23 Noyabr 2024 - 23
Sual: Aşura haqqında şübhəli məqtəl və tarixi hadisələri bəyan etməyin şəriət baxımından hökmü nədir?
Cavab: Bu sualı iki cəhətdən təhlil etmək olar. Həm fiqhi cəhətdən, həm də ondan doğan nəticələr cəhətindən. Fiqhi cəhətinə gəlincə belə bir sual yaranır: İnsan düzgünlüyünə inamı və yəqini olmadığı bir mətləbi söyləyə bilərmi, yaxud məddahlıq edərkən və mərsiyədə ondan istifadə edə bilərmi? Məlumdur ki, bu sualın cavabı mənfidir. İslam dinində insanın tərəddüddə olduğu və bir nəfərdən eşitdiyi bir mətləbi təkcə eşitməklə nəql etməyə haqqı yoxdur. Hədislərin bəzilərində gəlibdir ki, insan bir şeyi təkcə eşitməklə başqalarına nəql edərsə və bu mətləbin düzgün yaxud səhv olduğunu bilməzsə, bu yalan sayılır. Bu cəhətdən məddahlar – imam Hüseyni (ə) mədh edən şəxs – və moizə edənlər, düzgünlüyünə yəqin etdikləri mətləbləri söyləməlidirlər. Başqa sözlə desək, məsum imamlara (ə) bir sözü sənədsiz-sübutsuz nisbət verə bilmədiyimiz kimi, eləcə də dəlilsiz və şəkk etdiyimiz işləri də, onlara aid edə bilmərik. Əgər "İmam Hüseyn (ə) Aşura günü bu işi gördü" – demək istəsək, onu sənədsiz deyə bilmərik. Əks təqdirdə yalan və iftira olar. Bu cəhətdən, böyüklərimiz bir mətləb və hadisəni nəql etdikdə onun sənədini də qeyd edirlər. Hətta böyüklərdən bəziləri zikri-müsibəti məqtəlin üzündən oxuyurdu. Ondan doğan nəticələr cəhətindən isə, diqqət olunmalıdır ki, – yalan olmasını nəzərə almadan – bir mətləbin, əməlin və hadisənin nəqli, mümkündür toplumun maarifini təsiri altına alsın. Əgər onun sonu mənfi, yaxud din təlimlərinin ziddinə olarsa, onun bütün günahı o mətləbləri söyləyən şəxsin üzərinədir. Bir xətib, minbər əhli və imam Hüseyn (ə) haqqında danışan hər bir şəxs, onun sözlərinin, mərsiyyələrinin müxtəlif və gələcək nəsillərə öz təsirini bağışlayacağını və bütün məsuliyyətlərin onun öhdəsində olduğunu bilməlidir. Bir məsələni xatırlatmaq istəyirəm ki, Aşura hadisəsi kimi din ilə birbaşa əlaqəsi olan hadisələri təhrif etmək, dinin əsasını təhrif etməyə bərabərdir. Aydındır ki, dinin əsasını təhrif etmək fiqhi hökm və "dörd dəlil"ə əsasən haram və qadağandır. Eyni zamanda bidət sayılır. Dini kökü olan və əsasını möhkəm dini təməllər təşkil edən hadisələr əgər təhrif olunarsa, mütləq üsulid-dinin təhrif olması hökmündə olacaqdır. Bəzi Əhli-beyt (ə) məddahları yaxud moizə edənlərdən bir qrupu camaatı daha çox cəzb etmək, düşündürmək və hislərini oyatmaq üçün mümkündür Aşura hadisəsini təfsir etsin yaxud Aşura gününün ifadələrindən bəzilərini zikri-müsibət kimi və ya başqa ünvanlar kimi istifadə etsinlər, bizim nəzərimizdə bu cür işlər də, düzgün deyil. Aşura hadisəsi olduğu kimi bəyan edilməli və heç bir şey ona əlavə edilmədən və heç bir şey ondan azalmadan, heç bir düzəliş olmadan bəyan olunmalıdır. Heç bir sənəd və sübutu əsaslanmayan bir çox şəxsi fikirlər, izahlar olub ki, uzun müddət camaatda mənfi təsirlər qoymuşvə eyni halda problemlər yaratmışdır. Aşuradan dərslər və ibrətlər götürməli və sirlərini aşkar etməliyik.