21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

“72 ŞƏHİD” ifadəsi nə qədər doğrudur? - I hissə
20.11.2017

Kərbəla şəhidlərinin sayı barədə tarix kitablarında dəqiq və yekdil rəy yoxdur. Həm qədim, həm də müasir mənbələrdə şəhidlərin sayı ən müxtəlif ədədlərlə ifadə olunur.

Fərqli fikirlərin səbəbi nədir?


Bunun birinci səbəbi həmin mövzudakı kitabların nüsxələri arasındakı fərqlərdən və rəvayət fərqliliklərindən qaynaqlanır. Belə ki, hətta bir mənbədə verilən ədəd başqa mənbədə göstərilən ədəddən az qala iki dəfə artıq olur. Bəzən eyni bir kitabın müxtəlif səhifələrində ziddiyyətli rəqəmlərə rast gəlirik. Kərbəla şəhidləri arasında eyni adlı, yaxud adları oxşar olan şəxslər çox olduğuna görə, onların seçilib müəyyən edilməsi çətinləşir. Bəzən iki müxtəlif adam kitablarda bir nəfər kimi xatırlanıb, yaxud əksinə. Bəzən isə katiblərin xətası üzündən bircə hərf, yaxud nöqtənin dəyişdirilməsi nəticəsində ciddi fərqlər yaranıb.


İkinci səbəb budur ki, Aşuranın ədalətli şahidlərinin böyük əksəriyyəti həmin gün qətlə yetirilib. Bu böyük faciənin rəvayətçiləri arasında düşmən tərəfdə İmam Hüseynin (ə) əleyhinə döyüşmüş şəxslər mühüm yer tutur.

Və nəhayət, üçüncü səbəb bundan ibarətdir: Aşura faciəsindən sonra şəhidlərin əksər hissəsinin başı bədənindən ayrılaraq Şama aparılmışdı. Bunlardan əlavə, cəsədlər onsuz da qılınc, ox və nizə yaralarından tanınmaz hala düşmüşdü. Bu vəziyyətdə olan cəsədləri tanımaq, onların şəxsiyyətini dəqiq müəyyən etmək ciddi çətinlik törətməyə bilməzdi.


61 nəfərdən 145 nəfərə kimi
Əli Nəzəri Münfərəd "Qisseyi-Kərbəla" kitabında göstərir ki, Kərbəla şəhidlərinin sayı barədə mötəbər mənbələrdə 61, 72, 78, 82, 87 və 145 ədədlərini ifadə edən nəzəriyyələr vardır.
"İmam Hüseynin (ə) həyatı" kitabının müəllifi İmadzadə İsfahani yazır ki, İmam Hüseyn (ə) Məkkədən çıxıb İraq istiqamətində yola düşərkən, 86 nəfər səhabə onu müşayiət edirmiş. Başqa bir rəvayətə görə, onların sayı 82 imiş.


İbn Əsirin "Kamil", Bəlazurinin "Ənsabül-əşraf" kitablarında və Təbəri tarixində Kərbəla şəhidlərinin sayı 72 nəfər göstərilir. Şeyx Müfid "İrşad" kitabında şəhidlərdən 32 nəfərin süvari, 40 nəfərin isə piyada olduğunu xəbər verir. Şeyx Abbas Qummi "Müntəhal-amal" əsərində İmamın qoşununun tərkibi barədə müxtəlif nəzəriyyələrin mövcudluğunu bildirərək, onlardan üçünü diqqətəlayiq hesab edir: 32 süvari və 40 piyada, 32 süvari və 82 piyada, 45 süvari və 100 piyada.


Əllamə Möhsin Əmin Amuli "Əyanüş-şiə" əsərində Bəni-Haşim şəhidlərinin sayını 30, qalan şəhidlərin sayını isə 106 nəfər göstərib. Məşhur tarixçi Məsudi "İsbatül-vəsiyyə" əsərində şəhidlərin 61 nəfər olduğunu yazsa da, "Mürucüz-zəhəb" əsərində onların sayını 87 nəfər göstərir. Salnaməçi Yəqubi İmam Hüseynlə (ə) birgə Kərbəlaya gələnlərin sayının 62 yaxud 72 olduğunu yazır.
Burada Şeyx Abbas Qumminin "Nəfəsül-məhmum" kitabından aşağıdakı sətirləri qeyd etmək yerinə düşər: "Allah-təala dünyanın əvvəlindən sonuna kimi 1000 nəfərin vasitəsilə öz dinini müdafiə etmiş və edəcəkdir. Bunlardan 313 nəfəri Talutun qoşunu, 313 nəfəri Bədr döyüşünün iştirakçıları, 313 nəfəri də İmam Mehdinin (əc) səhabələridir. Qalan 61 nəfəri isə aşura günü İmam Hüseynlə (ə) şəhid oldu".

Şama neçə baş göndərildi?
Bəzi tədqiqatçılar Kərbəla şəhidlərinin sayını öyrənmək üçün Dəməşqə göndərilən kəsik başların sayını əsas tutmağı təklif etmişlər. Lakin burada da qarşıya iki problem çıxır:
Birincisi, Kərbəla şəhidlərinin heç də hamısının başı bədənindən qoparılmamışdı. Deməli, şəhidlərin sayı ilə kəsik başların sayı arasında fərqin olması tamamilə təbiidir.
İkincisi, kəsilmiş başların sayı barədə rəvayətlər də yekdil deyil. Məsələn, Şeyx Müfidin "İrşad" və Şeyx Abbas Qumminin "Müntəhal-amal" kitablarında 72 başın Kufəyə göndərildiyi qeyd olunur. Təbəri də öz tarixində əvvəlcə bu rəqəmi qeyd edir, amma cəmi bir neçə səhifədən sonra hər qəbilənin neçə şəhid başı apardığını sadalayaraq yekun vurur: "Bunların cəmi 70 baş oldu". İbn Səbbağ Maliki "əl-Füsulül-mühimmə" əsərində göndərilən başların 70 olduğunu yazır. Seyyid ibn Tavus "Lühuf" kitabında, Əllamə Məclisi "Biharül-ənvar"da 78 ədədini göstərirlər.