19 Aprel 2025 - 19
Bütün əsirlərin hamısı Xanım Zeynəbdir (ə). O uşaq onun tərəfə qaçır, bu uşaq əziyyət görür onun üstünə qaçır, bütün əsirlərin problemləri Xanım Zeynəbin üzərindədi, həmçinin Xanım Həzrət Səccadı da (ə) qorumalıdır. Qoymamalıdır onu öldürsünlər. Təsəvvür edin ki, Xanım Zeynəbin (s.ə.) Həzrət Səccadı (ə) qoruması nədir. Qiyamətə qədər olan dini qoruması deməkdir. Həmin anda Allah öz dinini qorumağı Xanım Zeynəbə (s.ə.) tapşırır ki, qiyamətə qədər o din yaşasın. Bir az bunun üzərində təfəkkür edəndə həqiqətən insanın ağlı heyrətə gəlir.
Nə qədər sən əmanətdar olasan ki, Allah öz höccətini sənə əmanət etsin. Nə qədər sən şücaətli olasan ki, Allah öz höccətinin qorunmasını sənə həvalə etsin. Nə qədər sən səbirli olasan ki, bu qədər müsibətlərdən sonra sən heç bir daxili hisslərini işə qarışdırmadan dinin müdafiəsində dayanasan. Təsəvvür edin ki, Xanım Zeynəb (ə.) olmasa Kərbəlanın zərrəsi bizə çatmazdı. Xanım Zeynəbin Kufədə, Şamda etdiyi xütbələr olmasaydı İmam Hüseynin (ə) amallarını, məqsədlərini çatdırmasaydı bu gün din yox olub getmişdi. Yezid (l), İbni Ziyad (l) İmam Səccadı (ə) öldürmək istəyəndə Xanım Zeynəb (ə) öz sinəsini onun qarşısına verməsəydi bu gün din yox idi. Bu gün sən namaz qılırsan, məscidin var, şiəsən, 12 imamçısan gəlmisən Allah yoluna bilki Həzrət Zeynəbin (ə) haqqı var boynunda.