21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Hürrün tövbəsi
23.11.2017

Hürr əvvəlcə Ömər Sədin qoşununda idi, İmam Hüseyn (əleyhis-salam)-ın da yolunu bağlamış, istiqaməti Kərbəlaya tərəf döndərmişdi. Bunların hamısını Yezidin əmrinə tabe olmaqla görürdü. O heç vaxt inanmırdı ki, Ömər Səd İmamı qətlə yetirmək fikrində ola bilər. Amma hadisələrin tədiricən inkişafından Hürr başa düşmüşdü ki, bu qoşun İmam Hüseyn (əleyhis-salam)ı öldürmək barədə qəti qərara gəlmişdir. Buna görə də Ömər Sədlə bir az danışıqdan sonra döyüş meydanından uzaqlaşdı, yavaş-yavaş İmam (əleyhis-salam)-ın xeymələrinə doğru hərəkət etdi. Mühacir onu gördü, elə bildi ki, o, İmam Hüseyn (əleyhis-salam)-ın qoşununa hücum etmək istəyir, ondan soruşdu: –Hücum etmək istəyirsənmi? Lakin cavab eşitmədi, yalnız görürdü ki, Hürrün bədəni lərzəyə düşmüşdür, dedi: –Mən sənin işindən təəccüb edirəm, sənin barəndə şəkkə düşmüşəm. Allaha and olsun, indiyə kimi səni heç vaxt bu halda görməmişdim. Məndən Kufənin ən şücaətli pəhləvanı barədə soruşsaydılar, yalnız sənin adını deyərdim. Bu nə haldır?

Hürr dedi: –Mən elə bu andan etibarən behiştlə cəhənnəmin arasındayam, amma Allaha and olsun ki, hətta məni tikə-tikə doğrayıb odda yandırsalar da, heç nəyi behiştdən üstün saymayacağam. Bunu deyib atını çapdı; əllərini başına qoyan halda İmam Hüseynə (əleyhis-salam) tərəf getdi. Gözlərindən yaş axan halda, zümzümə edirdi: "İlahi, Sənə tərəf qayıdıram, ümidvaram ki, tövbəmi qəbul edəsən. İlahi, mən sənin dostlarının və peyğəmbərinin övladlarının qəlblərini qorxuya salmışam. Bu böyük günahımı bağışla.

Elə ki, gəlib İmam (əleyhis-salam)-ın hüzuruna çatdı, dedi: –Mən həmin şəxsəm ki, sizin Mədinəyə qayıtmağınıza mane oldum, yolunuzu bağladım və sizi çöl-biyabanlarda dolandırdıb, bu diyara gətirdim. Mən heç də təsəvvür etmirdim ki, bu qövm sizə qarşı belə rəftar etsin, sizin təklifinizi rədd etsin və sizə qarşı hörmətsizlik etsinlər. Allaha and olsun, əgər bilsəydim ki, onlar işi bu mərhələyə gətirib çıxaracaqlar, heç vaxt bu işə əl atmazdım. İndi isə öz əməlimdən peşman olmuşam; Allahın dərgahına tövbə edirəm, sənin yolunda canımdan keçməyə, gözün önündə şəhadət feyzinə çatmağa hazıram. Görəsən mənim tövbəm qəbul olunacaqmı?

İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Bəli, mehriban Allah tövbələri qəbul edəndir, atdan düş.

Hürr dedi: –Əgər mən sizin yolunuzda at üstündə vuruşsam, piyada vuruşmaqdan daha yaxşıdır, baxmayaraq ki axırda işim atdan enməklə nəticələnəcək.

İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Necə istəyirsənsə, o cür də et. Allah öz rəhmətini sənə göndərsin.

Hürr İmam Hüseyn (əleyhis-salam)-ın gözləri önündə üzünü kufəlilərə tutdu, onlara nəsihət edib danladı. Kufənin namərdləri onun sözlərini eşitməyə tab gətirmədilər, ona ox atdılar. Hürr İmam (əleyhis-salam)-ın yanına qayıtdı.

Mühəddis Cəzairi "Ənvari-nömaniyyə kitabında Hürr ibni Yəzidin qəziyyəsini nəql edir: Şah İsmail Səfəvi Kərbəlaya gəldiyi vaxt eşidir ki, (Kərbəlada Yezid qoşunundan üz döndərib İmam Hüseyn Əleyhissalamın yoldaşlarına qoşulan) Hürrə tənə edib, onun haqqında pis danışanlar var. Onun Allah-Tərəfindən bağışlanıb, sevimli bəndə olmasını sübut etmək üçün Şah İsmail qəbrin açılmasını əmr edir. Qəbri açıb, cənazənin təravətli qaldığına şahid olurlar. Sanki, yenicə şəhid olmuş Hürrün başında Həzrət Hüseyn (əleyhissalam)-ın dəsmalı bağlanmışdı (Tarixə görə Aşura günü bu dəsmalla İmam Hürrün yarasını bağlamışdı). Şah İsmail bu dəsmalı öz kəfəninə qoymaq üçün açdırır. Qan axdığını görüb, yaranı başqa dəsmalla bağladılar, amma qan dayanmadığından həmin dəsmalla bağlamağa məcbur oldular. Hadisə Hürrün haqqındakı pis fikirləri aradan götürdü. Şah İsmail burada məqbərə tikdirib, xidmətçi təyin etdi.


Mənbə: "Mərsiyyələr, şeirlər, xütbələr" kitabı