21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hüseynlə (ə) birlikdə olanlar "mütməinnə nəfs" məqamına çatanlar idi
03.03.2018

Bəzi rəvayətlərdə nəql olunur ki, imamlar öz səhabələrinə "Fəcr" surəsini çox oxumağı tövsiyə etmişlər. Bu surəni xüsusi ilə vacib və müstəhəb namazlarda davamlı şəkildə oxuyan şəxs qiyamətdə İmam Hüseyn (ə) ilə məşhur olacaq. Çünki "Fəcr" surəsi Hüseyn (ə) surəsidir.

Rəvayətçi bu barədə soruşduqda ona buyurulur:

"Məgər surənin sonunu oxumamısanmı? "Nəfsul-mutməinnə" ("arxayın nəfs") Hüseyndir. Hər kəs Hüseyn (ə) həyatı yaşasa mutməinnə nəfsə sahib olar. Çünki bu şəxs İmam Hüseyn (ə) surəsi ilə daha çox ünsiyyətdə olmuşdur."

İmam Hüseynlə (ə) birlikdə olmuş ardıcıllar mutməinnə nəfs məqamına çatanlar idi. Çünki onlar tam xəlbirlənmişdilər. (Siffeyndə həzrət Əli (ə) ilə hər cür adam vardı. İmamın qoşununda Əşəs ibn Qeys kimi təhlükəli münafiqlər vardı. Bu savaşın məğlubiyyətlə nəticələnməsinin əsl səbəbkarı belə münafiqlər idi. Həzrət Əlinin (ə) sərkərdələrindən biri olan Əşəs münafiq idi. O pərdə arxasında Müaviyə ilə əlaqə saxlayır, Əlinin (ə) ədalət hökumətini istəmirdi.) Müslim ibn Əqil və Hani ibn Ürvənin şəhadət xəbəri çatdıqda, Məsudinin yazdığına görə İmam Hüseynlə 500 atlı və xeyli piyada vardı.

İmam Hüseyn (ə) təhlükəli bir məqamda üzünü ətrafdakılara tutub buyurur: "Gələn xəbərləri eşidirsiniz. Biz qılınclara və nizələrə doğru gedirik. Mən beyətimi götürürəm, kim istəyirsə getsin. Siz azadsınız." Bu sözlərdən sonra imamın ətrafındakılar dəstə-dəstə getməyə başladı. Onlar imamın sağından və solundan ötüb keçirdilər! Amma imamla qalıb Kərbəlaya daxil olanlar xalis və mutməinnə nəfs məqamına çatanlar idi. Onların arasında Büreyr ibn Xüzeyr, Müslim ibn Ovsəcə, Həbib ibn Məzahir kimi şəxslər, hətta xalis imanlı qulamlar vardı.

Bu qulamlar imamın feyz dolu vilayətindən bəhrələnib xeyli inkişaf etmişdilər. Əbuzərin peyğəmbər ailəsinə bağışladığı qara qulam (Cun) meydana çıxmaq icazəsi istədi. Həzrət buyurdu: "Sən bizim ailədə xeyli zəhmət çəkib yaşa dolmusan. Yaxşı olmaz ki, bizim düşdüyümüz çətinliklərdən sən də zərər görəsən!" Qulam çox qəmləndi və ağladı. O imama dedi: "Ağa! Elə bil, mənim qanımın bəni-Haşimin ay çöhrəli cavanlarının qanına qatışmasını istəmirsiniz. Mənə minnət qoy, icazə ver ki, dəyərsiz qanım bu gənclərin pak qanına qatışsın. Bu sözlər imamın qəlbini sızlatdı. İmam onu qucaqlayıb öpdü və buyurdu: "Bir halda ki, meylin var, get." Qulam meydana çıxıb fədakarlıqla vuruşdu, on iki düşmən döyüşçüsünü öldürüb, nəhayət, yerə yıxıldı. O "Əssəlamu ələykə ya Əba Əbdillah" deyirdi. İmam Hüseyn (ə) sürətlə özünü ona çatdırıb üzünü qulamın üzünə qoydu. Qulam yarıcan halda gözünü açdı və imama baxıb gülümsündü. Onun bu təbəssümü sanki "ağa, bu mənəm, axır anda başını sənin dizin üstünə qoymaq şərəfinə çatmış qulamam" deyirdi. İmam qulamın "Mənim qoxum pisdir, çöhrəm qaradır" sözlərini xatırlayıb əllərini göyə qaldırdı və dedi: "Pərvərdigara! Onu ətirləndir, üzünü ağ və nurani et." Bir qrup hədisçi yazır ki, imam Səccad (ə) şəhidləri dəfn etmək üçün Kərbəlaya gəldiyi vaxt qulamın cəsədi orada tapılmadı. On gün ötmüş Fərat kənarında xoş bir ətir duyuldu. Həmin yerə yaxınlaşıb qulamın cənazəsini tapdılar. Onun çöhrəsi on dörd gecəlik ay tək parlayırdı, bədənindən qalxan müşk qoxusu fəzanı ətirləndirirdi.

Əli Əsğər Hərəndi