21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla əsirlərinin savabı heç də Kərbəla şəhidlərindən az deyil
05.02.2018

Kərbəla hadisəsi çox qısa bir zaman çərçivəsində baş tutur. Amma Kərbəla hadisəsini yaşatmaq və ardıcıl olaraq insalara, bütün tarixə çatdıran, İmam Hüseynin (ə) şəhadətindən sonra ən böyük məsuliyyət Xanım Zeynəb (s.ə.) və İmam Səccadın (ə) üzərinə düşür. Bəzi alimlərin ibarəsi ilə desək bu meydanda Həzrət Zeynəbin (ə) və İmam Səccadın (ə) vəzifəsi heç də İmam Hüseyndən (ə) az deyildi. Bəlkə də daha çətin və daha ağır idi. Xanım bir hərəkatın təməlini qoydu. Hadisəni törətmək bir mənada asandır, amma onu yaşatmaq, onun hədəfini insanlara çatdırmaq çətindir.

Tarixdə bu hərakatı başqa cür məna edənlər, başqa istiqamətə yönəltmək istəyənlər də az olmayıb. Təbii ki, bu hadisədən sonra İmam Hüseynin (ə) inqilabı düzgün məna olunmasaydı, insanlara düzgün çatdırılmasaydı İmam Hüseynin (ə) hədəfi də özü ilə Kərbəlada dəfn olunacaqdı və o hədəfə nail olmaq mümkün olmayacaqdı. Amma bu ilahi düşüncələrlə, ilahi təlimatın nəticəsində İmam Hüseyn (ə) Kərbəlaya doğru hərəkət etdikdə Xanım Zeynəbi (ə) və bütün ailəsini özü ilə götürür ki, bu hərakatı, bu hədəfi İmam Hüseyndən (ə) sonra insanlara, tarixə və bütün bəşəriyyətə çatdırsınlar.

Ümumiyyətlə Xanım Zeynəb (s.ə.) və Kərbəla əsirləri bu hədəfi aradan getməyə qoymadılar və bu hadisənin yolunu azdıranları və buna cəhd edənlərin qarşısını aldılar. Xanım Zeynəbin (ə) və İmam Səccadın (ə) Kərbəladan sonra Kufədə, Şamda olan o nitqlərinin sayəsində İmam Hüseynin (ə) hərakatının hədəfi və amalı yaşadı və bu günə qədər gəlib çıxaraq insanlara düzgün çatdırıldı. Odur ki, Kərbəla hadisəsində olan əsirlərin məqamları, vəzifələri və məsuliyyətləri, Kərbəla hadisəsində olan şəhidlərdən heç də az deyil. Hətta bəzi alimlərin dili ilə desək daha ciddi və daha əhəmiyyətlidir. Çünki bir inqilabı ayaqda saxlamaq və o inqilabı davam etdirmək ən əhəmiyətli və ən mühüm vəzifələrdəndir.

Hacı İlham Əliyev