18 Aprel 2025 - 18

18 Aprel 2025 - 18

Əli-Əkbərin şəxsiyyəti
05.04.2018

Əgər imam Hüseynin böyük oğlu Əli ibn Hüseynin şəhadəti Allahın hökmü olmasaydı, heç şübhəsiz, Hüseyndən sonra məhz Əli-Əkbər imamətə çatardı. Bəzi tarixçilər və hədisçilər Əli-Əkbərin on səkkiz, on doqquz yaşında olduğunu bildirirlər. Amma tarixi diqqətlə araşdırdıqda onun 25-dən çox yaşı olduğu aşkarlanır. Bu səbəbdən ona "Əli-Əkbər" yəni "böyük Əli" adı verilmişdi. İmam Səccadın (ə), imam Hüseynin (ə) ortancıl oğlunun Kərbəlada 23 yaşı vardı. Əli-Əkbər isə ondan böyük idi. Bəzi tarixi mənbələrdə Əli-Əkbərin 27 yaşda olduğu bildirilir. Bu xəbəri bir çox dəlillər təsdiqləyir. Bir gün Müaviyə öz ətrafındakılardan soruşdu: "Bilirsinizmi bu xilafət və hökumət üçün ən layiqli şəxs kimdir?" Dedilər: "Sən özünsən." Müaviyə dedi: "Yox, utanmayın, həqiqəti deyin." Dedilər: "Bilmirik." Müaviyə dedi: "Mənim nəzərimcə, həmin şəxs Hüseyn oğlu Əlidir. Onda Bəni-Haşimin şücaəti, Bəni-Üməyyənin səxavəti və böyüklüyü var..."

Əli-Əkbər savaş üçün icazə aldı. İmam Hüseyn (ə) öz əli ilə onun başına əmmamə qoydu və onu meydana hazırladı. Əli-Əkbər meydana doğru hərəkət etdi. Böyük rəvayətçilərdən biri belə nəql edir: İmam Hüseyn (ə) üzünü göyə tutub dedi: "Pərvərdigara! Sən şahid ol! Mən xilqət, danışıq, rəftar baxımından peyğəmbərə (s) ən çox oxşayan kəsi bu qövmlə mübarizəyə göndərdim. Pərvərdigara! Biz nə vaxt peyğəmbəri xatırladıqsa, bu gəncin camalını ziyarət etdik." Əli Əkbər meydana çıxıb, ardıcıl həmlələr etdi və bəzi rəvayətərə görə yüz iyirmidən çox düşməni öldürdü. Silahların ağırlığı, döyüşün çətinliyi və susuzluq onu əldən salmışdı. Zirehinin halqalarından qan süzülürdü. O atasının qarşısında dayanıb dedi: "Ata! Susuzluq məni öldürür. Dəmirin ağırlığı əziyyətimi və hərarətimi artırıb. Olarmı mənə bir ovuc su verəsən, düşməni məhv etmək üçün daha çox qüdrətim olsun? Əli-Əkbər bilirdi ki, xeymələrdə su yoxdur. Amma imam arabir onlara möcüzə yolu ilə su verdiyindən Əli-Əkbər ona ağız açmışdı. Olsun ki, Əli Əkbər tamamilə başqa bir su nəzərdə tutmuşdur. Elə bir su ki, bütün vücudunu sirab etsin. İmam Əli-Əkbərə işarə ilə ağzını açdı. Əli-Əkbər atasının ağzını daha da quru olduğunu gördü. Həzrət buyurdu: "Oğlum! Meydana çıx, vuruş. Mən ümidvaram ki, günorta olmamış baban peyğəmbərin əlindən sirab olarsan." Əli-Əkbər meydana getdi. Vuruşdu və düşmənləri yerə sərdi. Bir xəbis onun arxa tərəfinə keçib nizə ilə kürəyindən vurdu. Başqaları da Əli-Əkbərin bədənini qılıncla tikə-tikə doğradılar. Əli-Əkbər "Atacan, mən də getdim" deyə atası ilə xudahafizləşdi. Sonra imam onun "Vallah babam peyğəmbər məni sirab etdi" sözlərini eşitdi. Sürətlə ona yaxınlaşdı. Əli-Əkbərin ömrünün son anları idi. İmam bu nazənin vücuda baxıb buyurdu: "Oğlum, səni öldürənləri Allah öldürsün. Səndən sonra kül olsun dünya və dünya həyatına!"

Əliəsğər Səffar Hərəndi