dağlar böyüklüyündə dərd gəlir, qəm gəlir, amma Xanım Zeynəb (s.ə) səbir edir. İmam Hüseyni (ə), Həzrət Abbası (ə) şəhadətə yetirirlər, amma o səbir edir. Bu azmış kimi, iki oğlunu da şəhadətə göndərir. Amma təmkinini itirmir. Buna görə də birmənalı olaraq, Kərbəla hadisəsini tədqiq edənlər bildirirlər ki, İmam Hüseynin (ə) vəzifəsi Kərbəlaya qədər idi, ondan sonra isə heç də daha az məsuliyyətli olmayan bu məşum hadisəni yaşatmaq vəzifəsi gəlirdi. Bunu da Xanım Zeynəb (s.ə) və İmam Səccad (ə) ən kamil şəkildə yerinə yetirdilər.
Məhrumiyyətlər içində ibadət
İmam Səccad (ə) bibisi Həzrət Zeynəb (s.ə) barəsində bildirir: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, münacatlarını edirdi. Bütün bu məhrumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı".
Bundan əlavə, Kərbəla qəhrəmanının ibadətindən xəbərdar olan Seyyiduş-Şühəda İmam Hüseyn (ə), Xanıma (s.ə) buyurmuşdu: "Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma".
Deyerler.org