23 Noyabr 2024 - 23
Bəni-Haşim imama vəfadarlığını göstərdi. Əli ibn Hüseyn, Qasim ibn Həsən, Ali-Əqil, Ovn ibn Abdullah ibn Cəfər, Məhəmməd ibn Abdullah ibn Cəfər və başqa haşimilər öz imamları qarşısında İslamı layiqincə müdafiə etdilər. İmam Həsənin (ə) on bir yaşlı oğlu Abdullah İmam Hüseyn (ə) qətlgahda qaldığı vaxt əmisini görüb, özünü ona çatdırdı. Həmin vaxt düşmən imamı qılıncla vurmaq istəyirdi. Bu nazənin körpə fəryad çəkdi: "Ey pis qadının oğlu, əmimi öldürmək istəyirsən?" Qılınc qalxıb endi və körpəni yaraladı. Onun qolu bədənindən sallanmış vəziyyətdə qaldı. O özünü əmisinin ağuşuna atdı. İmam onu atası Həsənlə görüşlə müjdələdi. Bütün bu deyilənlər İslam və Quranın varlığı üçün böyük sənəddir. İmam Hüseyn (ə) heç bir yardımçısı qalmayan bir vaxtda südəmər körpəni də dostuna təqdim etdi!
İmam sağollaşmaq istədi. Qadınlara, qızlara və bacılarına buyurmuşdu ki, xeymədən bayıra çıxmasınlar. Onlar da xeymədə qalmışdılar. Birdən imamın səsini eşitdilər: "Bacılarım, qızlarım, zövcələrim, son salamım olsun sizə!" İmamı matəm həlqəsi əhatəyə almışdı. İmam onlara heyranlıqla baxırdı. O qarşıda əzizlərini gözləyən gün haqqında düşünürdü. Hər iki tərəf aram-aram göz yaşı axıdırdı. Amma bu sükut uzun çəkmədi. Qəfildən imamın əziz qızı şirindilli Səkinə qabağa çıxdı. Atasının ətəyindən tutdu və dedi: "Atacan! Səndəmi ölümə təslim oldun?" Həzrət buyurdu: "Qızım, görmürsənmi, artıq atanın köməkçisi yoxdur?!" Səkinə dedi: "Atacan, əgər sən də ölümə təslim oldunsa, onda bizi babamızın hərəminə qaytar!" İmam buyurdu: "Qızım, siz babanızın hərəminə qayıdacaqsınız, amma mən sizinlə olmayacağam."
İmam meydana üz tutdu. Bəşər tarixində misli görünməmiş mübarizə başladı. Onun qardaşları, övladları, qardaşı oğlanları, əmisi oğlanları, səhabələri və yardımçıları şəhid olmuşdular. Şahidlərdən biri deyir ki, həmd olsun Allaha, sübhdən günortayadək bir bu qədər müsibət görən insan tanımıram. Amma o qızmış şir tək vuruşurdu. Düşmən imamın qılıncının qabağından ah-vayla qaçırdı. Həzrət xeymələrə tərəf qayıdıb dedi: "La hovlə vəla quvvətə illa billah." Düşmən arasında söhbət gedirdi: "Onunla vuruşa bilmirik. Bir iş görək ki, Hüseyn meydana gəlməsin." Bu alçaq insanlardan bəziləri xeymələri yandırmaq fikrinə düşdü. Bəziləri də xeymələri qarət etmək istəyirdi. Bu vaxt İmam Hüseynin (ə) fəryadı ucaldı: "Ey Əbu-Süfyan xanədanının qulları! Əgər dininiz yoxdursa, məada inanmırsınızsa, heç olmaya hürr olun, qeyrətiniz olsun." Şimr dedi: "Nə danışırsan Hüseyn?" İmam buyurdu: "Deyirəm ki, hələ ki mən sağam, sizinlə vuruşuram, xeymələrə tərəf getməyin!" Şimr xəbiscəsinə dedi: "Sən haqlısan." Şimr ətrafındakılara göstəriş verdi ki, xeymələrə yaxınlaşmasınlar. Hüseynin böyüklüyünü, qeyrətini, belə bir işə tamaşa edə bilməməsini düşmən yaxşı başa düşürdü. Hamı birdən hücuma keçdi. Oxatanlar ox atır, qılınc çalanlar qılınc çalır, nizədarlar nizə atırdılar. Silahı olmayanlar imama daşla hücum edirdi. Sünni və şiə mənbələrində yazılır ki, imamın nazənin bədəninə saysız-hesabsız oxlar sancılmışdı. Əhli-beyt Kərbəla torpağının lərzəyə gəldiyini, göy üzünün qaraldığını gördü. Xudaya! Nə baş verir? Onlar xəbər gözləyirdi. Birdən imamın atının səsi eşidildi. Xeymələrdən çıxdılar və atın yalını qan içində gördülər.
Kərbəladan belə xəbər verirlər: "And olsun Allaha, bu at gələn vaxt Zeynəb, bacıları və Hüseynin (ə) əhli-beyti atı əhatəyə aldı. Hamı fəryad çəkirdi. Biz də onlara qoşulaq, "Hüseyn" deyib ağlayaq.
Biz inanırıq ki, bu gün (aşura günü) peyğəmbər Kərbəlada Hüseynin başı üstə dayanıb. Bəziləri onu görsələr də tanımadılar. Amma Zeynəb sanki onu görüb tanıdı. Babası peyğəmbərlə dərdləşdi və dedi: "Ey cəddim, ey Allahın rəsulu! Bu sənin Hüseynindir, tikə-tikə doğranıb, qanına qəltan olub, başı kəsilib." Sonra qardaşına xitabən zümzümə etdi: "Hüseyncan! Sənə fəda olum, qəm-qüssə dolu qəmlə şəhid oldun. Fəda olum o teşnə dodağa, kəsilmiş boğazına." "Hüseyncan! Elə bir səfərə getməmisən ki, qayıdacağına ümid edim. Qardaşım. Elə bir yaralı deyilsən ki, sənə əlac edə bilim. Qardaşım, əzizim! Qalx və gör ki, zövcələrin, bacıların və qızların biyabanlarda pərən-pərən düşüb, xeymələrimizə od vurulub, olanımızı qarət ediblər. Hüseynim!"
Əli Əsğər Hərəndi