18 Aprel 2025 - 18

18 Aprel 2025 - 18

İmam Hüseynin (ə) səhabələrinin əksəriyyəti hədisçilər, Quran ustadları, xalis abidlər idi
24.03.2018

Məhərrəmin dördüncü gecəsidir. Kərbəla və İmam Hüseynin (ə) yoldaşları mövzusu o qədər dərindir ki, on-on iki gecə müddətində onun həqiqətini çatdırmaq olmur. İmam Hüseynin (ə) hər bir səhabəsi haqqında mütaliə etdikdə görürük ki, onların əksəri ən üstün hədisçilər, Quran ustadları, xalis abidlər olmuşdur. Onlar təkcə yaxşı döyüşçü deyildi.

Həzrət Əlinin (ə) səhabələrindən olan iki dost – Müslim ibn Ovsəcə və Vəhəb ibn Məzahir öncədən bilirdilər ki, İmam Hüseynin (ə) haqq uğrunda savaşında şəhid olacaqlar. Onlar illərcə qabaq bütün dostlarına bu barədə xəbər vermişdilər. Artıq Kərbəlada idilər və fədakarlıq məqamı çatmışdı. Onlar hər ikisi yaşlı idi. Amma əzəmətli ruhları vardı. Meydana öncə Müslim çıxdı. O şücaətlə vuruşdu, küfr qoşununun böyüklərindən bəzilərini öldürdü, özü də zərbə alıb yerə yıxıldı.

Gözlərini açıb İmam Hüseyn (ə) və Həbibi başı üstündə gördü. Həbib dedi: "Qardaş! Baxmayaraq ki, mən də növbəti saatda sənə qovuşacağam, əgər vəsiyyətin varsa, mənə de, əməl edim." O, gözünün yanı ilə Həbibə baxdı və əli ilə İmam Hüseyni (ə) işarə edb dedi: "Vəsiyyətim yalnız budur ki, Hüseynə (ə) yardımçı ol!"

Züheyr, o böyük insan keçmişdə Osmanın tərəfdarı olmuşdu. İmam Hüseyn (ə) böyük mübarizə yolunda Züheyrlə rastlaşıb onu öz dəstəsinə dəvət etmişdi. O, imamın xeyməsindən çıxıb yoldaşlarına dedi: "Xeymələri Hüseynin (ə) xeymələrinin arxasında qurun." Züheyr sonra zövcəsinə üz tutub dedi: "Get və Hüseynin (ə) ailəsinə qoşul. Mən artıq Hüseynçi oldum." Aşura gecəsi qoşun başçılarından bəziləri deyirdilər: "Züheyr! Biz səni Əli və Hüseyn şiəsi kimi tanımırıq. Məgər sən Osmanın tərəfdarı deyilsən?" Züheyr dedi: "Bəli, mən fəxr edirəm ki, bu ailənin və Hüseynin şiəsi olum və bu yolda canımı verim." İmam Hüseyn "azadsınız, gedə bilərsiniz" dediyi vaxt Züheyr dedi: "Burada bir ölüm var. Ey kaş min dəfə sənin yoluna öldürülüb, tikə-tikə doğranaydım." O, aşura günü döyüşdə ətrafındakılara deyirdi: "Namaz qıldığınız vaxt sizi qoruyacağam." O Səid ibn Abdullah Hənəfi ilə birlikdə imamın qarşısında dayandı, imam namaz qıldı. Səid ibn Abdullah Hənəfi həmin böyük insandır ki, İmam Zaman (ə) onun haqqında buyurur: "Sən ilahi kəramət əldə etdin. Allahdan istəyirəm ki, bizi də sizə qovuşdursun." Bu iki vəfalı yoldaş sinələri ilə oxların qarşısını alıb, imamı qoruyurdu. Bəziləri yazır: "Namaz başa çatdıqda Səid ibn Abdullahın bədənində 70 ox vardı." Yazırlar ki, imam Hüseyn (ə) ona yetişdikdə hələ yarıcan idi. İmama belə dedi: "Mən öz əhdimə vəfa etdimmi?" Belə vəfalı yoldaşlarını itirib, onların cəsədlərinin tikə-tikə doğrandığını görən kəs, şübhəsiz ki, onlara xitab edər. İmam son saatda öz yoldaşları ilə belə vidalaşdı: "Ey haqpərəstlik cəngəlinin şirləri, ey cihad aləminin canından keçənləri, nə üçün mənim çağırışıma cavab vermirsiniz? Oyanın bu yuxudan və Allah rəsulunun hörmətini müdafiə edin."

Əli Əsğər Hərəndi