18 Aprel 2025 - 18
Bütün şəhidlər aşura günü şəhadətə çatmışdır. Əbül-Fəzl sonuncu şəhidlərdəndir. Əbül-Fəzlin adının bu günlə bərabər çəkilməsinin səbəbi onun rəşadətli ələmdar, imam Hüseynin (ə) bayraqdarı olmasıdır. İmam Sadiq (ə) buyurur: "Əmimiz Abbasın ali və dəqiq baxışı, möhkəm imanı vardı." İmam Hüseyn Aşura günü bayrağı ona tapşırdı. Bəli, Kərbəla səhrasında İmam Hüseyndən (ə) sonra ən böyük şəxsiyyət Əbül-Fəzl (ə) idi. O, Həbib, Zübeyr, Büreyr, hətta Əli Əkbər, Qasim və imam Həsən, Hüseyn və Əlinin (ə) digər övladlarından üstün idi. Bu aydın məsələdir və imam Səccad bu həqiqəti təsdiqləyir: "Aşura günü qardaşının hüzurunda ən böyük fədakarlıqları göstərən əmim Abbasa Allahın xüsusi rəhməti olsun. Şəhadətindən öncə iki qolu vuruldu. Allah-təala əmimiz Cəfər Təyyar kimi ona iki qanad verdi ki, behiştdə pərvaz etsin. Allah-təala əmimiz Abbasa elə bir məqam verdi ki, bütün şəhidlər bu məqama qibtə edər."
Bir anadan (Ümmül Bənindən) olan dörd qardaş – Abbas, Cəfər, Abdullah və Osman Kərbəlada idilər. (Həzrət Əli (ə) qardaşı Əqildən onun üçün şücaətli övladlar doğa biləcək, ata-babası şücaətli olmuş bir qadın istədi.) Əbül-Fəzl üç qardaşını çağırıb dedi: "Əzizlərim! Görürsünüzmü qardaşımız tənha qalıb?! Əli, Qasim, Əqilin övladları şəhid olub. Fədakarlığa hazır olun." Onlar bir səslə dedilər: "Bəli, qardaş! Biz hazırıq." Onlar bir-bir imam Hüseynin (ə) hüzuruna gedib, meydana çıxmaq üçün icazə istədilər. İmamdan icazə aldıqdan sonra meydana çıxdılar, vuruşdular və şəhid oldular. Əbül-Fəzl öz qardaşlarının pak cənazələrini götürüb xeyməyə gətirdi. O sonuncu qardaşı şəhid olduqdan sonra imam Hüseynin (ə) qarşısında dayanıb dedi: "Ey mənim ağam, intiqam üçün icazə istəyirəm." Həzrət buyurdu: "Qardaşım, Abbas! Sən mənim ələmdarımsan." İmam Hüseynlə (ə) Əbül-Fəzl arasındakı söhbət bir yerə çatdı ki, imam buyurdu: "Teşnə körpələrin səsini dinlə! Get, bəlkə onlara su gətirə biləsən." Əbül-Fəzl su məşkini götürüb çaya doğru hərəkət etdi. Qoşun anladı ki, Abbas savaş üçün gəlmir. Çünki o başqa bir istiqamətdə hərəkət edirdi. Başa düşdülər ki, Abbas su ardınca gedir. Onu əhatəyə aldılar. Dörd min oxatan və qılıncçalan döyüşçü Əbül-Fəzli əhatəyə aldı. Yaxınlaşmağa cürət etməyən düşmən onun üstünə ox yağdırırdı. Qarşıyı çıxan kəs onun zərbələri müqabilində kənara çəkilirdi. Əbül-Fəzlin məqsədi körpələrə su çatdırmaq idi.
O özünü tanıtdırdı: "Mənəm Abbas, Hüseynə fəda olan, ağam tərəfindən əmr almışam, amma ölümdən qorxum yoxdur."
O çaya yetişdi. Susuzluğunu xatırladı və bu fikrindən daşındı. Çaydan kənarlaşdı. İmam xeymələrə su çatdırmağı əmr etdiyindən yolunu dəyişdi. Kənar bir yolla xeymələrə doğru hərəkət etdi. Həzrət Abbasın qarşısında davam gətirə bilməyənlər xurma ağaclarının arxasında gizlənmişdi. Qəfildən zalım bir şəxs namərdcəsinə ağacın arxasından hücum edib, Abbasın sağ qolunu qılıncla vurdu. Abbas rəcəz oxuya-oxuya xeymələrə yaxınlaşdı. "Ey kafir qövm! Əgər sağ qolumu kəsdinizsə, mən sol qolumla dinimi himayə edərəm. Heç vəchlə ağam, imamım, o peyğəmbər övladını himayə etməkdən əl çəkmərəm."
O sol əli ilə qılıncı götürdü və irəli getdi. Yenidən xurma ağacları arasından ona hücum edib sol qolunu qılıncla vurdular. Artıq onun qolları yox idi. Məqsədi yalnız suyu xeymələrə çatdırmaq idi. İcazə verin söhbəti anasının dili ilə davam etdirim. Ümmül Bənin Bəqi qəbristanlığında dörd qəbir hazırlamışdı. Hər birinə övladlarından birinin adını yazmışdı. O biri qəbirlərdən uca olan qəbirə Abbasın adını qeyd etmişdi. Oturub ah-nalə çəkir, ağlayırdı. O deyirdi: "Abbasım! Sənə daha çox ağlamalıyam. Mənə xəbər verdilər ki, əllərin olmayan vaxt səni dəmir əmudla vurublar. Oğlum, Abbas! Sən yerə yıxılıb nalə çəkdin. Hüseyn sənin səsini eşitdi. Sən deyirdin: "Qardaşım, qardaşını tap." Sürətlə gəldi, düşmən qoşunu qılıncının qarşısında pərən-pərən düşdü. Elə bir vaxtda Əbül-Fəzlin başı üstünə çatdı ki, artıq onun bədənində heç bir hərəkət qalmamışdı. O uca qamətə, gözəl camala nəzər saldı. Kənarda dayananlar dedilər: "Görün Hüseyn (ə) nə deyir?" Əlinin başı üstə belə dedi, Qasimin başı üstə belə dedi, başqa şəhidlərin başı üstə belə dedi. Amma Əbül-Fəzlin başı üstə bu vaxtadək demədiklərini söylədi. Ayağa qalxdı. O nazənin bədənə nəzər salıb dedi: "Qardaşım Abbas! Artıq belim qırıldı. Abbas! Artıq çarəm kəsildi. Abbas! Dünən sənin qorxundan yumulmayan gözlər bu gecə asudə yatar..."
Bir ərəb şairi deyir: "Gözlər o şəxsə ağlasalar daha yaxşı olar ki, Hüseyn (ə) onun başı üstə ağladı. Hüseynin qardaşı, atasının oğlu, bədəni tikə-tikə doğranmış, qanına bələnmiş Əbül-Fəzl!"
Əli Əsğər Hərəndi