23 Noyabr 2024 - 23
Mədinədən çıxan Zeynəb (ə) indi şəhidlərin dağı və ağır müsibətlərlə...
61-ci hicri-qəməri ilinin Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) şəhadətə yetdikdən sonra Yezid ordusunun sərkərdəsi Ömər Sədin əmri ilə xeymələr qarət olunub yandırıldı, Əhli-beyt qadınları və uşaqları əsir götürüldü.
Aşura günü, günortadan sonra Ömər Səd İmam Hüseynin (ə) mübarək başını Xuli ibn Yezid Əsbəhi və Həmid ibn Müslüm Əzdinin, digər şəhidlərin başlarını isə Şümr ibn Zilcövşən, Qeys ibn Əşəs və Əmr ibn Həccacın vasitəsilə Kufənin hakimi Übeydüllah ibn Ziyada göndərdi. Daha sonra öz əsgərlərinin cəsədlərini tapıb dəfn etdilər. Lakin İmam Hüseyn (ə) və vəfalı səhabələrinin başsız bədənləri Məhərrəm ayının 12-nə qədər, üç gün Kərbəla qumları üstə qaldıqdan sonra Bəni-Əsəd qəbiləsinin vasitəsilə dəfn olundu. ("Nəfəsül-məhmum – Kərbəlada nə baş verdi?", Şeyx Abbas Qummi, səh. 492.)
Məhərrəm ayının 11-ci günü Ömər Səd Kərbəla əsirlərinin Kufəyə doğru hərəkətinə əmr verdi. Eyni zamanda, Kərbəla əsirlərinin Kufəyə doğru hərəkəti zamanı Ömər Səd əmr verdi ki, əsirləri qətlgahın kənarından aparsınlar. Qeys ibn Qürrə deyir: "Fatimənin (ə) qızı Zeynəbin (ə) ah-nalə ilə qardaşı Hüseynin (ə) bədəninin kənarından keçməsini heç vaxt unutmuram..."
İmam Səccad (ə) buyurur: "Mən dəfn olunmamış şəhidləri torpaq üstə gördükdə, sinəm sıxıldı. Bu hadisə mənə o qədər agır gəldi ki, az qala ruhum bədənimdən ayrıla! Bibim Zeynəb məni bu vəziyyətdə gördükdə, təsəlli verməyə başladı...!" ("Nəfsi-mütməinnə", Məhəmmədəli Alimi, səh. 360.)
Məhərrəm ayının 12-ci günü Kərbəla əsirləri Kufə şəhərinə gətirildi. Kufənin hakimi Übeydüllah ibn Ziyadın İmam Hüseynə (ə) qarşı əks-təbliğatı nəticəsində, Kufə əhalisi Yezid ordusunun qələbəsindən sevinir, əsirlərə tamaşa etmək üçün küçələrə axışırdılar.
Lakin İmam Səccad (ə), Xanım Zeynəb və digər əsirlər çıxış edib özlərini kufəlilərə tanıtdırdıqda, kufəlilərin sevinci matəmə çevrildi. Kufəlilər Əhli-beyt əsirlərinin xəlifə Yezidə qarşı üsyan edən bir qrup xarici olduqlarını təsəvvür edir, bəziləri də onların nəsil-nəcabətindən soruşurdular.
Kərbəla əsirləri belə bir vəziyyətdə Kufənin hakimi İbn Ziyadın sarayına aparıldı. İmam Hüseynin (ə) şəhadətə yetməsi və Aşura faciəsinin yaranmasının əsas səbəbkarı olan İbn Ziyad əsirlərin və camaatın gözü qarşısında əlindəki çubuqla İmam Hüseynin (ə) mübarək başını vuraraq şadyanalıq edir, özünü bu döyüşün qalibi bilir və İmam Hüseynin (ə) qətlə yetirilməsini Allahın istəyi hesab edirdi. Amma İmam Səccad (ə) və xanım Zeynəbin (ə) cavablarını eşitdikcə, rüsvay olurdu.
Tarixdə göstərilir ki, İbn Ziyad bir gün (və yaxud bir neçə gün) Kərbəla şəhidlərinin başlarını Kufənin küçə-bazarlarında gəzdirdikdən sonra Şama, Yezidin hüzuruna göndərdi. Ondan sonra isə, Müxəzzər ibn Aizi və Şümr ibn Zilcövşənin rəhbərliyi ilə əsirləri Şama doğru yolladı. Onun əmri ilə İmam Səccadın əli boynuna bağlı halda çulsuz dəvəyə mindirildi.
Nəql olunur ki, Kərbəla əsirləri üç gün Dəməşq darvazasında saxlanıldı ki, qələbə münasibəti ilə bayram keçirmək və şadyanalıq etmək üçün şəhəri bəzəsinlər. Əksər mənbələrdə göstərilir ki, Səfər ayının 1-ci günü əsirlər karvanı müqəddəs başlarla birgə Dəməşqə daxil oldu. ("Fərhəngi-Aşura", Ustad Cavad Mühəddisi, səh.240.)
Əsirlər müqəddəs başlarla birgə şəhərə daxil olmaq istəmirdilər. Onlar istəyirdilər ki, şəhidlərin başları ayrıca, şəhərin xəlvət yerindən saraya daxil edilsin. Lakin Şümr ibn Zilcövşən göstəriş verdi ki, başlar karvanın önündə, özü də tamaşa üçün toplaşmış böyük bir cəmiyyətin gözü qarşısında aparılmalıdır. Həqiqətdən qafil Şam əhalisi karvanı görcək səslərini ucaldıb şadlıq etməyə başladılar. Şam səfəri İmam Hüseynin (ə) əhli-əyalı üçün olduqca ağır oldu. Onlar bu diyarda ən çətin müsibətlərə məruz qaldılar.
İmam Səccaddan (ə) "Kərbəla səfərində sizin ən ağır müsibətiniz nə oldu?" – deyə soruşduqda, o həzrət üç dəfə "Şam, Şam, Şam!" – buyurdu. Əsirlər Yezidin məclisində ikən, İmam Hüseynin (ə) müqəddəs başının Yezidin qarşısına qoyulması İmam Səccad (ə) və xanım Zeynəb (ə) üçün ən çətin və ürəkağrıdıcı səhnə oldu. Çünki Yezid əsirlərin və məclisdə iştirak edən camaatın gözü önündə İmam Hüseynin (ə) müqəddəs dodaqlarını çubuqlayır və şeirləri ilə böyük qələbəyə nail olduğunu elan edirdi. ("Məqtəlül-Hüseyn (ə)", Əbu Müxnəf, səh.387.)
Elə bu məclisdə şamlı bir kişi hörmətsizlik edərək İmam Hüsеynin (ə) qızı Fatiməni Yeziddən kənizliyə istədikdə, xanım Zеynəbin (ə) sərt cavabı ilə üzləşdi. Ondan sonra xanım Zeynəb (ə) xütbə və çıxışları ilə Yezidi elə öz məclisində rüsvay etdi. Əhli-beyt əsirləri bir müddət Şam zindanında saxlanıldı və hətta bu müddət ərzində Yezid İmam Səccadı (ə) bir neçə dəfə qətlə yetirmək istəsə də, Xanım Zeynəb (ə) buna mane oldu.
Şam əhalisi İmam Səccad (ə) və xanım Zeynəbin (ə.s.) xütbələri sayəsində Kərbəla əsirlərini tanıdıqdan, Kərbəlada baş verən faciənin həqiqətindən xəbərdar olduqda, Yezid rüsvayçılığının qarşısını almaq məqsədilə əsirlərə elə öz sarayında Kərbəla şəhidlərinə əzadarlıq etmək üçün icazə verdi. Əsirlər Şamda bir həftə qaldıqdan sonra onları bir vaxt Kufənin hakimi olmuş Nöman ibn Bəşirin rəhbərliyi ilə Şama doğru göndərdi.
Seyid ibn Tavus "Lühuf" kitabında yazır ki, Əhli-beyt əsirləri Şamdan yola düşüb İraqa çatdıqda, karvanın rəhbəri Nöman ibn Bəşirdən onları Kərbəlaya aparmasını istədilər. Karvanın rəhbəri onların istəyini yerinə yetirdi. Beləcə, əsirlər Kərbəla torpağına daxil oldu və Kərbəlada ziyarətə gələn Cabir ibn Abdullah Ənsari və Haşimilərdən bir dəstə ilə qarşılaşdılar. Onlar birlikdə şəhidlərə matəm saхlayıb əzadarlıq etdilər. Bu əzadarlıq ətraf məntəqələrdə çadırlarda yaşayan qəbilələrə çatdı. Onlar da bu matəmə qoşulub, bir nеçə gün yas məclisləri qurdular.
Əsirlər Kərbəla şəhidlərinin qəbirlərini ziyarət etdikdən sonra Mədinəyə doğru hərəkət etdilər. Bir zaman qardaşları və yaxınları ilə birgə Mədinədən çıxan Zeynəb (ə) indi şəhidlərin dağı və ağır müsibətlərlə, qardaşları və yaxınlarını itirdiyi halda Mədinəyə daxil olur! (("Lühuf", Seyid ibn Tavus, səh.142.)
Rza Şükürlü