23 Noyabr 2024 - 23
Əgər Aşura hadisəsi olmasa idi, bu gün İslam dinindən əsər qalmazdı. Bu fikir həqiqətdir ki, həzrət Məhəmmədə (s) Allah tərəfindən nazil edilmiş din İmam Hüseynin (ə) fədakarlığı nəticəsində davamlı və əbədiyaşar oldu. (Erfan)
Allah-Taala qüdsi hədisdə həzrət Peyğəmbərə (s) belə xitab edir: “Ey Məhəmməd! Mən Hüseyni vəhyin gözətçisi təyin etmişəm. Onu şəhadətlə əziz və dəyərli etmişəm”.
“Əhzab” surəsinin 33-cü ayəsində Allah-Taala buyurur: “Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”.
Əhli-sünnə alimləri yazır: “İslam ümməti bu əqidədədir ki, bu ayə Peyğəmbərin (s), həzrət Fatimənin, İmam Əlinin, İmam Həsənin və İmam Hüseynin tərifi barədə nazil olmuşdur”.
Ümmi-Sələmə nəql edir: “Bu ayə mənim evimdə Peyğəmbərə nazil olmuşdu. Peyğəmbər də onun Əliyə, Fatiməyə, Həsənə və Hüseynə aid olduğunu söyləmişdi. Mən soruşdum ki, bəs mən də onlardan biriyəm? Buyurdu: “Sən xeyir yolunda və özünün xüsusi məqamında qərar tutursan. Ancaq Əhli-beytdən deyilsən”.
Başqa bir ayədə oxuyuruq: “Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla birlikdədirlər. Onlar gözəl dostlardır”. (“Nisa” 69). Həzrət Peyğəmbər (s) buyurur: “Bu ayədə peyğəmbər dedikdə məqsəd mənəm. "Siddiq" dedikdə qardaşım Əli və ümumi şəhidlər dedikdə Həmzə, saleh dedikdə qızım Fatimə və övladları Həsən və Hüseyn nəzərdə tutulur”.
Allah-Taala Quranda həzrət Peyğəmbərə (s) belə göstəriş verir: "De: "Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm"". (“Şura” 23). Bütün təfsirçilər qeyd edir ki, burada adı çəkilən qohumlar Əli, Fatimə, İmam Həsən və İmam Hüseyndir.
Həzrət Əli (ə) və Fatimə (ə) Peyğəmbərin (s) zamanında nəzirlərini yerinə yetirmək üçün üç gün oruc tutmuşdular. İftar zamanı hər üç günün üçündə də qapılarını yoxsul insan döyür, onlardan yemək istəyir və hər dəfə də yeməklərini yoxsula verirlər. Peyğəmbər (s) onların rənginin saralmasının səbəbini soruşduqda bu ayə nazil olur: “Və onlar yeməklərini, özləri (nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət səbəbilə fəqirə, yetimə və əsirə verərlər”. (“İnsan” 8). Bu yolla Allah onları mədh edir. Çünki onların yeməyə ehtiyacı olduğu halda onu Allah yolunda hədiyyə etmişdilər.
Deyerler.org