23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Əsirlərin bütün yükü Xanım Zeynəbin (ə) çiyinlərində idi
07.04.2018

Müsibət təkcə haqq aşiqlərinin şəhadəti deyildi. İmamın şəhadətindən sonra tarixdə misli görünməmiş cinayətlər baş verdi. Təkcə imamın var-dövləti qarət olunmadı, xeymələr oda çəkildi, körpələr amansızcasına döyüldü, onların qulağından sırğaları qoparıldı, örpəkləri başlarından götürüldü! İmam Hüseynlə (ə) qarşı-qarşıya dayananlar şərəf və qeyrətdən xəbərsiz insanlardı. Bu hadisə hətta Ömər Səd qoşununun bir hissəsini pərişan etmişdi. Qan gölünə dönmüş biyabanda canını götürüb qaçan körpələrin libasları, əl-ayaqları yanırdı. Bəzilərinin qorxudan bağrı yarılmışdı. İndi böyük bacıları Zeynəb və Ümmü-Gülsüm bu körpələri bir yerə toplamalı, sabah başlarına nə gələcəyini gözləməli idilər. Bir təhər gecəni keçirdilər. İmam Hüseyn (ə) bütün məsuliyyəti həzrət Zeynəbin çiyninə qoymuşdu. Bu qadının görmədiyi müsibət vardımı?! Övladı, qardaşı övladı, əmioğlanları, altı qardaşı şəhid olmuşdu. Amma o səbr etməli idi. Bu gecə onun vəzifəsi körpələri başına toplamaqdır. Bəzi rəvayətlərdə bildirilir ki, dünən gecə peyğəmbər (s), Əli (ə), Fatimə (ə) Zeynəbin görüşünə gəlibmiş. Bu bir həqiqətdir. Belə bir himayə olmadan Zeynəb onu əhatə etmiş müsibətlərə dözə bilməzdi!

Sübh ağardı. Sübh namazını qıldılar. On birinci günün günəşi doğduğu vaxt dəvələrin yalın halda gətirildiyini gördülər. Dedilər ki, süvar olun, Kufəyə gedirik! Dəvəyə minmək istədikdə Əbül-Fəzl, Əli Əkbər, Qasim, Ovn və Cəfərin əl tutduğu xanımlar və qızlar necə süvar olsun? Zeynəbin işarəsi ilə kənara çəkildilər. O və bacısı körpələrə və xanımlara süvar olmaqda kömək etdilər. Zeynəb öz bacısını da süvar etdi. İndi növbə özünə çatmışdı. Nəzər salıb dedi: "Hüseyncan, Abbas! Zeynəbin süvar olmaq vaxtıdır. Müsibət çox ağırdır. Bəla çox böyükdür. Peyğəmbər biləndə ki, bəzi kafir qızlarına atalarının cənazəsi göstərilib, çox narahat oldu. Amma bu bihəya camaat Əhli-beyti süvar etdikləri vaxt onları şəhidlərin cəsədi olan məhəldən keçirirlər. Qadınlar və körpələr bu səhnəni görüb xəzan yarpağı tək dəvələrdən yerə tökülüşdülər. Hərəsi bir şəhidi ağuşuna aldı, ağlamağa başladı. Həzrət Zeynəb də belə etdi. Qəfildən qardaşı oğlu gözünə dəydi. Onu bir libasda dəvəyə bağlamışdılar. Qardaşı oğlu sıxıntıdan həlak olmaq üzrə idi. Xitab etdi: "Qardaşoğlu! Sənə nə olub? Nə üçün canınla əlbəyaxasan?" Buyurdu: "Bibican! Bunlar xəbislərin cəsədini dəfn edib, Allah höccətinin bədənini günün altında saxlayıblar..."

Əli Əsğər Hərəndi