03 Dekabr 2024 - 3
Günəş baş verənlərdən bixəbər şəkildə yenə öz nurunu kəndin üzərinə saçmaqda idi. Dağın üzərindən boylanan Günəş, kəndin son evindən başlayaraq mərkəzinə doğru qaranlıqları qovurdu. Kənd əhli artıq qoyun-quzusunu çobana təhvil verib, gün qızmadan həyət-bacada səliqə-sahmanla məşğul idilər.
Kimisi təndir başında sübh namazından bişirməyə başladığı çörəkləri teştə yığıb evə doğru gedir, kimsi də böyük həyətini süpürüb yarpaqları, kol-kosu bir yerə toparlayırdı. Xülasə, kənd həyatı öz axarı ilə davam edirdi.
Günəşin kənddə ilk ziyarət etdiyi – kəndin ən son evlərinin birindən köhnə nimdaş pencəkli bir kişi aramla evindən çıxdı. Əlində çiyninə çatan qurumuş bir ağac olan, ayaqlarında qurumuş palçıqlı qaloş geyinmiş, beli bükülmüş kişi həyətdən çıxıb uzun müddət rəng görməyən, pasla örtülmüş darvazasını bağladı. O, dərindən bir ah çəkdi. Üzünü, ətəyinə doğru qarla örtülü olan dağa tərəf çevridi, sol əlini cibinə saldı. 2 övladını bir gündə torpağa verən şəhid atasının, bir neçə günün içində illərin ağırlığına tab gətirməyən salxım söyüd kimi beli əyilmiş, gözləri çuxura düşmüşdü.
Kişi ağır addımlarla kəndin içinə doğru yola düzəldi. Əlindəki çomağa söykənərək addımlayan kişi, dodağının altında öz-özü ilə danışaraq kəndin içi ilə irəliləməyə başladı. Aram addımlarla yeriyən bu kişi, kənd camaatına heç nə demədən moizə edir, xütbə söyləyirdi.
Evlərin birindən ucalan məişət söhbətləri həmişəki kimi uzaqdan eşidilrdi. Güldəstə arvad yenə işə getmək üçün sübh yeməyini yeyən yoldaşı Ərəstun kişi ilə tamamlanmayan hamamın davasını edirdi.
Birdən yoldaşının dayandığını görən Ərəstun kişi, Güldəstənin baxdığı istiqamətə – pəncərəyə tərəf baxdı. Gözü pəncərədən evlərinin yanından aram addımlarla ötən beli bükülmüş kişiyə sataşdı və ağzına qoyduğu tikə boğazında düyünləndi. Güldəstə arvad da heç nə demədən gözlərindən süzülən yaşı silərək, boş-boş baxmağa başladı.
Kişi aram addımlarla yoluna davam edirdi...
Müəllimin uşaqları sakit eləmək cəhdləri növbəti dəfə uğursuz olmuşdu. Sinifdə hay-küydən müəllimin səsi eşidilmirdi. Əlindəki təbaşiri dəfələrlə lövhəyə çırpan müəllim, uşaqları sakit edə bilmirdi. Qaynamaqda olan sinif, anidən səssizliyə qərq oldu. Müəllim ani səssizliyin qarşılığından təəcüblə uşaqların baxdığı istiqamətə baxdı. Əlində iri qurumuş budaq tutan, beli bükülmüş kişi, aram addımlarla məktəbin pəncərəsinin önündən keçirdi. Uşaqlar səssiz şəkildə oturub, yavaş-yavaş uzaqlaşan kişinin arxasınca baxdılar. Hər kəs məchul bir nöqtəyə baxa-baxa qaldı...
Kişi aram addımlarla uzaqlaşmaqda idi. Gün yavaş-yavaş öz yerini tutmaqda idi.
Kənd dükanının qarşısında yığışan bir neçə nəfər nə barəsindəsə söhbət edir və uca səslə gülürdülər. Anidən gənclərdən biri işarə verərək, gələn kişini göstərdi. Cavanlar siqaretlərini gizlədib, başlarını aşağı saldılar. Səssizcə yanlarından aramla ötən kişini izləyirdilər. Bir ağızdan ahəstə salam verdilər. Kişi gözünü yerdən ayırıb, salam verən istiqamətə baxdı və onların çiyinlərinin üstündən ona doğru baxaraq təbəssüm edən iki şəhid balasını da gördü. Kişi təbəssüm etdi və salamlarını aldı. Bu təbəssüm özlərini toparlamağa çalışan cavanların ürəyinə sanki ox kimi sancıldı. Hıçqırtılarını gizlətmək üçün başlarını aşağı dikib, barmaqlarını dişlədilər...
Kişi aramla yoluna davam etməkdə idi və nəhayət bağlı qapılı “İmam Hüseyn (ə)” məsicidinə çatdı. Heç kəs üçün açılmayan həyət darvazasını, beli bükülmüş kişinin uzaqdan gəldiyini görüb, açmışdılar.
Kişi aramla gəlib, məscidin həyətində qoyulan yarısökük skamyada üzü məscidə doğru oturdu. Papağını götürüb, yanına qoydu. Cibindən çıxartdığı dəsmalla alının tərini silib, dərindən bir köks ötürdü. Səssiz-səmirsiz məscidə baxaraq, birdən hönkürtü ilə ağlamağa başladı. Əlləri ilə üzünü tutub, əsən dizlərinə doğru əyildi. Şəhid atasının hıçqırtısına sanki, axan çaylar, lal dağlar, başı üzərindən ötən buludlar da qarşılıq verdi. Yanında övladlarının nəfəsini hiss edən ata, özünü toparlayaraq bağlı qapılı məscidə tərəf uzun-uzadı baxdı.
“Ey mənim dərd ortağım, mən gəlmişəm üzü qara, günahkar aşiqin. Amma bu gün xurcunumun küncündə bir şey də gətirmişəm. Sənin verdiklərinin müqabilində bir şey deyil, amma olanım bunlar idi. Bir də bilməyini istəyirəm ki, həyatımda onlardan dəyərli heç nəyim yox idi. Hüseyncan (ə), qəbul edərsənmi?” - şəhid atası sözünə ara verib, məchil bir nöqtəyə baxaraq sözünə davam etdi.
“Hüseyncan (ə), eşitmişəm sənin Əli Əkbərin (ə) şəhid olanda demisən ki, “Əlican, səndən sonra bu dünyanın başına kül olsun”. Canım fəda olsun, sən nə gözəl demisən! Mən də Əli balamın şəhadətini eşidəndə, ilk olaraq yadıma sənin o sözün düşdü. Mənim də Əli balam bir əbaya yığılası halda idi. Minaya düşən balamı, birtəhər bir yerə yığa biliblər. Görəsən, onu Əli Əkbərinin (ə) nökəri olaraq qəbul edərsənmi? – gözlərindən süzülən yaşı əlinin arxası ilə silən ata, Şəhidlər Sərvərinə (ə) olan münacatına davam edirdi:
“Hüseyncan (ə), eşitmişəm sənin Əbülfəzlin (ə) şəhid olanda demisən ki: “Qardaş, sənin ölümün belimi qırdı”. Canım sənə fəda olsun, mənim Əbülfəzlim şəhid olana qədər belin qırılmasının necə olmasını anlamamışdım...
Nur üzlü Əbülfəzlim şəhid olanı, belim sınıb”, – şəhid atasının üzü məscidə tərəf olsa da, qəlbən Kərbəlaya tərəf istiqamətli idi. O, Şəhidlər Sərvərinin (ə) özəl qonaqlarından idi...
Şəhidlər bir güldür və onları İmam Hüseyn (ə) dərib, öz bağçasında əkər.
Mətləb Həmzəli
/Kerbela.info/Deyerler.org/