21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn (ə) Əbəlfəzlin amannaməsilə bağlı nə buyurdu?
14.06.2018


Həzrət Əbəlfəzl (ə) qardaşı İmam Hüseynə (ə) "mənim ağam" deyirdi. O gün Kərbəla yarandı. Bilirsiniz, Abbasa amannamə göndərmişdilər ki, aman veririk sənə, yaxınlarını götür, çıx səhnədən. İstəyirdilər İmam Hüseyni (ə) hərbi baxımdan bir az da zəiflədələr. Bu söz İmam Hüseynə (ə) də çatdı. İmam qardaşı Əbəlfəzlə yaxınlaşaraq dedi: "Eşitmişəm sənə amannamə gəlib. Əgər getmək istəsən, mən höccətimi boynundan götürürəm, azadsan, gedə bilərsən. Həzrət Əbəlfəzl bildi ki, İmam Hüseyn (ə) bu amannamədən xəbər tutub və ona görə bu sözü deyir, çox utandı, ağladı. Dedi ağam, məni qapından qovursan? -

- Yadındadı evimizə, o gün bəla gələn gecə?
Məni sənə nökər verib, atam Əli ölən gecə...

Aşura günü hamı istəyirdi ki, axır vaxtlarında gözləri İmam Hüseynin (ə) camalı ilə işıqlansın. Hər kəs ki, İmam Hüseyni (ə) səsləyərdi, həzrət gedirdi onun başı üstünə. Bir məqam yetişdi Həzrət Əbəlfəzl (ə) də İmam Hüseyni (ə) səsləyərək dedi:

- Xidmətim olsa bərzəndə dayanma ölürəm
Xeymələrdə əli qoynunda dolanma ölürəm,
Gəl təbibanə başım üstə yubanma ölürəm...

İmam Hüseyn (ə) bu səsi eşitdi və gəlişi çox çətin oldu. Çətinliyi bilirsinizmi nə idi? Kərbəlanı görənlər bilirlər. Orada bir tikili var ki, üstündə yazılıb - bura Abbasın sağ qolunun düşdüyü yerdir. Bir az qabağa gedirsən, yazılıb - bura Abbasın sol qolunun düşdüyü yerdir. İmam Hüseyn (ə) ki, atla gəlirdi Əbəlfəzlə (ə) tərəf. Gəldi, bir yerə çatanda həmin qolları gördü. İndi görün İmam Hüseyn (ə) nə vəziyyətlə gəldi Əbəlfəzin başının üstünə. Gəldi, gördü qardaşının gözləri oxlanıb, qan tökülüb, gözləri görmür, başı isə Kərbəlanın qumları üstündə... İmam Hüseynin (ə) nitqi qurudu, danışa bilmirdi. Götürdü Əbəlfəzin başını qoydu dizinin üstünə. Həzrət Əbəlfəzl (ə) elə bildi düşmənlərdən kimsə rəhmə gəlib, ona görə başını çəkərək yerə saldı. İmam Hüseyn (ə) gördü ki, sanki qardaşım məni tanımadı, dedi, -

- Abbas!
Mən Hüseynəm, qəmi hicrində yanan qardaşınam
Növcavan oğlu ölən, qəddi kaman qardaşınam,
Yaxası xeymədə əllərdə qalan qardaşınam,
Səsini almışam mən, gör nə günə qalmışam mən,
Nəşin üstünə gəlincə yolda qocalmışam mən...

Sərdar Hacıhəsənli