23 Noyabr 2024 - 23
İmam Səccadın talehinə baxanda görürük doğrudan da Allahın yazdığı yazıya heç kim toxuna bilməz. Əgər Kərbəla hadisəsi baş verən zaman İmam Zeynəlabidin də döyüşə getsəydi imamlığın kökü kəsilərdi. Allah-Təala imama elə bir qızdırmalı xəstəlik verdi ki, imam ayağa qalxa bilmədi. Və döyüşə bilmədi. Bütün bu hadisələr baş verdikdən sonra onlar Kufəyə getdilər, ondan sonra Şama (Suriya) getdilər və orada Yezidin qarşısında həmin o xəstə, qızdırmalı insana Allah-Təala elə bir qüvvə, elə bir güc verdi ki, İmam orada olan bütün qonaqların və digər dinlərin nümayəndələrinin qarşısında həqiqəti açıb göstərə bildi. Və orada əməvilərin övladı, Müaviyənin övladı Yezidin iç üzünü açıb onlara göstərə bildi. Nitq söyləyə bildi.
İmam Səccadın həyatı da digər imamların həyatı kimi dözümdən, təvazödən ibarət olub. Tarixə baxanda görürük ki, əməvilərin dövründə islam dini hansı hala gəlib düşdü. Xəlifəlikdə sonra Bəni-üməyyə hakimiyyətə gəldi və bunların dövründə islam dini hansı köklərə gəlib çatdı? Düzdür, İmam Hüseyn (ə) müsibətindən sonra insanların təfəkküründə bir dirçəliş, bir inqilab, bir dəyişiklik baş verdi. İnsanlar dəyişdilər. Həmin bu işi İmam Səccad (ə) davam etdirdi. İmam Səccad əməvilərin bütün əməllərini insanlar arasında açıq-aşkar təbliğ etməyə qorxmadı. Və imam, peyğəmbərin elmini yaymaqla məşqul oldu.
Mənzər Ağayeva