25 Noyabr 2024 - 25

25 Noyabr 2024 - 25

İmam Məhəmməd Baqir (ə)
05.11.2017

İmamətin 5-ci ulduzu, İmam Mühəmməd Baqir (ə) hicrətin 57-ci ilində Rəcəb ayının 1-i Mədinə şəhərində doğulub. Atası İmam Zeynül-Abidin (ə) anası İmam Həsən (ə)-ın qızı Fatimədir. İmamın Baqir, Hadi, Sabir, Şakir, Cami, Hazir, Şəbih, Nasir kimi ləqəbləri var. Buna görə də, İmam Baqir həm ata, həm də ana tərəfdən Həzrət Əli və xanım Zəhranın nəslinə yetişən ilk şəxs olmuşdur. Oğlanları Əbu Əbdillah (İmam Sadiq əleyhissalam), Əbdüllah , İbrahim, Übeydullah, Rəca, Əli, qızları Zeynəb və Ümmü Sələmə.

Həzrətin İmamət dövrü on səkkiz il olmuşdur.


İmam elmi inqilabın banisi və öz imaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin imaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait hazırladı. İmam Baqir elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən , İmam Hüseynin övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir. Dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən elmi cəhətdən faydalanırdılar. Cabir ibn Yezid Cüfi, Kisan Sicistani, həmçinin İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş.
Sünni məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud, Müsnədi-Əbu Hənifə, Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş, Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin mənalı sözləri ilə doludur və onların hər yerində "Məhəmməd ibn Əli (İmam Baqir) buyurmuşdur", yaxud "Məhəmməd Baqir buyurmuşdur" ifadəsi gözə dəyir.

İmam Baqirin elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət "Baqirül-ülum" (elm qapılarını açan, elmi müşkülatı həll edən, elmləri yaran) ləqəbi almışdı. İbn Həcər Heytəmi yazır: "Məhəmməd Baqir maarifin gizli dəfinələrini taparaq elmləri aşkar etmiş, həmçinin, əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən, elm bayrağını ucaldan adlandırmışlar."

İmam Baqir öz sözlərində adətən Quran ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: "Dediyim hər hansı məsələni məndən soruşsanız ki, bu, Quranın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm."

İmam Baqir (ə) məktəbinin şagirdləri: Bu haqda İmam Sadiq (ə) buyurub: "Bizim məktəbi və atamın hədislərini dörd nəfər dirçəltdi. O dörd nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuşdur. Əgər bunlar olmasaydı, bir nəfər din təlimatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslərdir və qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar."

İmam Baqir (ə) cəddi İmam Hüseyni (ə) görməyə nail olmuş İmamlardandır. Seyyidi-Şühəda (ə) onu qucağına otuzdurmuş və buyurmuşdur: "Allahın Rəsulu (s) sənə salam göndərmişdir". İmam Baqir (ə) Kərbəlada olan canlı şahidlərdəndir. Kərbəla hadisəsində İmamın 4 yaşı var idi. İmam Baqir (ə)-ın özündən hədis var ki buyurur: "Cəddim İmam Hüseyn (ə) şəhid olanda mənim dörd yaşım var idi. O Həzrətin şəhadəti və o gün orada baş verənlər yadımdadır".
İmamın o zaman dörd yaşı olduğu üçün onun Yezid (lən) hökumətinə qarşı çıxmasını gözləmək yersiz olardı. Lakin İmam (ə) kiçik olmasına baxmayaraq, Kərbəla hadisəsini həmişə xatırlayır və onu canlı saxlamağa çalışırdı. O, əlinə cəddi İmam Hüseynin (ə) üzüyünü taxardı. İmam Baqir (ə) atasının nəql etdiyi kimi buyurardı: "Hər mömin ki, Hüseyn ibni Əlinin (ə) şəhadətinə görə ağlarsa, göz yaşı üzünə axarsa, Allah behiştdə ona bir hücrə verəcəkdir ki, orada sakin olsun".

Hz. Peyğəmbərin (s) təqvalı səhabələrindən biri sayılan Cabir İbn Abdullaha buyurmuşdu: "Ey Cabir! Sən sağ qalaraq Tövratda adı Baqir olaraq yazılmış övladım Muhəmməd ibn Əli ibn Hüseyni görəcəksən. O zaman mənim salamımı ona yetirərsən." Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra Cabir uzun müddət yaşadı. Bir gün Cabir İmam Səccadın (ə) evinə gəldikdə orada balaca bir uşaq gördü və İmam Səccaddan (ə) "Bu uşaq kimdir?" - deyə soruşdu. İmam cavab verdi: "Bu oğlum Muhəmməd Baqirdir ki, məndən sonra müsəlmanlarin imami olacaq". Bu zaman Cabir imamın ayağını öpüb dedi: "Sənə canım qurban olsun, Ey Peyğəmbərin (s) övladı. Baban Peyğəmbərin (s) salamını qəbul et. O mənim vasitəmlə sənə salam göndərmişdir." İmamın gözləri yaşardı və buyurdu: "Babam Peyğəmbərə (s) göy və yerlər durduqca salamlar olsun. Sənə də ey Cabir salam olsun ki, Onun salamını mənə yetirdin."

İmam Baqir (ə) Şamda: İmam Baqir (ə)-ın şərəfli ömrünün mühüm hadisələrindən biri də, o Həzrətin Şama səfəridir. İmam Baqir (ə)-ın müasiri olmuş Hişam ibn Əbdülməlik İmam Baqir (ə)-ın camaat arasındakı məhəbbət və nüfuzundan daima qorxmuş, o Həzrətin ardıcıllarının (şiələrinin) onu "İmam" kimi tanımasını bildiyi üçün həmişə onun mənəvi nüfuzunun və eləcə də, şiələrinin artmasının qarşısını almağa çalışmışdır. İmam Baqir (ə) bir dəfə öz əziz oğlu Cəfər ibn Məhəmməd (ə) (İmam Sadiq) ilə həcc ziyarətinə getdiyi il Hişam da həcc ziyarətinə gəlmişdi. Həcc mövsümü zamanı İmam Sadiq (ə) bir dəstə müsəlman arasında Əhli-beytin fəzilət və İmaməti barədə söhbət etmiş, bu söhbət dövlət məmurları tərəfindən dərhal Hişama çatdırılmışdı. İmam Baqir (ə)-ı öz hökuməti üçün daima təhlükəli hesab edən Hişam bu söhbətdən bərk qəzəbləndi, ancaq (bəlkə də, məsləhət belə olmuşdur) həcc mövsümü zamanı ona və həmçinin, oğlu İmam Sadiq (ə)-a heç bir zərər yetirmədi. Lakin paytaxta (Dəməşqə) qayıtdıqdan dərhal sonra Mədinənin valisinə əmr etdi ki, İmam Baqir (ə) və oğlu İmam Sadiq (ə)-ı Şama (Dəməşqə) göndərsin. İmam Baqir (ə) məcbur olub əziz oğlu İmam Sadiqlə (ə) birgə Şama getdi. Hişam öz əzəmətini göstərmək və eləcə də, öz xəyalına əsasən, İmam Baqir (ə)-ın məqamını azaltmaq üçün üç gün o Həzrətə görüş icazəsi vermədi. Bəlkə də, bu üç gün ərzində o, İmam əleyhissəlamla necə üz-üzə gəlmək və o Həzrətin məqamını camaat arasında necə gözdən salmaq haqda tədbir tökürdü.
Nəhayət İmam Muhəmməd Baqir (ə) hicri 114-cü ildə Mədinə şəhərində Hişam ibn Əbdül-Məlik tərəfindən şəhid edildi. Hazırda imamın qəbri-şərifi Bəqi qəbristanlığındadır.

Vikipediya – sahartv - deyerler.org