21 Noyabr 2024 - 21
Həzrət İmam Hüseynin (ə) Əhli-beyt məktəbində, yəni Əhli-beyti sevənlərin gözündə özünəməxsus bir dəyəri var. Belə ki, İmam Hüseyn həzrət Peyğəmbərin nəvəsi, eyni zamanda həzrət Əlinin (ə) və Xanım Zəhranın (ə) ikinci oğludur. Nəsəb baxımından desək, bunlardan əlavə İmam Hüseyn, həm də həzrət İslam peyğəmbərinin özünün buyurduğuna əsasən cənnət cavanlarının da ağasıdır, Qurani-kərimin təthir ayəsində də mədh edilmiş Əhli-beytin bir üzvüdür. İmam Hüseyni vəsf etməyə davam etsək, bu barədə həzrət Peyğəmbərin (s), İmam Əli və həzrət Fatimənin dilindən nəql olunmuş çoxlu sayda hədislərə rast gələrik.
Amma istərdim ki, İmam Hüseynin özünün qazandığı bir dəyərə işarə edək. O da budur ki, İmam hər zaman imamət və vilayət yolunda sabitqədəmlik nümayiş etdirərək əvvəl atasının, sonra qardaşının dövründə və daha sonra öz imamət dövründə çalışdı ki, Allah istəyən kimi addım atsın. Beləliklə Allahın istədiyi tərzdə yaşayaraq özünə dəyər qazandı. O öz isməti, şücaəti, qeyrəti və mərifəti ilə Allah yanında elə bir dərəcəyə çatdı ki, imamət məqamından əlavə Allaha təvəkkül məqamına da nail oldu, həqiqi mənada Allahı sevmək məqamına yiyələndi.
Biz bu məqamın ən ali dərəcədə təzahürünü Kərbəla hadisəsində gördük. İmam Hüseyn buyurdu: "Ey qılınclar, əgər mənim ölümümlə babamın dini qorunacaqsa, o zaman vurun boynumu". Yəni bununla həzrət öz bəndəçiliyinin son mərhələsini göstərmiş oldu. Bu da bir insan üçün ən ali dəyərdir ki, Allahın bəndəsi olsun, bu dünyada Allahın razılığını qazansın və qiyamət günü Allahın nəzərdə tutduğu məqama yetişmiş olsun.
Qurban Murquzov