03 Dekabr 2024 - 3
İslamda nümunəvi xanımlar olub. Bu nümunəvi xanımların ən öndə gedənlərindən biri Xanım Zəhradır (ə). Və həzrət Zəhradan sonra isə Xanım Zeynəbdir. Həqiqətən də Xanım Zeynəb (ə) istər xanımlar üçün, istər kişilər üçün, istər möminlər üçün və istərsə də Əhli-beyt yolu gedənlər üçün bir çox mövzularda böyük bir örnək oldu. Xanım Zeynəbin ən böyük örnəklərindən biri xanımın şücaətidir. Həzrətin şücaəti barədə çox danışa bilərik. Xanımın öz həyatında etdiyi şücaətlər, şücaətli çıxışları, şücaətli rəfdarları və s. Xanım Zeynəbin istər Kərbəlada, istər Kərbəladan qabaq və Kərbəladan sonra, və ya Kufədə, Şamda etdiyi çıxışlar və zalımların qarşısında göstərdiyi o şücaətlər bunu göstərdi ki, həqiqətən də həzrət Zəhradan sonra İslam aləminə Zeynəb kimi şücaətli bir xanım gəlməyib.
Xanım Zeynəb sidqi qəlbi ilə Allahına, Əhli-beytə və xüsusilə öz zəmanə imamına sədaqətli idi və buna görə də son ana kimi vilayətdən və zəmanə imamından himayət etdi, onun arxasında durdu. Xanım Zeynəb (ə) öz imamının yolunda öz varından, dövlətindən, sərvətindən keçdi. O, çox varlı bir xanım idi. Onun həyat yoldaşı Abdullah çox sərvətli biri idi və xanım da o sərvətin bir payı idi. Xanım hər zaman öz sərvəti ilə, varı ilə, dövləti ilə bütün kasıbların, yoxsulların, yolda qalmışların və ehtiyac sahiblərinin ehtiyacını ödəyərdi.
İmam Hüseyn (ə) bir zaman Kərbəlaya tərəf hərəkət edəndə xanım bütün varından, dövlətindən keçdi və İmam Hüseynə qoşuldu. Hətta xanım öz yoldaşı ilə evlənəndə əhd-peyman bağlamışdı. Abdullah elçi düşəndə xanım dedi: "Mən səninlə evlənərəm bu şərtlə ki, hər zaman qardaşım Hüseyn səfərə çıxanda mənim onunla getməyimə icazə verəcəksən".
Çünki Kərbəla hadisəsini, Kərbəla müsibətini qabaqcadan anasından və atasından eşitmişdi. Bilirdi ki, belə bir hadisə baş verəcək. Və o günü nəzərə alaraq xanım Abdullah ilə bu şərti bağladı. Abdullah da bu şərti qəbul etdi. İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət edəndə Abdullah xanıma icazə verdi. Xanım Zeynəb də İmam Hüseynlə birgə Kərbəlada çiyin-çiyinə işitirak etdi.
İmam Hüseyin Kərbəlası iki hissədən ibarət idi: Kərbəlanın bir hissəsi İmam Hüseynin rəhbərçiliyi altında oldu. O vaxta qədər ki, imam sağ idi, bütün idarəçilik İmam Hüseynin ixtiyarında idi. Amma İmam Hüseyn şəhid olandan sonra bütün idarəçiliyi Xanım götürdü. Çünki İmam Hüseyn bu işi Xanım Zeynəbə tapşırmışdı. Mədinəyə qayıdana kimi bütün şəhidlərin ailələrini və bütün uşaqları xanım şücaətlə qorudu və onları Mədinədə öz ailələrinə çatdırdı. Dəfələrlə o uşaqları, o ailələri döymək istədikdə Xanım Zeynəb özünü qabağa verib onları qoruyub. Və elə Kərbəlanın ən böyük dərslərindən biri də bu idi ki, Xanım Zeynəbin şücaəti və Xanım Zeynəbin İbn Ziyadın, Yezidin qarşısında o şücaətli çıxışları bunu göstərdi ki, insanın dini, vilayəti, qeyrəti təhlükə altında olarsa insan gərək hər şeyindən keçərək dinini qorumalıdır.
Elnur Xudaverdiyev