03 Dekabr 2024 - 3
Həzrət Əli (ə) Xanım Zəhra (s.ə) dünyada olduğu müddətdə digər bir qadınla evlənməmişdi. Yalnız Xanım Zəhra (s.ə) dünyadan köçdükdən sonra o həzrət qardaşı Əqlin məsləhət və təkidi ilə ikinci ailə həyatı qurur. İmam qardaşından istəyir ki, onun üçün həm döyüşlərdə məharətli, həm də Allaha möhkəm etiqadı olan bir tayfadan qız seçsin. Əqil imama tanınmış qəbilədən pakizə və həyalı bir qadını tanıtdırdı. O, Fatimə Kəlabiyyə bint Hizam ibn Xalid idi.
Sonradan həzrət Əbəlfəzl Abbasla yanaşı digər 3 oğlunu Kərbəlada şəhid verən bu anaya Ümmul-Bənin ləqəbi verildi. İmam Əli (ə) belə bir qadınla evləndi və bu evliliyin səmərəsi Kərbəlada İmam Hüseynin qiyamı yolunda şəhid olan həzrət Əbəlfəzl Abbas və onun 3 qardaşı (Abdullah, Cəfər və Osman) oldu.
Ummul -Bəninin igid oğlu Həzrət Əbəlfəzl Abbas Kərbəlada göstərdiyi qəhrəmanlığa fədakarlıq və vəfadarlığa görə təkcə şiə dünyasında deyil, bütün İslam dünyasında, həmçinin o həzrəti tanıyanlar üçün dillər əzbəri oldu.
Ummul-Bəninin əsl adı Fatimə binti Hizamdır. O Bəni-Kilab qəbiləsindəndir. İbn Ziyadın yanında müəyyən qədər sözü keçən Ummul-Bəninin qardaşı Abdullah ibn Hizam ondan bacısı balaları üçün aman istəyir. Bu fürsətdən istifadə edən hiyləgər İbn Ziyad bu təklifi qəbul edir və öz katibinə dərhal amannamə yazmağı əmr edir. Sonra məktubu Şimrə verir və Abdullahı da ona qoşub Kərbəlaya göndərir.
Məktub əlində olan Şimr irəli çıxıb qışqırır:
Mənim bacım balaları hardadır?! O bir neçə dəfə səslənir. Lakin həzrət Əbəlfəz cavab vermir. Bunu müşahidə edən İmam Hüseyn (ə) həzrət Abbasdan cavab verməyi və onun yanına getməyi istəyir. Həzrət Abbas və digər üç qardaşı önə çıxıb Şimrin qarşısına getdilər və o həzrət buyurdu: Nə lazımdır?
Şimr: Siz mənim bacım balaları sayılırsınız. Bir azdan savaş başlayacaq. Hüseynin (ə) heç bir əsgəri sağ qalmayacaq. Sizin üçün amannamə gətirmişəm. Bu şərtlə ki, Hüseyndən (ə) əl çəkib, dəstəsindən ayrılasız.
Həzrəti Abbas buyurdu: Ələriniz kəsilsin! Allahın lənəti sənə və amannamənə olsun! Ey Allah düşməni sən deyirsən biz Hüseyndən ayrılıb məlun və əsli-kökü bilinməyənlərə boyun əyək?! Sən bizə amannamə gətirmisən amma Allah Rəsulunun (s) övladına yox?! Allahın lənəti sənə və amannamənə olsun!
Tarixi mənbələrdə deyilir ki, vəziyyəti belə görən Abdullah ibn Hizam bacısı balalarını ələ almaq üçün bir nökəri Əbəlfəz ağanın yanına göndərir. Nökər gəlib Ummul-Bəni övladlarına dayılarının salamını və amannaməni çatdırır. Cavabında həzrət Abbas buyurur:
Allahın bizə verdiyi aman sizin bizə verdiyiniz amandan daha üstündür!
Beləcə həzrət Abbas və Ummul-Bəninin digər 3 övladı İmam Hüseyn (ə) və digər Kərbəla şəhidləri ilə uca şəhadət məqamını fəth etdilər. Həzrət Abbas rəzil insanların amannaməsi ilə bir müddətlik qısa ömür sürməkdənsə, Allah Rəsulunun (s) nəvəsi, Zəhra (s) övladı, Allahın yer üzündə olan höccəti, zəmanə imamı qarşısında şərəflə canını tapşırmağı daha üstün tutdu.
Bu gün həzrət Abbasın məzarı Kərbəlada İmam Hüseynin məzarı kənarında hər gün minlərlə zəvvarın amalına çevrilib. Amma onların düşmənləri tarixin lənətinə tuş gəlib və daima lənətlənirlər. Həmçinin onların axirətdə əbədi əzabı qaçılmazdır.
İslaninSesi.info