23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin (ə) tasua gecəsi səhabələrinə və xanım Zeynəbə məsləhəti
14.04.2018

Hamı su götürdü. Sudan içdilər, dəstəmaz aldılar, qüsl verdilər. Gecənin ilk hissəsi ötdü. Məğrib və işa (şam və xüftən) namazları qılındı. Əbi Əbdillah buyurdu: "İndi gedin, məbudunuzla (Allahla) xəlvətə çəkilin. Heyrətamiz bir fəza yaranmışdı. Nəql olunurdu ki, sanki bal arısının yuvasından zümzümə səsi gəlirdi. Kimi ibadət edir, kimi Quran oxuyur, kimi dua edirdi."

İmam Səccad buyurur: "Mənim xeyməm atamın xeyməsinin arxasında idi. Atam xeymədə oturmuşdu. Bir qədər zikr etdi. Sonra şer zümzümə etdiyi halda qılıncını itilədi. Bu şerdə dünyanın etibarsızlığından, onun necə böyük şəxsiyyətləri qətligaha apardığından danışılırdı. Şerdən anladım ki, artıq iş sona yetib. Atam şəhadətə hazırdır. Bibim Zeynəb mənə qulluq edirdi. Göz yaşlarımı güclə saxladım. Amma atam növbəti dəfə şeri təkrarladı. Bu dəfə bibimin ona diqqətlə qulaq asdığını gördüm. Birdən xeymədən çıxıb atamın xeyməsinə yüyürdü və dedi: "Bu nə sözlərdir? Ölümdənmi xəbər verirsən? Qardaş! Mən bu gün hiss etmişəm ki, anam dünyadan gedib, atam yoxdur, qardaşım yoxdur..." Sonra Zeynəb huşunu itirib yerə yıxıldı! İmam bacısının üzünə bir qədər su çiləyib onu ayıltdı və buyurdu: "Məbada şeytan dözümünü əlindən ala. Bütün yer əhli ölür. Səma əhli də əbədi deyil. Cəddim məndən üstün idi, onlar da getdilər. Sən səbirli və aram olmalısan.

Mənim üçün və hər bir mömin üçün Peyğəmbər (s) nümunədir." Bibim dedi: "Hüseyncan, cəddim dünyadan gedəndə atam və iki qardaşım vardı. Atam getdi, iki qardaşım vardı. Həsən getdi, gözümü sənə dikdim. Ey keçmişdəkilərin canişini, ey imkansızların pənahı, sən getsən nə edərəm?!" İmam növbəti dəfə bacısını oturdub, Quran oxudu, dua etdi, vilayət əlini sinəsinə qoydu və ona belə anlatdı: "Sabah əsr vaxtı işim tamamdır. Səninsə işin sabahdan başlayır. Sən əsirlərə nəzarət etməli, başçılıq etməlisən."

Əli Əsğər Hərəndi