03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

İmam Hüseyn kimlər üçün günahdan paklanma vasitəsidir?
30.11.2018

Tarix boyu adətən bütün qəhrəmanlarla bağlı yanlış nəzərlər meydana gəlmiş və yayılmağa başlamışdır. İmam Hüseyn (ə) Aşura qiyamı ilə elə qəhrəmanlıq etdi ki, heç bir igid onun kimi ola bilməz.

İmamın hədəfi və qiyamı Allah yolunda idi və Peyğəmbər (s) sünnəsini dirçəltməyə, cahiliyyəti aradan aparmağa cəhd edirdi. Lakin bəzi insanlar onun bu qəhrəmanlığını yanlış dəyərləndirir və təhrifyönümlü nəzərlər irəli sürürdülər ki, tarix boyu bu cür nəzərlərlə çox rast gəlinmişdir.

Bu nəzərlərdən biri imamı həddindən artıq güclü göstərmək olmuşdur. İmamın etmədiyi əməllər ona nisbət verilmişdir. Məsələn “İsrari-şühəda” kitabında yazılır ki, Kərbəlada Ömər ibni Sədin ordusu 1 milyon 600 min nəfər idi və İmam Hüseyn təkbaşına onların 300 min nəfərini qətlə yetirmişdir.

Yaxud "Rövzətüş-şühəda" kitabında iddia edilir ki, Kərbəlada imama yardım edən dostlardan biri də cin tayfasından Zəfər adlı cin idi.

Başqa bir dəstə isə iddia edir ki, Kərbəla hadisəsinə ağlamaq yox, sevinmək lazımdır. Çünki İmam Hüseyn İslam ümməti üçün Məsihdir. O da xristianların günahlarını yuyan Məsih kimi müsəlmanların günahlarını yumaq üçün şəhid olmuşdur.

Şəhid Mürtəza Mütəhhəri bu nəzəri tənqid edərək deyir: “Əba Abdullah (ə) günahla mübarizə aparmaq üçün qiyam etmişdir. Bu, düz deyildir ki, İmam Hüseyn hamı üçün günahdan paklanma qapısı olsun. Bütün il boyu günah edəsiniz və Məhərrəm ayı gələn zaman göz yaşlarınız ilə bu günahları yuyasınız?! Həmçinin kim olduğunuz da mühüm olmasın, istər İbni Ziyad olasınız, istərsə də Ömər ibni Səd?!”.

Alimin fikrincə, bu nəzər kökündən yanlışdır. Günah əhli göz yaşı tökməklə günahdan paklanması doğru deyil. Bəli, əlbəttə, hədislərimiz buyurur ki, imam üçün göz yaşı tökmək günahları yuyar. Ancaq bu əməl xalis tövbə edənlərə və dini vacibatlarını yerinə yetirən möminlərə aid edilir, nəinki Əhl-Beytə laqeyd olan, hətta qəlbində düşmənçiliyi olan və əhkamları rədd edən insanlara.

İmam öz qiyamı ilə insanları qəflətdən ayıltmağa çalışmışdır. Onlara demək istəmişdir ki, ancaq iman və saleh əməl ilə Allaha yaxınlaşmaq olar. Məkr, hiylə, insanlara zülm və Quranı təhrif etmək heç də insanın aqibətini xeyirli etməyəcəkdir.

İmam Hüseyn o zaman günahdan paklanma qapısı olar ki, insan xalis və səmimi tövbə etsin.

Əgər İmam Hüseyn (ə) qiyamının həqiqi ardıcıllarından olmaq istəyiriksə, gərək imamın əxlaqına, imanına, əqidə və yoluna malik olaq. Ancaq o zaman imam əzasında tökdüyümüz göz yaşlarının faydası olacaqdır.


Deyerler.org