23 Noyabr 2024 - 23
Allah bizə lütf edib ki, biz Əhli-beyti tanımışıq və əlimiz onlara çatıb. Peyğəmbər buyurur: "Kim mənim övladım Hüseyni şəhid olandan sonra ziyarət etsə, Allah-Taala ona qəbul olunmuş 90 həcc və 90 ümrə savabı yazar".
Harada var bu ziyarətdən? Bu qədər savab yazmaqda Allahın məqsədi nədir? Bir ziyarətə bu qədər savab yazmaqda məqsəd nədir? İslam alimlərindən biri buna yaxşı cavab verir, buyurur: “Biz dən tökürük ki, göyərçinlər, sərçələr yığışsın. Əgər bizim göyərçin və sərçələrlə bu məşğuliyyətimiz bir müddət davam etsə, daha əlimizi açıb işarə edəndə də gələcəklər. Hətta dən tökməsək belə”.
Allah-Taala ilkin mərhələdə istəyir ki, bizi Kərbəlaya meyilləndirsin. Birinci yol budur ki, gərək bunun üçün savablar vəd etsin. Əgər Kərbəlaya gedib çıxa bilsək, yaxud, hətta ora getməmiş Əhli-Beytə eşqimiz yaransa, daha o savablar ehtiyac qalmır.
Tarix buna şahiddir, ya yox? Bəli, şahiddir. Mütəvvəkkil Abbasinin zamanı... Əgər Kərbəlaya gedənlərin hamısı savaba görə getsə idilər, bir dəfə ziyarət etmələri bəs edərdi. Çünki elə ki Kərbəla yolları bağlandı deyərdilər, Allah, sən demisən ki, canınızı təhlükəyə atmayın, Kərbəlanın da yolları bağlı və təhlükəlidir. Mən də bu səbəbdən getmirəm, çünki getsəm, canımı təhlükəyə atmış olaram.
Amma onların eşqi bilirsinizmi nə həddə idi? Tarixlər yazır, bir gün Abbasi xəlifəsi Mütəvəkkil əmr etdi ki, kim Kərbəlaya getmək istəyirsə, bir əlindən keçməlidir. Həmin illərdə xilafət əsgərləri bir qadını Kərbəla yolunda saxladılar. Ona bildirdilər ki, əgər Kərbəlaya getmək istəyirsə, bir əlindən keçməlidir. Qadın sağ əlini uzatdı. Əsgərlər dedilər sağ əlin lazımın olar, solu ver. Qadın kəsilmiş sol qolunu qaldırıb bildirdi ki, bunu keçən il kəsmisiniz. Buradan görürük ki, söhbət savabdan, 90 həcc, 90 ümrədən getmir.
Ağadadaş Müslümov