23 Noyabr 2024 - 23
İmam Hüseynin (ə) və onun sadiq dostlarının şəhadəti ümumi fikirlərdə Bəni-Üməyyəyə baha başa gəldiyindən və bu işin şəriliyini sual altına aldığından bu faciəni əbədi yaşatmaq üçün İmam Səccad (ə) öz mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki, bu yandırıcı göz yaşlarının və ürəkyandıran ağlamaqların bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki, o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər, onu yaddan çıxarmazdılar. Ancaq şübhəsiz ki, İmam Səccad (ə) bu hadisəyə münasibətinin bir siyasi tə’sir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hökumətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad (ə) su içmək istəyərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: "(Yezidin adamları) suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?" İmam Səccad (ə) buyurardı: "Fatimənin (ə) balalarının ölümü yadıma düşərkən qəhər məni boğur."
Bir gün İmam Səccadın (ə) xadimi deyir: "Sizin qəm-qüssəniz qurtarmaq bilmir?" İmam Səccad (ə) buyurdu: "Vay olsun sənə! On iki oğlundan biri itmiş Yəqub Peyğəmbər öz oğlunun ayrılığına o qədər ağladı ki, gözləri kor oldu, qəm-qüssənin çoxluğundan beli büküldü. Halbuki, oğlu sağ idi. (Onu tapacağından hələ tam ümidini kəsməmişdi.) Ancaq mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın, qardaşımın, əmimin və on yeddi nəfər qohum-əqrəbamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç mənim qəm-qüssəm qurtararmı?" Misirin adlı-sanlı adamlarından biri olan Səhl ibn Şüeyb deyir: "Bir gün İmam Səccadın (ə) hüzuruna gedib dedim: "Kefiniz necədir?" Buyurdu: "Mən bilməzdim ki, Misirdən olan sizin kimi böyük bir şəxs mənim halımın necəliyini bilməsin? İndi ki bizim halımızı bilmirsən, sənin üçün izah edərəm. Bizim öz tayfamız arasında vəziyyətimiz Bəni-İsrailin oğullarını öldürüb qızlarını diri saxlayan fir’onların arasındakı vəziyyətə bənzəyir. Bu gün bizim vəziyyətimiz o qədər ağır və çıxılmazdır ki, camaat minbər başında oturub bizim əzizimizi söyərək düşmənlərimizlə dostluq edirlər."
serat.info