23 Noyabr 2024 - 23
İmam Hüseyn (ə) Kufə əhlinə birinci məktubu yazıb alim və şücaətli əmisi oğlu Müslim ibn Əqilə təhlükəli bir tapşırıq verdi.
Məktubda deyilirdi: "Həmd və Peyğəmbərə (s) salavatdan sonra bilin ki, Hani ibn Ürvə və Səid ibn Abdullah Hənəfi sizin məktubunuzla yanıma gəldilər. Onlar siz tərəfdən göndərilənlərin sonuncusu idi. Sizin bəyan etdiklərinizi anladım. Deyirsiniz ki, imamınız yoxdur və mən Kufəyə gəlim. Amma mən əhli-beytimdən olan qardaşım və əmim oğlu Müslim ibn Əqili oraya göndərdim. Ona əmr etdim ki, sizin halınızı və rəyinizi mənə bildirsin. Əgər yazsa ki, xalqın aqil və fəzilət sahiblərinin rəyi məktublarınızda yazdıqlarınız kimidir, mən də inşaəllah tezliklə sizə doğru hərəkət edəcəyəm." İmamın bu məktubdakı son cümləsi İslam cəmiyyətinin rəhbərinin sifətlərini bəyan edir: "And olsun canıma, yalnız o şəxs imamdır ki, hökmü Allah kitabı əsasında olsun, ədalət uğrunda qiyam etsin, dini, yolu və həyat proqramı haqq din olsun, nəfsini Allahın zatı üçün həbs etsin."
İmam Hüseynin (ə) öz dövrü üçün irəli sürdüyü bu meyarlar gələcək üçün də işləkdir. Əgər müsəlmanlar bütün İslam tarixi boyu İmam Hüseynin (ə) bu göstərişlərinə diqqətli olsalar, İslam hakimində deyilən şərtlər olmadıqda onu kənarlaşdırarlar. Bəzən dünyamızdakı dövlət rəhbərləri yolunu azaraq xilaf işlər görürlər. Məxfi şəkildə görülən bu işlər pərdə götürüldükdə ölkə mətbuatında səs-küy yaradır. Mən təəssüf edirəm ki, müsəlmanlar öz hakimlərini səlahiyyətsiz gördükdə onu hakimiyyətdən endirmirlər!
Məhərrəm ayının yeddinci gecəsidir. Sabah Kərbəlada vəziyyət pisləşəsidir. Çünki, İbn Ziyad xəbər tutur ki, Ömər Səd ardıcıl olaraq İmam Hüseynin (ə) yanına nümayəndə göndərir və işi sülhlə başa vurmaq istəyir. Amma ibn Ziyad Yəzid və Bəni-Üməyyənin qarşısında gücünü göstərmək fikrində idi. Bu səbəbdən də Ömər Sədə yazdı: "Biz səni göndərməmişik ki, Hüseyn ibn Əli ilə oturub, ona salamatlıq vəd edəsən. Məktubum çatan kimi suyun yolunu bağla, necə ki, onlar Osmanı susuz qoymuşdular!" (Bütün sünni tarixçiləri yazırlar ki, Osmanın evi mühasirəyə alınan vaxt imam Həsən (ə) və imam Hüseyn (ə) həzrət Əlinin (ə) göstərişi ilə ona su aparırdılar.)
Ömər Səd göstəriş verdi ki, Fərat çayına keçən yollar bağlansın və İmam Hüseynin dəstəsinə su götürmək icazəsi verilməsin. Tarixin bu hissəsi ilə bağlı daim qeyd etdiyim nöqtə budur ki, sonrakı günlər sayı dörd minə çatan beş yüz nəfərlik dəstə çaya aparan yolları bağlamışdılar. Bu nöqtəni hər bir şiə və Kərbəla tarixini araşdıran hər bir şəxs bilməlidir.
Amma xeymələrdə su olmaması fikri düzgün deyil. Xeymələrdə məhdud şəkildə su vardı. Hüseynin səhabələri aram dayanmayıb özləri və əhli-beyt üçün su gətirirdilər. Mən isti aylarda Kərbəlada olmuşam. Gündə iki dəfə Fərat çayında yuyunardıq, amma isti o qədər şiddətli olardı ki, iki saat susuz dayana bilməzdik. Kərbəla hadisəsi payıza yaxın vaxtlarda baş vermişdir. İmamın səhabələri uzun-uzadı yollar keçərək düşərgəyə su gətirirdilər. Səkkizinci və doqquzuncu günlərdə su ehtiyatı azaldı.
İmam Hüseyn (ə) xeyməsinin arxasından on doqquz addım irəli gedib göstəriş verdi ki, həmin yeri qazsınlar. Bir qədər qazdıqdan sonra həmin yerdən su çıxdı. Məşkləri su ilə doldurdular. İbn Ziyad Ömər Sədə məktublarından birində deyir ki, eşitmişəm Hüseyn ibn Əli quyu qazır. Bu işin qarşısı alınmalıdır!" Bəzi mənbələrdə bildirilir ki, imam Hüseyn aşura günündən öncə möcüzə yolu ilə su əldə etmişdir. O şəhadət barmağını ovcuna qoymuş və bir işarə ilə mübarək əlindən su axmışdır. Mərhum şeyx Bəhaüddin Amili deyir: "Bu iş başqa barmaqla görülsəydi, onun sehr olduğu ehtimal edilə bilərdi. Amma şəhadət barmağından istifadə olunması hadisənin möcüzə olduğunu göstərir.
Əliəsğər Səffar Hərəndi